12 noyabr 2019 17:09
710

Prezident: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq

Təsadüfi deyil ki, bu ilin 9 ayının yekunlarına görə qeyri-neft sənayemiz 15 faizdən, kənd təsərrüfatı 7 faizdən çox artıb. Artıq pambıq yığımı mövsümü başa çatır, mənə verilən məlumata görə, bu il biz rekord göstəriciyə nail olmuşuq.

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 12-də bir sıra şəhər və rayonların yeni təyin olunmuş icra hakimiyyəti başçılarını qəbul edərkən söyləyib.

Dövlətimizin başçısı deyib: “Biz keçən ilə nisbətən əkin sahələrini azaltdıq, 132 min hektardan 100 min hektara endirdik, çünki bəzi yerlərdə torpaqlar düzgün seçilməmişdi. Ancaq məhsuldarlıq artdı. Hazırda yığım davam edir və hektardan məhsuldarlıq 27 sentnerə çatıb, keçən il 17 sentner idi. Keçən il biz 132 min hektardan 233 min ton pambıq yığmışdıqsa, bu il 100 min hektardan artıq 270 min tondan çox pambıq yığmışıq. Mən təkcə pambığı deyirəm. İndi taxılçılıqda da böyük irəliləyiş var. Ümumi göstərici hektardan 32 sentnerə çatıb. Bu, çox yaxşı göstəricidir. Daha da artacaq. Meyvəçilikdə, fındıqçılıqda da məhsuldarlıq artır”.

Kənd təsərrüfatı sahəsində dövlət xətti ilə çox böyük işlər görüldüyünü vurğulayan Prezident İlham Əliyev bildirib ki, bu işə icra başçıları da öz dəstəyini verməli, sahibkarlara diqqət göstərməli, onları incitməməlidirlər. “Əgər hansısa sahibkar vəsait qoymaq, hansısa iş görmək istəyirsə, birinci olaraq siz ona dəstək verməlisiniz. Bəzi hallarda sahibkarlara qarşı ədalətsizlik edilir və onlardan nəsə əldə etmək cəhdləri göstərilir. Buna qətiyyən yol vermək olmaz. Sahibkarlara da deyirəm ki, əgər belə xoşagəlməz halla üzləşsələr, dərhal bizə məlumat versinlər”, - deyə dövlətimizin başçısı qeyd edib.