25 sentyabr 2020 18:22
805

Paytaxtda çalışanların əməkhaqları artıb

2020-ci ilin yanvar-avqust aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş  malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz azalaraq 19,7 milyard manat təşkil edib. Sənaye məhsulunun 74,3 faizi mədənçıxarma, 22,8 faizi emal, 2,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal edilib. Sənayedə qeyri-dövlət sektorunun payı 78,4 faiz olunub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 85,7 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 14,3 faiz təşkil  edib.                                            

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 sentyabr 2020-ci il vəziyyətinə 311,4 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 85 milyon manat məbləğində digər məhsullar da  mövcud olub.

Cari ilin 8 ayında  tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 65,1 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,1 faizini əsaslı təmir, 5,7 faizini cari təmir, 22,1  faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 86,4 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.      

Bu ilin yanvar-avqust aylarında paytaxtın ticarət dövriyyəsinin həcmi  2019-cu ilin müvafiq dövrü ilə müqayisədə  0,9 faiz azalaraq 13 milyard 472,8 milyon manat olub. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz artaraq 6 milyard 613,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 6,3 faiz azalaraq 6 milyard 859,1 milyon manata bərabər olub. İstehlak məhsullarının 31 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 22,5 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

2020-ci ilin yanvar-avqust aylarında, həmçinin ictimai iaşə dövriyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 57,3 faiz azalaraq 288,4 milyon manat olub. Özəl sektorda ictimai iaşə dövriyyəsinin 61,3 faizi hüquqi şəxs statuslu müəssisələrin, 38,7 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 41,4 faiz azalaraq 179,3 milyon manat olub. Hesabat dövründə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 26,9 faiz azalaraq 2 milyard 496,7 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 1milyard 628,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 65,2 faizini təşkil edib.

Muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqına gəlincə, 2020-ci ilin yanvar-iyul aylarında bu göstərici 2019-cu ilin müvafiq dövrünə nisbətən 15,7 faiz artaraq 948,5 manat təşkil edib.     

Bakı Şəhər Statistika İdarəsi