22 aprel 2019 10:41
1129

Pirallahıda Beynəlxalq Mədəniyyət Günü FOTO

Pirallahıda V.Mustafazadə adına Mədəniyyət Mərkəzində  Beynəlxalq Mədəniyyət Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Türkiyə və İran səfirliklərinin, o cümlədən Bakı Şəhər Mədəniyyət Baş idarəsinin təmsilçiləri, Rus İcmasının üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Anara Hacıbəyli bildirib ki, 1935-ci il aprelin 15-də Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” imzalanmış müqavilə ilə əlaqədar bu əlamətdar gün təsis olunub. 1998-ci ildə “Mədəniyyətin Müdafiəsi Beynəlxalq Liqası” adlı ictimai təşkilat bu tarixin Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunması təşəbbüsü ilə çıxış edib və həmin vaxtdan dünyanın bir çox ölkələrində Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunmaqdadır. Azərbaycan UNESCO ilə mədəniyyət sahəsində sıx əməkdaşlıq edir. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən mədəniyyət siyasəti bu gün ölkəmizdə uğurla həyata keçirilir. Ölkəmizdə yeni mədəniyyət müəssisələri, muzeylər, kitabxanalar, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri inşa olunub və ya əsaslı təmir edilərək istifadəyə verilib. Mədəniyyət müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi sahəsində görülən işlər bu gün uğurla davam etdirilir. 

Natiq çıxışında bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi şərəfli ada layiq görüldükdən sonra ölkəmizin bu qurumla əlaqələri yeni tarixi mərhələyə daxil olub, xalqımıza məxsus qədim əsərlərin irs səviyyəsində qorunub saxlanması sahəsində ciddi addımlar atılıb, muğam kimi incəsənət incimiz “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına daxil edilib.

Türkiyə və İran səfirliklərinin nümayəndələri İrfan Çifçi və Əskər Farsi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Rusiyadan “Yedinaya Rossiya” partiyasının Şərqi İzmayılova dairəsi üzrə İcra komitəsinin sədri Yekaterina Qorbaçyova, Rusiya Mədəniyyət Mərkəzinin direktoru Qalina Manafova ölkələr arasında münasibətlərin, o cümlədən iqtisadi və mədəni əlaqələrin vacibliyini tədbir iştirakçıların diqqətinə çatdırıblar.

Çıxışlardan sonra UNESCO-nun qeyri-maddi irs siyahısına daxil olan dolma, lavaş, kələğayi və musiqi alətlərimizin sərgisi nümayış olunub. 

Tədbirdə bölgələrimizdə bişirilən və müxtəlif çeşiddə hazırlanan dolma sərgilənib, həmçinin Türkiyə, İran və Rus ənənəsinə uyğun hazırlanan yeməklər də nümayiş olunub.

Tədbir konsert proqramı ilə davam etdirilib.

Orxan Vahidoğlu, “İki sahil”