23 avqust 2019 10:21
1677

Politoloq: Oğlunu əsgərlikdən yayındıran Əli Kərimlinin ordu və şəhiddən danışması qeyri-səmimilikdir

Dağıdıcı  müxalifət düşərgəsinin “başbilənləri” Azərbaycanda bütün vasitələrdən istifadə etməklə hakimiyyətə gəlmək cəhdləri elektorat itkisi ilə nəticələnir. Ona görə ki, bu düşərgə zaman-zaman Azərbaycanın milli-mənəvi dəyərlərinə hörmətsizlik nümayiş etdirirlər. Bu dağıdıcı düşərgənin başında duran AXCP Sədri Əli Kərimli və digərləri ölkənin ümumxalq hüzn günlərini, ayrı-ayrı şəxslərin hüzr mərasimlərini özlərinin “siyasi şou” meydanına çevirmək üçün dəfələrlə cəhdlər ediblər.

Dəfələrlə olub ki, Əli Kərimli bu cür tədbirlərdən, insanların kütləvi şəkildə marağına səbəb olan hansısa mərasim və ya yığıncaqlardan əvvəl siyasi şou təşkil edib, yersiz olaraq məsələləri, hadisələri mümkün qədər siyasiləşdirməyə, bundan ictimai narazılıq formalaşdırmağa çalışıb. Necə ki, 2016-cı ilin aprel hadisələri dövründə bütün xalq tarixi qələbə əhval-ruhiyyəsində olduğu halda, Əli Kərimli məsələnin mahiyyətini təhrif etdi, ordumuza qarşı kampaniya təşkil etməyə çalışdı. Sanki kino ulduzudur və qırmızı xalı üzərinə çıxırmış kimi dəfn mərasimində bütün yol boyu müxtəlif KİV-lərə müsahibələr verdi. Şübhəsiz ki, Əli Kərimlinin bu hərəkətləri şəhidlərimizə, onların yaxınlarına hörmətsizlikdən başqa bir şey deyil.

“Bu, hər şeydən əvvəl bir ailənin faciəsidir. Ondan kiminsə siyasi məqsədlə istifadə etməyə çalışması insanlığa yaraşmayan hərəkətdir. Müxalifət bu hadisədən özü üçün divident qazanmaq istəyirsə, mən bunu insan ləyaqətinə sığmayan hərəkət hesab edirəm” deyən Baş nazirin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov mətbuata açıqlamasında bildirdi ki, radikal müxalifət insanların qəlbində nifrət hissi yaradan davranışlara yol verir və bununla özlərinə hörmət qazanmaq istəyir: “Siyasətçi hörməti bu yolla qazanmaz. Siyasətlə məşğul olan insan, hər şeydən əvvəl elə olmalıdır ki, xalq ona inanmış olsun. Özünü bu cür vətənpərvər göstərməyə çalışmaqla hörmət qazanmaq mümkün deyil. Çünki hər kəs bilir ki, bu tamamilə riyakarlıqdır, qeyri-səmimi bir hərəkətdir və bununla siyasi nüfuz qazanmaq, siyasi dividentlər əldə etmək mümkün deyil”.

Politoloq Yeganə Hacıyeva məsələ ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, ölkədə 3 adamın bir yerdə toplaşdığını (istər real və ya virtual) görən kimi bundan siyasi mənfəət güdən bir icma var: “İldən-ilə deqradasiyaya uğrayıb hər cür çirkinləşirlər. Onları daha siyasi qrup adlandırmaq doğru deyil, çünki fəaliyyətləri antimilli, antidövlət fəaliyyətidir. Bir neçə həftədir mərhum pilotumuz Rəşad Atakişiyevin qəzaya uğraması üzərindən siyasi mənfəət güdən dəstələr var. İlkin olaraq pilotun guya ki, təlim zamanı həlak olması üzərindən, ardınca nəşinin suyun altından çıxarılmaması üzərindən siyasi kampaniyalar apardılar. Mərhum pilotun nəşini dənizin dibindən çıxarandan və təyyarənin qalıqlarının araşdırılmasından sonra aydın oldu ki, təyyarə yad cisimlə toqquşma zamanı qəzaya uğrayıb. Məntiqlə Əli Kərimli daxil bu qəzanın üzərindən kampaniya aparanlar heç olmasa susmalı idilər. Bu dəfə isə “Tarixi nadir”dən sitat gətirərək yeni bir kampaniya aparmağa başladılar ki, bəs hökumət müxalifəti yasda iştirak etməyə qoymamaqla bölücülük edib. Hökumət mərhumun ailəsinin iradəsinə zidd olaraq müxalifətə dəvət göndərməli idi? Mərhumun ailəsi bir neçə həftə ərzində dağıdıcı müxalifətin apardığı kampaniyanın dəfn günü davam etməsini, müxalifətin daha böyük “mənfəət” götürməsini istəməyib və pilotun ailə üzvləri bura gəlməyin, sizi dəfndə görmək istəmirik deyiblər. İllərdir onların 20 Yanvar, digər matəm günlərində göstərdikləri siyasi şoular göz önündədir. Sırf Əli Kərimlinin fikirlərinə gəlsək oğlunu dövlətə əsgərlik borcunu yerinə yetirməyə vermək istəməyən, hərbi xidmətdən yayındıran birisinin ordu, şəhid və s. mövzularda danışması səmimi görünmür. Çəkinməsə oğlunu əsgərlikdən yayındırmağını da  hökumətin üzərinə atacaq”.

Mənsumə Babayeva,

“İki sahil”