15 iyul 2020 17:27
1032

Paytaxt sakini: Kütləvilik virusun yayım sürətini artıra bilər

“Azərbaycan dünyanı ağuşuna alan pandemiya ilə mübarizədə yeni uğur modeli yaratmışdır. Dövlətimiz hər zaman öz vətəndaşının sağlamlığını düşünüb. Pandemiya dönəmində çox qısa bir zamanda yeni modul tipli xəstəxanaların tikilməsi və tibbi maska istehsal edən zavodların açılması ölkə rəhbərliyinin daim vətəndaşların sağlamlığını düşünməsinin bariz nümunəsidir. Lakin burada biz öz vətəndaşlıq borcumuzu yerinə yetirərək dövlətimizə dəstək olmalıyıq. İyulun 14-dən axşam saatlarında orduya dəstək məqsədi ilə keçirilən yürüş zamanı məsafənin gözlənməməsi, maskalardan istifadə olunmaması, insanlar arasında sıx təmaslar adi hal oldu. Bir müddət sonra biz bu kütləviliyin acı nəticələrini görəcəyik və yaşayacağıq. Çox böyük ehtimalla, yoluxma dinamikasında artım müşahidə olunacaq”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında paytaxt sakini Mirəli Hüseynli deyib.

Həmsöhbətimizin qənaətinə görə, əgər gənclər orduya getmək istəyirlərsə, ilk öncə öz sağlamlıqlarını düşünməlidirlər. Orduya sağlam gənclər getməlidir. Çox istərdim ki, virusa yoluxma sayında gözlənilən artım sovuşsun. Əhalimiz artıq bunu başa düşüb ki, nə qədər ki, pandemiya davam edir, maska həyatımızın bir hissəsidir. Amma vətəndaşların kütləvi yürüşü zamanı müşahidəmiz bunun əksini göstərdi. COVID-19 pandemiyasının hələ məhdudlaşdırılmadığı, yoluxma hallarının yüksək olduğu bir vaxtda aksiyaların keçirilməsi, minlərlə insanın bu aksiyalara qoşulması virusun daha geniş yayılması və insanların həyatını təhlükə qarşısına qoyması üçün əlverişli şərait yaratdı. TƏBİB-in əhalinin sağlamlığının qorunması məqsədilə tərtib etdiyi qaydalar əhaliyə bir daha izah edilməlidir. İnsanların kütləvi şəkildə dəfn mərasimlərində iştirakı və həmin yerlərdə hərbçilər, zabitlər ilə sıx təmasları ordu üçün də ciddi təhlükə yaradır. Bütün bunlara yol verməmək üçün vətəndaşlarımız kütləvi aksiyalardan, ziyarətlərdən, dəfn mərasimlərində iştirakdan çəkinməlidir. Başa düşürəm, bu, ümumxalq itkisidir. Amma o qaydaları poza-poza xalqımızı, ordumuzu təhlükəyə atmaq düzgün deyil. Vətəndaşlarımız daha məsuliyyətli davranmaqla, karantin rejiminə riayət etməklə, sabitliyi və təhlükəsizliyi qorumaqla həm xəstəliklə mübarizəyə, həm də Milli Ordumuzun, hərbçilərimizin öz işlərini lazımi şəkildə yerinə yetirmələrinə mühüm töhfələrini vermiş olacaqlar”.

Nigar Orucova, “İki sahil”