28 oktyabr 2020 18:50
1379

Praqada koronaviruslu qonaqlar üçün xüsusi otel açılıb

“Czech Inn Hotels” şəbəkəsi Praqanın mərkəzində koronavirus xəstələri üçün dörd ulduzlu otel açıb. Şirkətin rəsmi “Facebook” səhifəsində bildirilir ki, otelə giriş üçün koronavirus infeksiyası haqqında arayış tələb olunacaq.

Otel xüsusi olaraq, əcnəbilər üçün nəzərdə tutulub. Səyahət edərkən diaqnozu öyrənən əcnəbilərə və yeni virusa tutulmuş və təcrid olunmağa yerləri olmayan Praqa sakinlərinə xidmət göstərəcək. “Czech Inn Hotels” şirkətinin sahibləri Çexiya paytaxtının sağlam sakinlərini qorumaq üçün belə bir otel açdıqlarını bildiriblər.

Oteldə tamamilə təmassız bir xidmət var: qəbul şöbəsində qonaqlar ilə ünsiyyət üçün xüsusi bir baryer quraşdırılıb, açarlar otaqların qapılarında yerləşdirilib, yemək və dərmanlar yalnız onlayn sifariş edilə bilər. Müəssisənin əsas qaydası: qonaqlar ehtiyac olmadığı təqdirdə otaqlarından çıxmamalıdırlar. Yalnız həkim çağırmaq və ya çatdırılan məhsulları təhvil almaq üçün otaqdan çıxmaq olar. Qonaqlar getdikdən sonra otaqlar bir gün boş qalacaq və sonra hərtərəfli dezinfeksiya ediləcəkdir.

Nubar Süleymanova, “İki sahil”