01 iyun 2020 17:47
993

Politoloq: MDB-də azad ticarət zonasının yaradılması ehtimalı azdır

Bugünlərdə Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçirilib və görüş zamanı postsovet məkanında bütün ticarət maneələrinin aradan qaldırılması imkanlarını müzakirə edilib.

Bu məsələni “Report”un Rusiya bürosuna Yeni Cəmiyyət İnstitutunun Siyasi-İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Vasili Koltaşov şərh edib.

“Azərbaycan, heç şübhəsiz, bütün mövcud ticarət məhdudiyyətləri aradan qaldırıldıqda MDB məkanında azad ticarət zonasının yaradılmasında maraqlıdır. Çünki Azərbaycan iqtisadiyyatı nisbətən kiçikdir, ticarət yollarının kəsişməsində yerləşir. Azərbaycanın qonşuluğunda daha böyük iqtisadiyyatlar var və onların bazarlarına çıxış ölkə üçün olduqca faydalıdır”, - V.Koltaşov deyib.

Vasili Koltaşov

Bununla belə, ekspertin fikrincə, bunun baş tutması ehtimalı aşağıdır: “Ukrayna ilə birlikdə və ya Ukraynasız MDB daxilində azad ticarət zonasının yaradılması hazırda azehtimallıdır. Burada söhbət yalnız Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağla bağlı olan ziddiyyətlərdən yox, daha çox məhdudiyyətlərin tam aradan götürülməsinin hazırda Rusiyaya sərf etməməsindən gedir. Aydındır ki, maneələrin aradan qaldırılması və son illərdə Rusiyada böyüməkdə olan proteksionizmin azaldılması qonşu ölkələrə faydalıdır. Amma bu, yerli istehsalçılar üçün sərfəli deyil. Çünki onlar gözəl anlayır ki, xarici bazarlara yönəlik olan qonşu iqtisadiyyatlar mövcud böhran şəraitində əldə edilməsi onsuz da çətin olan qazancı onların əllərində alacaq”.

“Buna görə də MDB-də azad ticarət zonasının yaradılması yalnız proteksionizmin mütəşəkkil, çox sərt və çox idarəedici hala gəlməsi, bütün MDB zonasında yayılması və xarici rəqiblər üçün gömrük maneələrinin çox güclü olması, qaçaqmalçılıq üçün fürsət yeri qoymaması halında mümkündür. Bu bazar bu gömrük sisteminə münasibətdə daxili bazara çevrilən zaman azad ticarət haqqında danışa bilərik. Qalan hallar, çox güman, gerçəkləşməsi mümkünsüz olanlardır. Səbəbi də dünya iqtisadiyyatında “azad ticarət” dövrünün artıq arxada qalması, proteksionizm, regionlaşma, sərt rəqabət dövrünün başlamasıdır. Odur ki, bu məsələdə sadəcə danışıqlarla heç nə əldə etmək mümkün deyil”, - V.Koltaşov fikrini tamamlayıb.