05 avqust 2020 16:47
1348

Paytaxtdakı çimərliklər fəaliyyətə başlayıb - FOTO

Xəbər verildiyi kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən avqustun 5-dən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində çimərliklərin istifadəsinə icazə verilib.

Bununla əlaqədar Bakı Şəhər və Rayon İcra Hakimiyyətlərinin struktur qurumlarının nümayəndələrindən təşkil edilmiş qruplar tərəfindən paytaxtın rayonlarındakı bütün ictimai və özəl çimərliklərə, istirahət mərkəzlərinə baxışlar keçirilib, çimərliklərə şəhər və rayon icra qurumlarının nümayəndələrindən məsul şəxslər təhkim edilib. Hər bir çimərlik operatoru tərəfindən də cavabdeh ayrılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildiriblər ki, karantin şəraiti nəzərə alınaraq çimərliklərdə maarifləndirici lövhələr quraşdırılıb, işçi heyət və könüllülər təlimatlandırılıb. Çimərliklərdə işarələnmə, nişanlanma, lentlərlə məhdudlaşdırma aparılıb. İşçi heyət tərəfindən səsgücləndiricilər vasitəsilə vətəndaşlara sosial məsafənin saxlanılması, dezinfeksiya vasitələrindən istifadə edilməsi, təmizliyə riayət olunması ilə bağlı mütəmadi xəbərdarlıq edilir.

Həmçinin ərazilərin dezinfeksiyası və tullantıların daşınması məsələləri həll edilib. Kommunal xidmətlərin işçiləri xüsusi rejimdə çalışaraq tullantıların vaxtında daşınmasını təmin edəcəklər. Hər bir çimərlikdə tullantıların və tibbi maskaların atılması üçün ayrı-ayrı konteynerlər qoyulub, dezinfeksiyaedici məhlullar olan guşələr yaradılıb.

Yay mövsümü başa çatanadək çimərliklərin fəaliyyəti Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəlaqə Hallar Nazirliyi tərəfindən ciddi nəzarətdə saxlanacaq. Burada görülən bütün işlərin əsas məqsədi vətəndaşlarımızı xəstəliyə yoluxmaqdan qorumaqdır. Buna görə də icra qurumlarının nümayəndələri tərəfindən bütün lazımı tədbirləri görülür. Lakin ən əsas məsələ vətəndaşlarımızın üzərinə düşür. Onlar diqqətli olmalı, özlərini və ailə üzvlərini pandemiyadan qorumaq üçün mövcud qaydalara ciddi riayət etməlidirlər.

Qeyd edək ki, keçən il paytaxt sakinlərinin, eləcə də şəhərimizin çoxsaylı qonaqlarının istək və arzuları, “İDEA” İctimai Birliyinə müraciətləri nəzərə alınaraq, Birliyin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhərinin dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzləri və digər çimərliklərə alternativ olaraq 6 yerdə - “Şıx” çimərlik ərazisində, Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağı qəsəbələrində hər cür şəraiti olan pulsuz ictimai çimərliklər yaradılıb.