05 may 2020 11:51
2695

Planetimizin “ağciyəri” haqqında bunları bilirdinizmi?

Ağaclar sivilizasiyanın sütunlarıdır, lakin nadir hallarda onların nə qədər qəribə və heyrətləndirici olduğuna diqqət yetiririk. Ağacların rolu əvəzsizdir. Onların yaranması 300 milyon il əvvəl Yer kürəsi üçün böyük bir dönüş nöqtəsi oldu, yerüstü canlılar üçün torpaq səs-küylü bir utopiyaya çevrildi. Zamanla ağaclar bizim ulu babalarımız da daxil olmaqla saysız-hesabsız varlıqları bəsləyib böyüdüb.

Yerdə 60 mindən artıq ağac növü var

Son vaxtlara qədər ağac növlərinin hərtərəfli qlobal siyahıya alınması aparılmamışdı. Lakin 2017-ci ilin aprel ayında bütün mövcud ağac növlərinin elmi adı və ölkələr üzrə paylanması ilə əlaqədar ümumi məlumatlar toplanıldı və bu məlumatları əldə etməyi təmin edən “GlobalTreeSearch” onlayn məlumat bazası yaradıldı.

Bu hərtərəfli təhlildə iştirak edən elm adamları muzeylərdən, botanika bağlarından, əkinçilik mərkəzlərindən və digər mənbələrdən məlumatlar toplayaraq 60065 növ ağacın hazırda elmə məlum olduğu qənaətinə gəliblər. Bu siyahıya Dominikan Respublikasında tapılan “Zygophyllum kaschgaricum” adlı nadir ağac növündən tutmuş Çin və Qırğızıstanda böyüyən nadir və haqqında çox az məlumat olan “Abarema abbottii” ağacına qədər hər bir ağac daxil edilib.

Bütün ağac növlərinin yarısından çoxu eyni ölkələrdə cəmlənib

Ağacların bioloji müxtəlifliyini qiymətləndirməklə yanaşı, 2017-ci il siyahıyaalması bu 60065 fərqli növün harada və necə yaşadığını da göstərdi. Tədqiqatçılar bütün ağac növlərinin demək olar ki, 58% -nin eyni ölkələrə aid olduğunu müəyyənləşdirdilər.

Coğrafi cəhətdən Braziliya, Kolumbiya və İndoneziya ən çox ağac növünə sahib ölkələrdir. Ən çox sayda endemik ağac növləri isə Braziliya, Avstraliya və Çində bitir və ya izolyasiyanın spesifikasiyaya səbəb olduğu adalarda (Madaqaskar, Papua Yeni Qvineya, İndoneziya) daha geniş yayılmışdır.

Yerin başlanğıc tarixində ağaclar mövcud olmamışdır

Yerin 4,5 milyard yaşı var. Yerdə ilk bitkilər isə təxminən 470 milyon il bundan əvvəl yaranıb. İlk bitkilərin yosunlar və dərin kökləri olmayan digər xırda otlar olduğu güman edilir. Kol bitkiləri təqribən 420 milyon il bundan əvvəl yaranmağa başlayıb. Lakin onların yaranmasından sonrakı on milyonlarla il ərzində Yerdə bitkilərin hündürlüyü bir metri keçməmişdir.

Ağaclara qədər Yerdə 8,8 metr hündürlüyü olan göbələklər olub

Təqribən 370-420 milyon il əvvələ qədər “Prototaksit” adlanan canlılar mövcud olub. Nəsli kəsilən həmin canlılar 8,8 metr hündürlüyə, 1,37 metr diametrə malik və konusvari formada idilər. 2007-ci ildə uzun tədqiqatların ardından həmin canlıların ağac yox, göbələk olduğu təsdiqləndi.

Yerdə yaranan ilk ağac yarpaqsız olub

Beynəlxalq tədqiqatçılar qrupu Yerdə yaranan ilk meşə ağaclarının “Vattieza” olduğunu və bu hadisənin 385 milyon il bundan əvvələ təsadüf etdiyini açıqlayıb.

Ağaclar hazırkı formaya düşənə qədər, kök, gövdə, yarpaq sistemi yaranana qədər uzun illər keçib.

Bəzi ağaclar öz düşmənlərinin düşmənlərini cəlb edən kimyəvi maddələr ifraz edirlər

Ağaclar kənardan çox sakit və köməksiz görünürlər, ancaq əslində bu belə deyil. Onlar çox tədbirlidirlər və özünəməxsus özünümüdafiə yollarına sahibdirlər. Məsələn, ağaclar həşəratlarla mübarizə üçün kimyəvi maddə ifraz edirlər və ya bir-birlərinə kimyəvi siqnallar ötürürlər. Tədqiqatlar göstərib ki, həmin siqnalları alan ağaclar həşəratlara qarşı daha dözümlü olurlar. Ağacların ötürdüyü hava siqnalları onlar darda olan zaman vəhşi heyvanları və parazitləri cəlb edir. 2013-cü ildə aparılan tədqiqatlar sübut etdi ki, tırtılların hücumuna məruz qalan alma ağacı tırtıllarla qidalanan quşları ağaca cəlb etmək üçün kimyəvi maddə buraxmışdı.

Əksər bitkilər kimi, ağaclar da kökləri üzərində yaşayan mikorizal göbələklərlə simbiotik əlaqəyə malikdirlər. Göbələklər ağacların torpaqdan daha çox su və qida almasına kömək edirlər, ağaclar isə onlara fotosintez zamanı ayrılan şəkərdən ötürürlər.

Bir böyük palıd ağacı gün ərzində təxminən 378 litr su içir, nəhəng sekvoya ağacı isə bir gündə 1892 litr suya ehtiyac duyur.

Bir çox yetkin ağaclar çox miqdarda su tələb edirlər. Bu, quraqlıqdan təsirlənən bağlara zərər versə də, ümumi götürdükdə insanlar üçün faydalıdır. Su sevən ağaclar, xüsusilə çay düzənliyi kimi alçaq ərazilərdə əkilərsə, yağan güclü yağışlar zamanı daşqınların qarşısını ala bilər. Torpaqdan daha çox su almaqla və torpağı kökləri ilə tutmaqla ağaclar daşqınlar zamanı torpağın aşınmasına və əmlaka ziyan dəyməsinə mane olurlar.

Böyük bir palıd ağacı ildə 10 min qoza tökə bilər

Palıd qozaları meşə heyvanları arasında çox populyardır. Qozalar 100-dən çox növ onurğalıların əsas qida mənbəyidir.

Ağaclar stresi azaldır və cinayətkarlığın qarşısını alırlar

Ağacları sevmək insan təbiətinə məxsus xüsusiyyətlərdən biridir. Sadəcə onlara baxaraq özümüzü daha xoşbəxt, sakit və daha yaradıcı hiss edə bilərik. Bu qismən biofiliya və ya təbiətə bağlılığımızdan irəli gəlir, amma digər aktiv qüvvələr də vardır. Məsələn, tədqiqatlar göstərib ki, insanlar ağaclar tərəfindən buraxılan “fitonsid” adlı kimyəvi maddələrə məruz qaldıqda, orqanizmdə qan təzyiqinin normallaşması, narahatlığın azalması, ağrı həddinin aşağı düşməsi və hətta xərçəng əleyhinə zülalların formalaşması kimi proseslər baş verir.

Məhz bu səbəbdən bir çox ölkələrdə ağaclar daşınmaz əmlakın qiymətinə təsir göstərirlər. Məsələn, ABŞ-da qəşəng, sağlam ağaclarla əhatə olunmuş yerlərdə evlərin qiyməti 10% daha bahadır.

Nubar Süleymanova, “İki sahil”