26 oktyabr 2020 19:55
793

Prezident İlham Əliyev: Beynəlxalq hüquq bizim tərəfimizdədir

Sentyabrın 27-dən etibarən Ermənistanın təxribatı nəticəsində başlayan müharibənin davam etdiyi günlərdə dünyanın tanınmış KİV-lərinə, telekanallarına müsahibələr verən Prezident, Ali Baş Komandan İlham Əliyevin Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti, cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə keçirilən operativ müşavirədəki çıxışı Ermənistanın havadarlarının təxribat xarakterli addımlarına diplomatik xəbərdarlıqdır.

Bir aya yaxın davam edən döyüşlərdə Milli Ordumuzun rəşadəti nəticəsində 100-dən çox yaşayış məntəqəsi, şəhərlər, kəndlər işğalçılardan azad edilmiş, strateji yüksəkliklərdə Azərbaycan bayrağı ucaldılmışdır. Azad olunmuş kəndlərdə ürək ağrıdan dağıntıları erməni vəhşiliyinin ürək ağrıdan terroru adlandıran Prezident İlham Əliyevin bu sözləri dünya ictimaiyyətinə çağırış, erməni mahiyyətinin açıqlamasıdır: «Bir daha bütün dünya gördü ki, biz hansı vəhşilərlə üz-üzəyik. Bu gün Azərbaycan əsgəri və zabiti döyüş meydanında düşmənə dərs verir, düşməni yerində oturdur, düşməni torpaqlarımızdan qovur. Biz qan tökürük, şəhidlər veririk, hərbçilər, eyni zamanda mülki şəxslər şəhid olur.» Qeyd olunduğu kimi, düşmənin cəbhə bölgəsindən çox-çox uzaqlarda yerləşən yaşayış məntəqələrini atəşə tutması nəticəsində 60-dan artıq mülki şəxs həlak olmuş, 300-ə yaxın dinc əhali müxtəlif dərəcəli bədən xəsarəti almışdır. 2016-cı ilin Aprel döyüşlərində şücaət göstərmiş Milli Qəhrəman Şükür Həmidov döyüşlərdə həlak olmuşdur.

Müşavirədə beynəlxalq ictimaiyyətin işğalçıya dəstəyini ikili standartlar baxımından dəyərləndirən Prezident İlham Əliyev bildirdi ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin kağız üzərində qalması, işğalçıya təzyiq göstərmək əvəzinə havadarlıq göstərməsi Dağlıq Qarabağ münaqişəsini daha da mürəkkəbləşdirmişdir. «Onu da bildirməliyəm ki, bir neçə gün bundan əvvəl həmsədr ölkələr tərəfindən BMT Təhlükəsizlik Şurasının iclası keçirilmişdir. İclasda bizi qane etməyən və 1993-cü ildə qəbul edilmiş qətnamələr üzərindən faktiki olaraq xətt çəkmək mənası daşıyan sənəd irəli sürülmüşdür. Biz buna qəti şəkildə etiraz etdik. Bu, ədalətsizliyin növbəti təzahürüdür, ikili standartların növbəti təzahürüdür» söyləyən Prezident İlham Əliyev bildirir ki, Azərbaycanın ərazi bütövlüyünün açıq-aydın qorunmasının yer aldığı, işğalçının qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasının əks olunduğu həmin qətnamələri bir kənara qoyub, guya hadisələrin yeni tələblər baxımından dəyərləndirilməsi ölkəmizə qərəzli yanaşma, işğalçını dəstəkləmək deməkdir.

Təbii ki, Azərbaycan ölkəmizə qarşı belə ədalətsizliklə barışmadı, etirazını bildirdi. Eyni zamanda, Təhlükəsizlik Şurasının bir neçə üzvü də terrora, separatçılığa «yaşıl işıq» effekti verən ikili standartlara etirazlarını bildirdilər. Hazırda Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatına üzv ölkələrdən İndoneziya, Tunis, Niger, Vyetnam, Gənubi Afrika, Dominikan Respublikası, Sent-Vinsent, Qrenadin Azərbaycanın haqq işini müdafiə edərək Ermənistana dəstək olan belə biabırçı «təşəbbüsün» reallaşmasına yol vermədilər. Bu məqamda dünyada sülhün, sabitliyin qorunmasına töhfələr verən, illərdən bəri terrora qarşı mübarizə aparan Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Təhlükəsizlik Şurası haqqında söylədiyi «Dünya beşdən ibarət deyildir» sözlərini xatırlamaq yerinə düşər. Bu, onu göstərir ki, Avropa , Qərb təsisatlarından fərqli olaraq Qoşulmama Hərəkatına üzv dövlətlər arasında birlik və həmrəylik dünyada sülhün, sabitliyin qorunmasına xidmət edir. « Bir sözlə, bu siyasi addım iflasa uğradı, heç bir sənəd qəbul edilmədi və hesab edirəm bu, bizim növbəti siyasi qələbəmizdir. Necə ki, döyüş meydanında biz qələbə qazanırıq, siyasi müstəvidə də qələbə qazanırıq. Düşməni necə ki, döyüş meydanından qovuruq, düşmənin havadarlarının təxribat xarakterli addımlarına da lazımi cavab veririk»
 söyləyən Prezident İlham Əliyev bildirir ki, hər nə yolla olursa – olsun Ermənistanı düşdüyü rəzil vəziyyətdən çıxarmağa çalışan havadarları bilməlidirlər ki, bunun bir yolu var: Ermənistan öz xoşu ilə işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır.

Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinə, siyasi iradəsinə heç bir qüvvə təsir edə bilməz. Bu gün Azərbaycan döyüş meydanında olduğu kimi, siyasi mübarizədə, diplomatiyada da güclənən mövqeyini daha da möhkəmləndirir. Ölkəmizə qarşı belə ədalətsiz mövqedə dayanan, rəzil, kasıb Ermənistanı silahlandıran, onlara dəstək göstərənlərə də Azərbaycan xalqı milli birlik və həmrəyliyi, ordumuzun rəşadəti ilə qalib gələcək. Düşmən bundan sonra da işğal etdiyi torpaqlarımızdan qovulacaq. Ermənistanı öz milli maraqları naminə himayə edən, 30 ilə yaxın Azərbaycan torpaqlarının işğal altında qalmasına yardım göstərən, ölkəmizin təbii sərvətlərinin talan olunmasına şərait yaradan və Milli Ordumuzun qüdrətindən vahiməyə düşən təəssübkeşləri atəşkəs istəyirlərsə, bunun üçün ilk növbədə Ermənistana təzyiq göstərməlidirlər. Çünki atəşkəs birtərəfli ola bilməz. İllərdən bəri ATƏT-in Minsk qrupunun münaqişə tərəfləri arasında apardığı səmərəsiz danışıqlardan, regiona turist səfərlərindən cana doyan Azərbaycan xalqının səbri tükənməz deyil. Artıq xalqımız 28 il ərzində Minsk üçlüyünün vədəsiz vədlərinə inanmır.

«Biz boğaza yığılmışıq, Azərbaycan xalqının səbri tükənib. İyirmi səkkiz il bundan əvvəl Minsk qrupu yaradılıb. İyirmi səkkiz ildir ki, bizi aldadırlar» söyləyən Ali Baş Komandan İlham Əliyev haqlı olaraq Minsk qrupuna daxil olan dövlətlərdən soruşur: İqtisadi böhran içərisində çabalayan Ermənistanın bahalı «Tor», « OSA» zenit-raket komplekslərini, pilotsuz uçuş aparatları, təyyarələr, «Toçka-U», «SGUD» raketlərini almağa pulu haradan tapır və onları kim silahlandırır? Əgər bu silahlar olmasaydı Dağlıq Qarabağ münaqişəsi çoxdan həllini tapmış olardı, Azərbaycanın torpaqları işğaldan azad edilərdi. Bütün dünya ictimaiyyətinə bəllidir ki, dünyanın ən güclü orduları sırasında yer alan Azərbaycan Ordusu təkbaşına belə torpaqlarını azad etmək iqtidarındadır. İşğaldan azad olunan Füzuli, Cəbrayıl, Zəngilan, Hadrut, Qubadlı uğrunda gedən döyüşlərdə Azərbaycan Ordusu döyüş bacarığını, qələbə əzmini dünyaya bəyan etdi. Bunu BMT Təhlükəsizlik Şurasına , Minsk qrupuna daxil olan və hələ də Ermənistanı düşdüyü acınacaqlı vəziyyətdən çıxarmağa çalışan dövlətlər də yaxşı bilirlər. Amma üzdə beynəlxalq terrorizmə qarşı mübarizə apardığı görüntüsü yaradanlar separatizmə dəstək əməlləri ilə terrorçu, faşist ideologiyasını dövlət siyasətinin əsas prinsipləri kimi yerinə yetirən Ermənistanı dəstəkləyənlərin tarixi həqiqətlərin gözünə dik baxmaqlarının vaxtıdır.

2012-ci ildə «erməni soyqırımı»nı inkar edənlərə 45 min avro cərimə və yaxud bir il həbs cəzası nəzərdə tutan qanunu qəbul etməklə , islamofobiya təbliğatı aparan, bir vaxtlar müstəmləkə kimi işğal altında saxladığı Əlcəzairdə, Ruandada insanlara amansız zülmlər verən Fransa üçün demokratiya artıq arxivə verilmiş dəyərdir. 65 minlik əhalisi olan Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması üçün dəridə-qabıqdan çıxan Fransaya bir məsləhətimiz var. Fransada yaşayan 600 minlik erməninin səsini qazanmaq istəyirsə, illərdən bəri qoruyub, ərköyünləşdirdiyi daşnaklara elə öz ölkəsində muxtariyyət versin. Bu, həmin Fransadır ki, Minsk qrupu çərçivəsində münaqişə tərəfləri arasında «sülh danışıqları» apardığı müddətdə Dağlıq Qarabağda terror yuvalarının, tunellərin, yeraltı istehkamların tikilməsində birbaşa iştirak etmişdir. Qrupun digər üzvü, rəsmi İrəvanla tərəfdaş kimi hərbi saziş imzalayan Rusiya da Ermənistanın sərhədlərini qoruyur, illərdən bəri dost, strateji tərəfdaş adlandırdığı azərbaycanlıların qətli üçün işğalçını silahlandırır. Bax, budur Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışan Minsk qrupunun əsl «sülh missiyası.»

Hadisələr zamanı bir amil daha çox diqqəti cəlb etdi. Bölgədə sabitliyin təminatına ən çox töhfə verən Türkiyə, bu ölkənin dünyada məşhur siyasətçisi, diplomatik addımları ilə yeni tarix yazan Prezidenti Rəcəb Tayyib Ərdoğandır. «Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Biz öz torpağımızda vuruşuruq. Haqq-ədalət bizim tərəfimizdədir. Beynəlxalq hüquq bizim tərəfimizdədir, tarixi ədalət bizim tərəfimizdədir» söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi, heç bir kənar qüvvə, məkrli siyasət, tarixi saxtalaşdırmaq cəhdi Azərbaycanı haqq yolundan döndərə bilməz. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!

Xuraman İsmayılqızı, «İki sahil»