04 oktyabr 2019 19:49
1175

Prezident İlham Əliyevdən Paşinyana “nida” dərsi

Azərbaycan iqtisadiyyatında baş vermiş müsbət dəyişikliklər, aparılan islahatlar nəticəsində ölkəmizin tanınmış beynəlxalq təşkilatların hesabatlarında  yüksək reytinqə, investiya ayırmaq imkanlarına malik respublika kimi göstərilməsi, qüdrətli dövlətlərlə eyni sırada yer alması Prezident İlham Əliyevin vurğuladığı kimi, potensialımızı gücləndirir, əhali tərəfindən yüksək qiymətləndirilir. Sosial, infrastruktur sahələrində, insanların rifah halının yaxşılaşdırılması istiqamətində aparılan islahatlar formalaşan əlavə maliyyə resursları hesabına əldə edilmişdir.

Azərbaycanın Dünya Bankının nüfuzlu “Doinq Business-2020” hesabatında ən islahatçı 20 ölkə arasında yer alması, reytinq agentlikləri tərəfindən nümunə göstərilməsi ölkəmizə marağı artırır. Təbii ki, qazanılan nailiyyətlərin əsasında başlıca şərt kimi ölkədə sabitliyin təminatı, təhlükəsizliyin qorunmasıdır. Dağlıq Qarabağ kimi həlli müşkül münaqişə ilə üzləşməsinə baxmayaraq  ölkə iqtisadiyyatının uğurları rəqəmlərdə, Azərbaycan vətəndaşlarının həyat tərzində, şəhərlərimizin simasında əks olunur. Bakı  “Ekspo- 2025”” üçün namizədliyini irəli sürmüş üç şəhərdən biridir. Qlobal enerji və nəqliyyat layihələrini reallaşdıran ən qüdrətli ölkə kimi tərəfdaşlıq formatı yaradan Azərbaycan artıq  güc, dialoq, mərkəzi, humanitar platforma kimi də tanınır.

“Bütün səylərimiz, qeyd etdiyim kimi, hamımızın dünyada, xüsusən də regionda ehtiyac duyduğu təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlib. Əfsuslar olsun ki, Azərbaycan ərazimizin demək olar ki, 20 faizini işğal etmiş qonşu Ermənistanın təcavüzündən əziyyət çəkir. Ermənistan beynəlxalq hüququn normalarını kobud surətdə pozur, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb və bunun nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, regionda sabitlik üçün ən böyük təhlükə olan  Ermənistanın işğalçılıq siyasətinin hələ də davam etməsi beynəlxalq ictimaiyyəti ciddi düşündürməlidir.

“BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər təşkilatlar münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən qətnamələr qəbul etmişlər. Ondan əvvəlki dövrdə isə BMT Təhlükəsizlik Şurası və ATƏT qətnamələr qəbul etmişdir ki, bu, münaqişənin həlli üçün hüquqi baza yaradır” söyləyən cənab İlham Əliyev əlavə olaraq bildirir ki, qondarma “Dağlıq Qarabağ Respublikası”nın heç bir dövlət tərəfindən tanınmaması Azərbaycanın diplomatik uğurlarındandır.

Beynəlxalq təşkilatların dəyişilməz rəyi budur ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. “Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaradılsın” söyləyən cənab İlham Əliyev dünya birliyinə çatdırır ki, nəinki Dağlıq Qarabağ, hətta indiki Ermənistan Azərbaycanın tarixi torpaqlarıdır. Buna görə də Ermənistanın baş naziri Nikol Paşinyanın gülünc “nöqtə” sayıqlaması hakimiyyətdə qalmaq üçün vaxt qazanmağa hesablanan siyasətdir.

Münaqişənin həlli yollarından bəhs edən cənab İlham Əliyev Ali Baş Komandan kimi onu da diqqətə çatdırır ki, torpaqlarımız hansı yolla olursa- olsun işğaldan azad ediləcək. Təbii ki, bu məsələdə rəşadətli Milli Ordumuzun əsgərləri sözlərini deyəcəklər.

Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən paradda hərbi potensialımızın nümayişi göstərdi ki,  döyüş qabiliyyəti güclənən, ən müasir avadanlıq və sursatlarla təmin olunan  Azərbaycanın müdafiə qüdrəti yüksək səviyyədədir. Elə buna görədir ki, Azərbaycan Silahlı Qüvvələrinin adı dünyanın ən güclü orduları ilə ilə eyni sırada çəkilir.

Müdafiə qüdrətimizin artmasının tərkib hissəsi kimi diqqətdə saxlanılan hərbi təlimlərin cari ildə daha da intensivləşməsi əsgərlərimizdə qələbə əzmini artırır. Keçirilən genişmiqyaslı təlimlər əsgərlərimizin hazırlığının, müdafiə qüdrətimizin istənilən səviyyədə olduğunu göstərir.  Hərbi Hava Qüvvələri helikopter bölmələrinin taktiki uçuş məşqləri kimi, sonra keçirilən hərbi təlimlər də qoşunların idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsi, döyüş, mənəvi- psixoloji və texniki təminata yetirilən diqqət baxımından əhəmiyyətli idi.

Yüksək döyüş qabiliyyətinə və hərbi hazırlığa malik Azərbaycan Ordusunun bölmələrinin xarici ölkələrdə keçirilən hərbi təlimlərdə iştirakı bilavasitə ölkəmizdə müdafiə qüdrətimizin artırılması üçün aparılan islahatların məntiqi nəticəsidir.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının Türkiyədə keçirilən beynəlxalq “Qış təlimi-2019”, NATO-nun Hərbi Tİbb Mükəmməlliyyət Mərkəzi və Rumıniya Milli Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən təlimlərdə iştirakı Azərbaycan əsgərinə beynəlxalq səviyyədə göstərilən etimaddır. Hərbçilərimiz “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarında uğurla iştirak ediblər. Ölkəmizdə təşkil olunan “Dəniz kuboku” ilə yanaşı, Rusiyada “Tank batalyonu” və “səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları”, Özbəkistanda “Hərbi tibbi estafet” müsabiqələrində fərqlənən əsgərlərimizin döyüş qabilliyyəti daha da artmışdır.

Azərbaycanla Türkiyə arasındakı hərbi əməkdaşlığa uyğun keçirilən təlimlərə dostluq, qardışlıq rəmzi kimi diqqət yetirilməsi, hər iki ölkə hərbçilərinin birgə iştirakı ilə təşkil olunan taktiki təlimlər müdafiə qüdrətimizi möhkəmləndirməklə təcrübə mübadiləsinin genişlənməsinə də şərait yaradır.

Naxçıvanda keçirilən “Sarsılmaz qardaşlıq-2019” adlı taktiki təlim, artıq ənənə halını alan, Azərbaycan və Türkiyə şahinlərinin birgə iştirakı ilə reallaşan “TurAZ Qartalı” təlimi düşməni daim təlaşda saxlayır. Bir neçə beynəlxalq müdafiə sərgisinə ev sahibliyi edən Azərbaycanda istehsal olunan hərbi təyinatlı məhsullara marağın çoxalması, respublikamızın silah ixrac edən ölkəyə çevrilməsi, hərbi xərclərimizin dəfələrlə artması, hərbçilərin mənzil-məişət şəraitinin yaxşılaşması müdafiə qüdrətimizi artırır. İqtisadi imkanlarımızın möhkəmlənməsi sayəsində ordumuz ən müasir silahlarla, texnika ilə təchiz edilir. Son illərdə alınan yüzlərlə zirehli texnika, gözətçi və hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən qurğular, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi, nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, yeni nəsil artilleriya qurğuları, əməliyyat-taktiki raket kompleksləri müdafiə qüdrətimizi daha da gücləndirir.

Son illərdə hərbi sahədə aparılan islahatlar diplomatiyada, döyüş meydanlarında qələbəyə inamı artırır. Dünyanın ən böyük təşkilatlarından olan, sabitlik, sülh və təhlükəsizliyin bərqərar olmasında önəmli xidmətləri ilə seçilən , beynəlxalq hüququn normalarına, ərazi bütövlüyü prinsiplərinə, bütün üzvlərin suverenliyinə və müstəqilliyinə sadiq qalan Qoşulmama Hərəkatına üzv olan Azərbaycanın NATO ilə münasibətlərinin möhkəmlənməsi Silahlı Qüvvələrimizin ən qüdrətli ordularla eyni sırada yer almasnı şərtləndirir.

Bu günlərdə Soçidə keçirilən Valday beynəlxalq diskussiya klubunun XVI illik iclasının plenar sessiyasında iştirak edən Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyana ünvanlanan qətiyyətli cavabı, Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan tam azad etməyə hazır olması mesajı Aprel döyüşlərinin təkrarlanmasından ehtiyatlanan düşməni qorxudur. Sessiyada çıxış edərək ən mürəkkəb münaqişə ocağı kimi Ermənistan -Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaratdığı çətinlikləri diqqətə çatdıran Prezident İlham Əliyev Ermənistanın baş nazirinin sərsəmləməsi olan “ Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatına verdiyi qətiyyətli cavabı ilə də müstəqil, diplomatiyası beynəlxalq səviyyədə dəstəklənən bir dövlətin qüdrətli başçısı, yenilməz sərkərdə olduğunu bildirdi: “ Qarabağ tarixi , əzəli Azərbaycan torpağıdır. Beləliklə Qarabağ Azərbaycanındır və nida işarəsi.”

Ali Baş Komandan İlham Əliyevin “nida”sının mahiyyətini torpaqlarımızı işğaldan tam azad etməklə bildirəcək Azərbaycan Silahlı Qüvvələri əsgərlərinin Paşinyana qulaqburması verəcəyi vaxt uzaqda deyil. Ermənistanın sınıq-salxaq, fərariliyin baş alıb getdiyi ordusundan qat-qat üstün olduğunu sübut etmək qüdrətində olan əsgərlərimiz Ali Baş Komandanın əmrinə həmişə hazırdır. Silahlı Qüvvələrimizin əsgərləri Ali Baş Komandanımızın “nida”sından ilham alaraq Paşinyanın xəstə təfəkküründən qaynaqlanan “nöqtə”sini Xankəndidə dalğalanacaq üçrəngli bayrağımızla “nöqtələyəcək.” Paşinyan bütün durğu işarələrindən necə və hansı halda istifadə etməyi öyrənəcək. O zaman isə Paşinyanın çox saylı “?”lara cavab vermək imkanı qalmayacaq.

Xuraman İsmayılqızı, “İki sahil”