01 iyun 2020 13:28
690

Pomidor ixracda yenə də birincidir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin may sayı təqdim edilib.

"İki sahil" xəbər verir ki, 2020-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycandan qeyri-neft sektoru üzrə 549 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar-aprel ayları ərzində koronavirus (COVID-19) pandemiyasının təsiri nəticəsində qeyri-neft sektoru üzrə ixrac 5,8 faiz azalıb.

Bu ilin yanvar-aprel ayları ərzində Rusiyaya 186,2 milyon, Türkiyəyə 122,2 milyon, Gürcüstana 58,8 milyon,  İsveçrəyə 48,5 milyon və Çinə 18,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-cu ilin ilk 4 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 13 faiz,  İsveçrəyə 9 faiz və Çinə 45 faiz artıb.

2020-ci ilin yanvar-aprel ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (73,3 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (44,3 milyon ABŞ dolları)  ikinci və qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 43,7 milyon ABŞ dolları) üçüncü olub.