20 may 2019 17:28
1096

 Pirallahıda imza günü

Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və təşəbbüsü, “Legal Standart” MMC-nin dəstəyi ilə, "Gəncsən? Başla!" "MəqsədliSən?!" adlı kitabların imza günü keçirilib.

Gənclərin işgüzar inkişafına dəstək məqsədi ilə dosent Nadir Adilov tərəfindən yazılmış "Gəncsən? Başla!", "MəqsədliSən?!" kitabları müəllif tərəfindən gənclərə imzalı təqdim olunub. Gənclərin işgüzar inkişafına dəstək məqsədi ilə müəllif  tərəfindən real və praktiki nümunələrə geniş yer verilib. Kitablar yeniyetmə və gənclər üçün nəzərdə tutulub.

Qeyd edək ki, Nadir Adilov Azərbaycanda və xaricdə çap edilən 100-dən çox elmi məqalənin və 5 elmi əsərin müəllifi və işgüzar inkişaf yazarıdır.

Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Anara Hacıbəyli qonaqları salamlayaraq dövlətin gənclərə hər zaman dəstək olduğunu qeyd edib. Həmçinin vurğulayıb ki, “Gəncsən? Başla!” kitabı gənclər üçün çox faydalı olacaq. 

Tədbirdə “Legal Standart” MMC-nin həmtəsisçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil İsmayıl Kəngərli gənclərə başlamaq istədikləri işlərin istiqaməti üzrə hüquqi prosedurlar, qanuni fəaliyyətin əsasları üzrə məsləhət verib. Eyni zamanda, gənclərin fərdi inkişafı üzrə ekspert Abdulla Teyyubovun motivasiya və  fərdi inkişaf istiqamətində təqdimatları keçirilib.

Orxan Vahidoğlu, “İki sahil”