26 mart 2020 16:37
636

Politoloq: Hər birimiz gücümüzü səfərbər edərək yaşlı insanları öz qayğımızla əhatə etməliyik

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan xalqının güclü milli-mənəvi dəyərlər sisteminə malik olması koronavirusla mübarizədə öz təsirini göstərəcək.

Bunu Trend-ə politoloq Sona Əliyeva deyib.

O bildirib ki, son günlər müxtəlif qurumların və bir sıra ölkə vətəndaşlarının yaşlı insanlara dəstək məqsədilə müxtəlif aksiyalar həyata keçirməsi bu fikri bir daha təsdiqləyir:

"Bildiyiniz kimi, Azərbaycanda həmişə böyüklərə hörmət, diqqət və qayğı olub. Bu ənənə Azərbaycanda artıq həyat tərzinə çevrilib. Hər bir Azərbaycan vətəndaşı böyüyə hörməti, kiçiyə mərhəməti özünün mənəvi borcu bilir. Bildiyiniz kimi, hazırkı dövrdə koronavirusdan dünyasını dəyişən insanlar arasında yaşlılar daha çoxdur. Bu günlərdə həmin qəbildən olan insanların daha çox yardıma və dəstəyə ehtiyacı var. Hər birimiz gücümüzü səfərbər edərək bu insanları öz qayğımızla əhatə etməliyik".

Politoloq bildirib ki, koronavirusa qarşı mübarizədə Azərbaycan dünyada ən yaxşı nümunələrdən birini göstərir:

"Bu xəstəlik Azərbaycana kənardan gəlib. Onun geniş yayılmaması üçün Azərbaycanda bu gün çox ciddi addımlar atılır. Cənab Prezidentin dünən Azərbaycan Televiziyasına verdiyi müsahibəsində həm bu sahədə görülən işlər, həm bu koronavirus təhlükəsinin iqtisadiyyat üçün yaratdığı çətinliklərdən çıxmaq üçün Azərbaycan hökumətinin atdığı addımlardan danışması insanlarda inamı gücləndirir.

İnsanlar dövlət başçısının onların taleyini düşündüyünü, təhlükəsizliyinin qorunması üçün mühüm işlər apardığının fərqindədirlər. Azərbaycan xalqı bugünkü çətin dövrdən də Cənab Prezidentin apardığı siyasət, milli birlik, həmrəyliklə xilas ola biləcək. Azərbaycanda milli birlik, həmrəylik, xalqın ölkəmizin müstəqilliyi uğrunda sıx birləşməsi həmişə lazımdır. Bugünkü ağır dövrdə Azərbaycana həmrəylik xüsusilə lazımdır".