15 fevral 2019 10:21
2626

Prezident İlham Əliyevdən tələbələrə hədiyyə…

Dövlətimizin başçısının imzaladığı Fərman və sərəncamlarla müxtəlif kateqoriyalar üzrə tələbələrə verilən təqaüdlər artırıldı


Bu gün hər kəs anlayır ki, Azərbaycanda milli tərəqqinin yeganə yolu elm və təhsilin, yeni biliklərin, intellektual əməyin inkişafından, habelə kompyuter və informasiya texnologiyalarının bütün idarəetmə səviyyələrində geniş tətbiqindən keçir. Bu reallıq nəzərə alınaraq dövlətin uğurlu elm və təhsil siyasəti, bu sahədə özünü göstərən bir sıra problemlərin həlli mühüm əhəmiyyət kəsb edir. Bir faktı da qeyd edək ki, ölkədə təhsilə xüsusi diqqət yetirilməsi respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, geniş maliyyə imkanları qazanması ilə şərtlənir. Ona görə də təhsilin bütün istiqamətlər üzrə proporsional inkişafı ciddi investisiya tələb edən məsələ olduğundan dövlətin son illərdəki maliyyə imkanları bu sahədə qlobal layihələrin icrasına başlamağa münbit şərait yaratmışdır.

Bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Azərbaycan xalqı xoşbəxtdir ki, bu gün Prezident İlham Əliyev Ümummilli Liderin həyata keçirdiyi həmin siyasəti uğurla davam etdirir. Hazırda Azərbaycanda məktəblərin 90 faizindən çoxu kompyuter və digər informasiya-kommunikasiya texnologiyaları (İKT) avadanlığı ilə təchiz edilmişdir. Ölkədə 15 mindən çox İKT üzrə treninq-kursdan keçmiş müəllim vardır. Artıq respublikada 20 şagirdə bir kompyuter nisbəti həll edilmişdir. Bir sözlə, təhsil sahəsində Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər yüksək nəticələrin əldə olunmasına əlverişli şərait yaradır.

Bütün görülən işlərlə yanaşı, dövlət tələbələri də diqqət mərkəzində saxlayır. Mütəmadi olaraq dövlətimizin başçısının müvafiq Sərəncam və fərmanlar ilə onların təqaüdləri artırılır, yüksək səviyyəli təhsil almaları üçün bütün imkanlar yaradılır. Elə bu il də Prezident İlham Əliyev imzaladığı Fərman və sərəncamlarla tələbələrə növbəti hədiyyəsini etmiş oldu.

Belə ki, ötən gün Prezident İlham Əliyev doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə imzaladığı Sərəncamla doktorantura pilləsi üzrə elmlər doktoru hazırlığı üzrə doktorantlara 300 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara 180 manat, ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında adlı təqaüd alan tələbələrə 170 manat, magistratura səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələrə 145 manat, akademik göstəriciləri 71-100 bal olan tələbələrə 120 manat, akademik göstəriciləri 51-100 bal olan tələbələrə 80 manat, bakalavriat səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələrə 130 manat, akademik göstəriciləri 71-100 bal olan tələbələrə 110 manat, akademik göstəriciləri 51-100 bal olan tələbələrə 75 manat, orta ixtisas təhsili müəssisələrində akademik göstəriciləri 91-100 bal olan tələbələrə 75 manat, akademik göstəriciləri 71-100 bal olan tələbələrə 60 manat, akademik göstəriciləri 51-100 bal olan tələbələrə 50 manat və peşə təhsili müəssisələrinin tələbələrinə 50 manat səviyyəsində müəyyənləşdirdi.

Bununla yanaşı, Prezident İlham Əliyev yüksəkixtisaslı, peşəkar kadrların hazırlanmasına dövlət qayğısının artırılması və təhsildə yüksək nəticələr əldə edən tələbələrin təqaüd almaları üçün əlavə imkanların yaradılması məqsədilə imzaladığı Sərəncamla ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu ilin martın 1-dən 16000 vahid artırılacaq və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılacaq. Həmçinin dövlətimizin başçısının imzaladığı Fərmanla Azərbaycan Respublikasında təhsil sahəsində ən yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək məqsədilə bu kateqoriyadan olan tələbələrə verilən təqaüd 185 manatdan 210 manata çatdırılacaq.

Göründüyü kimi, Prezident İlham Əliyev təqaüdləri artırmaqla tələbələrin daha da həvəsləndirilməsini, təhsil prosesində yüksək nailiyyətlər əldə etməsini, həmçinin onların sosial müdafiəsini gücləndirmək məqsədini reallaşdırmış oldu. Heç şubhə yoxdur ki, Prezident İlham Əliyevin tələbələrin təhsil prosesində stimullaşdırılması üçün atdığı bu addımlar onların böyük sevincinə səbəb olacaq.

Zamin Məmmədov, “İki sahil”