KÖŞƏ

Sevinc Azadi

Paşinyan özü deyir, özü eşidir...

29 mart 2019 11:00
1878

İşğalçı ölkənin regional təcridi dərinləşir

Ötən əsrin 90-cı illərində torpaqlarının 20 faizi işğal edilən, humanitar fəlakətlə üz-üzə qalan Azərbaycan bu gün Ermənistanı regionda təcrid vəziyyətinə salaraq, həyata keçirdiyi regional və qlobal iqtisadi layihələrdən kənarda saxlayaraq, işğalçı dövlətin ağır sosial-iqtisadi böhran keçirməsinə, siyasi səhnədə ardıcıl məğlubiyyətlərlə üzləşməsinə, beynəlxalq əlaqələrində uğursuzluq yaşamasına nail olub. Təbiidir ki, dünya dövlətləri regionda daxili problemləri ilə mübarizə apara bilməyən Ermənistandansa həyata keçirdiyi layihələrlə beynəlxalq arenada özündən dəfələrlə söz etdirən Azərbaycanla əlaqələri inkişaf etdirməkdə, iqtisadi əməkdaşlıq münasibətlərini daha da genişləndirməkdə maraqlıdır. Ona görə də hazırda Ermənistan maliyyə yardımı üçün müraciət etdiyi ölkə və təşkilatlardan rədd cavabı almaqdadır. Vəziyyət o həddə çatıb ki, işğalçı ölkənin baş naziri Nikol Paşinyan israrlı xahişləri müqabilində bir dövlət üçün olduqca kiçik sayıla biləcək məbləğlə yola salınır.

Hər ötən gün Ermənistanda yeni hakimiyyətdən xalqın narazılığı daha da artmaqdadır. Erməni xalqı artıq anlayır ki, Nikol Paşinyan vəd etdiyi yüksək rifahı, demokratiyanı, inkişaf etmiş cəmiyyəti təmin etmək iqtidarında deyil. Paşinyan hakimiyyətdə olduğu müddət ərzində heç nəyə nail ola bilməyib. Sadəcə meydan, küçə ritorikasını davam etdirib ki, bu da əlbəttə, onsuz da problemlər içində çabalayan erməni xalqını daha çətin duruma salıb. Paşinyan sanki hələ də özünü meydanlarda hiss edir, populist bəyanatlarını davam etdirir, boş vədlər verir, iqtisadi inqilabdan danışır.

Respublika partiyasının mətbuat katibi Eduard Şarmazanov hesab edir ki, ölkədə hər şey qarışıb: “Əmək haqqının yüksəldilməsi və iş yerləri yaratmaq vəd edilirdi, amma optimallaşdırma və iş yerlərinin ixtisarı baş verdi. Sevgi və həmrəylik vəd edirlər, ancaq nifrət yayırlar. Vəd edirlər ki, qisas olmayacaq, amma siyasi həbslər həyata keçirirlər. Bu sıranı uzun müddət davam etdirmək olar. Qanunun aliliyini vəd edirlər, amma öz ölkəsinin polis məntəqəsini ələ keçirmək üçün terror aktlarında iştirak edənləri amnistiyaya saldılar. Onlar azad şəkildə Ermənistanda siyasi fəaliyyətlə məşğul ola bilirlər. Bu, absurddur”.

Xatırladaq ki, Paşinyan yenidən ölkədə iqtisadi inqilab elan edib. O deyib ki, ölkədə siyasi inqilab baş tutdu, indi isə iqtisadi inqilabın zamanıdır. Əslində, bu fikri Paşinyan elə 10 aydır ki, deyir, nəticə isə yoxdur. Ermənistan mediası da bu proqramı kəskin tənqid edir. Özləri qeyd edirlər ki, hansı resursla, maliyyə və investisiya ilə iqtisadi inqilab etmək mümkündür? Ermənilər açıq qeyd edirlər ki, yaranan vəziyyət Azərbaycanın bu ölkəyə qarşı tətbiq etdiyi iqtisadi və nəqliyyat blokadasının təsirindən yaranıb. Belə olduğu təqdirdə, fikirlər səsləndirilir ki, Dağlıq Qarabağ danışıqları ətrafında yeni situasiya yaranıb. Aydındır ki, Paşinyan 5 illik iqtisadi inqilabi dəyişikliyə nail olmaq üçün Azərbaycan torpaqlarını işğaldan azad etməlidir. Əks təqdirdə, bu proqramı yerinə yetirmək mümkün deyil. Erməni mediası bu reallığı anladığı üçün Nikol Paşinyanın ölkə daxilində əcinə ovuna çıxdığını yazır.

Nikol Paşinyan hökumətini biabır edən iqtisadi rəqəmlərin açıqlanması daha acınacaqlı mənzərə yaradır. Ermənistan Milli Statistika Komitəsinin məlumatlarına əsasən, 2019-cu ilin yanvarında ixrac 2018-ci ilin yanvarı ilə müqayisədə 15,8 faiz azalıb. İdxal isə 3,3 faiz azalıb. Bununla da ticarət dövriyyəsində ixrac və idxal arasındakı fərq daha da artıb. Yanvarın sonuna olan məlumata əsasən, Ermənistandan ixracın həcmi 145,4 milyon, idxal isə 317,3 milyon dollar təşkil edib.