29 oktyabr 2020 18:04
3780

Payız, səndən bir ricam var…

Bu gün  hər birimizin fikri-zikri  müzəffər Azərbaycan Ordusunun  ön cəbhələrdə döyüşən əsgərlərinin yanındadır. Hər birimizin Qələbə arzusuyla çırpınan  ürəyi sanki  onlarla yanaşı addımlayır.  Payız fəslinin   bu  mülayim günlərində hamımız  Allaha dua edirik  ki, havalar xoş keçsin, əsgərlərimizin düşmənə tuşladığı  silahların dəmir tətiyinə toxunan barmaqları üşüməsin!.. “İki sahil”in oxucularına təqdim etdiyimiz bu şeir də Milli Ordumuzun əsgər və zabitlərinə Azərbaycan xalqının  dilədiyi duaların əks-sədasıdır. Belə bir vaxtda sosial şəbəkədə paylaşılan, ekranda- efirdə  səsləndirilən  bu  kövrək  misraların müəllifinin qadın-ana  olması da təsadüfi  deyil. Çünki  Qarabağ  bölgəsində  payız mövsümündə  havaların soyuması  ilk  növbədə əsgər analarını və  bütün Azərbaycan qadınlarını nərahat edir...  Qoy ağbirçək nənələrin,  mərd oğullar böyüdən anaların, nişanlı qızların,  qardaş yolu gözləyən bacıların  Vətən uğrunda  savaşan əsgər və zabitlərimiz barədə  uca Tanrının dərgahına elədiyi  bütün xeyir-dualar müstəcəb olsun!

İxtisasca müəllim olan Ülviyyə Eyyubovanın həmin şeirini təqdim edirik:

Payız, səndən bir ricam var,

Çox tələsmə...

Qoy geciksin boranlı qar!

Vətənimin yad əllərdə hələ əsir torpaqları,

Döyüşlərdə əsgəri var...

Tanrı olsun onlara yar.

 

Sən həlim ol, asta tərpən,

Leysan olub yağma birdən.

Bir az bəslə buludları ətəyində

Üşüməsin əsgərimin əli silah tətiyində.

 

Xəsislik et, gözəl payız,

Torpağıma su qatanda...

Yüngül olsun əsgərimin çəkmələri

Zirvələrə can atanda.

Təki  Vətən sağ olsun!

Ermənistanın dinc əhalimizə qarşı yönəlmiş hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun əks-hücumu ilə başlayan Vətən müharibəsində şəhid olan kapitan Ceyhun Aydın oğlu Həsənovun doğum günüdür. Bu gün yurdumuzun  arxa-dayağı  olan, "Vətən sağ olsun” deyərək  canından keçən  Milli Ordumuzun  qəhrəman  oğullarının hər birinin  xatirəsi  bizə əzizdir. Ceyhun  Həsənov yaşasaydı, bu gün  bahar ömrünün 35 – ci payızını  qeyd edəcəkdi.

1985-ci ilin oktyabrın 29-da Tovuz rayonunun Çeşməli kəndində  dünyaya göz açan  Ceyhun  hələ uşaqkən ailəsi Bakıya köçmüşdü.  Əvvəlcə  o,  C. Naxçıvanski adına hərbi liseyi bitirmiş, sonra Bakı  Ali  Birləşmiş Komandirlər Məktəbində təhsil almışdı.  Doğma Vətəni bütün varlığı ilə sevən kapitan Ceyhun Həsənov  Milli Ordumuzun zabiti kimi Qarabağı azad etmək arzusu ilə yaşayırdı. Elə bu arzu  ilə də son vaxtlar  hərbi xidmətini ön cəbhədə davam etdirirdi. Bu dünyada iki əmanətinin  - ekiz övladları Cahid və Cavidanın  bir yaşını yenicə qeyd edib, qulluq etdiyi hərbi hissəyə dönmüşdü.

Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş Ceyhun kimi  oğulların əziz xatirəsini yaşatmaq, ruhlarına dualar oxumaq hər azərbaycanlının vətəndaşlıq borcudur. “Sevərək yaşayanlar, sevilərək ölənlər”in  adları, xatirələri yaddaşlarda əbədi yaşayacaq.  Yurda sevgi, şanlı ordumuzun əsgər və zabitlərinə sevgidir. Müqəddəs Vətənimizin  işğal olunmuş  ərazilərini azad etmək  isə ən şərəfli vəzifədir.  Bu gün  Milli Ordumuzun əsgər və zabitləri  bu şərəfli vəzifənin öhdəsindən  layiqincə gəlirlər. Torpaqlarımız  işğaldan kəndbəkənd, şəhərbəşəhər azad  edildikcə şəhidlərimizin ruhları  da şad olur:  “Gözün aydın, Vətən!” deyir.                                                           

N.Muğanlı, “İki sahil”