10 oktyabr 2019 16:47
154

"Petkim"in baş direktoru: 439 milyon xalis mənfəət əldə edilib

"Petkim”in 15 əsas və 6 köməkçi obyektində istehsal olunan 60 növ müxtəlif məhsul kiçik və orta müəssisələr də daxil olmaqla 6 000 istehsalçı tərəfindən istifadə olunur.
"İki sahil" xəbər verir ki, bunu İzmirdə keçirilən mətbuat konfransında "Petkim Petrokimya Holding A. Ş."nin baş diretoru Anar Məmmədov deyib.
Onun sözlərinə görə, məhsullarına yüksək tələbat olan bu şirkət 2018-ci ili 872 milyon TL həcmində mənfəətlə başa vurub: "2019-cu ilin ilk 6 ayında isə fəaliyyət göstərdiyi bütün dövrlərin ən böyük məhsuldarlıq nümayiş etdirib və istehsal rekorduna imza atıb. Belə ki, cari ilin ilk yarısında 5,9 milyard TL həcmində gəlir, 439 milyon TL həcmində xalis mənfəət əldə edilib. Ötən 6 ayda “Petkim”in faiz, amortizasiya və vergidən əvvəlki mənfəəti (EBITDA) 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 26% artaraq 890 milyon TL-yə çatıb."
A.Məmmədov vurğulayıb ki, 2018-ci il rəqəmsallaşma və infrastruktur işləri baxımından “Petkim” üçün həlledici il olub: "Sənaye 4.0 parametrləri ilə istehsalda qabaqcıl analitik texnologiyaların və süni intellektin tətbiqinə başlanılıb. Bu istiqamətdə görülən işlər 2019-cu ildə öz bəhrəsini verib. “Petkim”in rəqəmsallaşma işləri ilə məşğul olan komandası bu vaxtadək 40-dan çox layihə həyata keçirib. Bu layihələr kompyuter təhsili, süni intellekt, görüntü tanıma, proseslərin robotlaşdırılmış avtomatizasiyası kimi texnologiyların tətbiqi vasitəsilə reallaşdırılıb. Yeniliklərdən biri də Etilen fabrikində tətbiq olunan Etilen Soba Optimallaşdırma Modelidir (EFOM). Əvvələr həftədə bir dəfə 8 soba işlətmə ssenarisi həyata keçirilirdisə, bu layihə nəticəsində hər 15 dəqiqədən bir 54 milyard ssenarinin  istehsalı mümkün olub ki, bunların da arasından “Petkim” üçün ən uyğun və ən məhsuldar ssenari seçilərək həyata keçirilir."
Baş direktor onu da qeyd edib ki, yeni layihələr maliyyə baxımından da səmərəlidir. “Petkim” bütün şirkətdə tətbiq olunması nəzərdə tutulan layihə ilə Türkiyə və Azərbaycanın ən rəqəmsal şirkəti olması isiqamətində addım-addım irəliləyir. 

Orxan Vahidoğlu,

İstanbul-Bakı

"İki sahil"