Masallı rayonunun böyük yaşayış məntəqələrindən olan Xırmandalı kəndində adamların əsas dolanışığı torpaqdan çıxır. Buna görə də burada torpağın bir qarışı belə boş saxlanmır. Xırmandalıda demək olar ki, bütün kənd təsərrüfatı məhsulları istehsal edilir. Üçüncü ildir ki, bunlara ənənəvi sahə sayılan, bir müddət unudulan tütünçülük də əlavə olunub. Torpaq adamları bu sahədən daha çox gəlir əldə edə bilirlər.
Kənddə tütünçülüyün inkişafı istiqamətində geniş işlər görülür. Bu il 5 hektar sahədə tütün əkilib. Plantasiyalarda bol yarpaq yetişib. Tütünçülər hər hektardan ən aşağı 2 ton məhsul yığmağı nəzərdə tutublar. Hazırda plantasiyalarda böyük əmək coşqunluğu yaşanır. İndiyə kimi “Şəki- İlham” MMC-yə 4,2 ton yüksək keyfiyyətli quru tütün yarpağı göndərilib. Məhsul yığımı oktyabr ayının sonuna kimi davam edəcək.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü