22 sentyabr 2020 18:24
1260

Prezident İlham Əliyevin COVID-19-a qarşı ciddi mübarizə tədbirləri nümunəvi mahiyyət daşıyır

Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev iclasda videoformatda çıxış edib. Dünya üzrə 182 ölkə arasında Azərbaycanın dövlət başçısının sayca altıncı çıxış etməsi şübhəsiz ki, Prezident İlham Əliyevə həm Azərbaycanın dövlət başçısı, həm də Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq səviyyədə göstərilən hörmət və etimadın təzahürüdür. Qeyd edək ki, dövlətimizin başçısı çıxışını iki hissədə – Qoşulmama Hərəkatının sədri və Azərbaycan Prezidenti kimi edib.

Dövlət başçısı çıxışı zamanı bir çox mühüm məqamlardan, eləcə də Azərbaycanda COVID-19 ilə bağlı vəziyyətin nəzarət altında  olmasından  bəhs edib: “Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırmışdır. Biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə töhfələri etmişik. COVID pandemiyası ərzində Azərbaycan 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib”.

 Azərbaycanda koronavirus pandemiyası ilə mübarizənin ilk vaxtlarında iqtisadi və maliyyə risklərinə baxmayaraq, vətəndaşların sağlamlığının qorunması üçün Prezident Əliyevin rəhbərliyi ilə vaxtında düzgün siyasət aparıldı və zəruri addımlar  atıldı. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən hər zaman olduğu kimi,  pandemiyaya ilə mübarizənin davam etdiyi çətin dönəmdə də vəndaşların rifahının daha da yaxşılaşdırılması, siyasi, iqtisadi və digər sahələrdə görülən işlər qısa bir zamanda öz müsbət nəticələrini göstərib. Dövlətimiz yalnız öz mənbələri hesabına pandemiya ilə mübarizə üzrə təsirli tədbirlər planını həyata keçirir. Bu tədbirlər sırasında Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyətə başlaması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını qeyd edə bilərik. Bununla yanaşı, kütləvi yoluxmanın qarşısını almaq üçün demək olar ki, dərhal respublikada vəziyyət nəzarət altına alındı. Vaxtında təhsil prosesi dayandırıldı, bütün kütləvi tədbirlər ləğv edildi və təxirə salındı, ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırıldı. Bütün bu addımlar koronavirusun qarşısının alınmasında müstəsna rol oynadı. Xüsusi karantin rejimi tətbiq edildi, vətəndaşlar sutkanın yalnız müəyyən vaxtında, “SMS icazəsi” ilə evlərini tərk edə bildilər. Bakı Metropoliteninin işi dayandırıldı, yerüstü ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırıldı. Xüsusi karantin rejimi dövründə həyata keçirilmiş “Biz birlikdə güclüyük!” adlı sosial aksiya sayəsində aztəminatlı ailələrə 100 mindən çox ərzaq paketi paylandı. Aksiyada iştirak edənlərin sayı hər gün artır, həm dövlət, həm də özəl şirkətlər bu təşəbbüsə qoşulur.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Azərbaycanda tibbi maskalar istehsal edən müəssisə açıldı. Bu müəssisənin istehsal həcmi gündə 250 min ədəd təşkil edir. Eyni zamanda, ölkədə dezinfeksiyaedici məhsullar, spirt və digər qoruyucu vasitələr istehsal olunur, bununla da pandemiyada bu məhsulların xarici idxaldan asılılığı minimuma endirilib.  Ölkəmizə Avropa istehsalı olan laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr vaxtında gətirilərək tibb müəssisələrinə təhvil verildi. Yeni laboratoriyalar formalaşdırıldı. Ölkədə mövcud olan müasir laboratoriyaların sayını artırmaqla, son bir neçə ay ərzində koronavirusa görə testlərin sayı əhəmiyyətli dərəcədə artırılıb. Bu gün adambaşına düşən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Qısa zamanda səhiyyə sisteminin effektiv fəaliyyətini təmin edən addımlar atıldı, modul tipli xəstəxanalar quruldu. Yaxın gələcəkdə modul tipli xəstəxanaların sayı bütövlükdə 16-ya çatdırılacaq və beləliklə, təkcə bu xəstəxanalarda 3200 koronavirus xəstəsi müalicə ala biləcək. Bundan başqa ölkədə 46 xəstəxana koronavirus xəstələrinə xidmət göstərmək üçün ayrıldı. 575 çarpayılıq “Yeni klinika” fəaliyyətə başladı, Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq xəstəxana istifadəyə verildi. Bu yaxınlarda isə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan 820 yerlik modul tipli növbəti hospitalın açılışı oldu. Eyni zamanda, dövlətin həkimlərə, səhiyyə işçilərinə xüsusi diqqəti də bu sahəyə marağı artırıb. Səhiyyə sistemində çalışan insanlar daim dövlətin qayğısı ilə əhatə olunublar. Prezidentin Sərəncamı ilə tibb işçilərinin sosial müdafiəsi gücləndirilib, dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 misli miqdarında əlavələr müəyyən edilib.Bu, Azərbaycanda qısa müddət ərzində həyata keçirilən tədbirlərin yalnız kiçik bir hissəsidir. Buna görə də, əminliklə deyə bilərik ki, ölkə lideri İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan hökuməti koronavirusu məğlub etdi, bu gün ölkədə yoluxmuş insanların dinamikası bərpa olunanlardan azdır. Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq virusun geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində Rusiya, Türkiyə, Kuba, Çindən  yeni növ koronavirus (COVID-19) sahəsində çalışan bir qrup xarici mütəxəssislər də Azərbaycana gətirilib.Ölkəmizə gələn xarici mütəxəssislərin əsas qeydlərindən biri ondan ibarət idi ki, Azərbaycandakı xəstəxanalar Ümumdünya Səhiyyə Təşkilatının müalicə protokollarında təsdiq olunmuş bütün dərman preparatları ilə təchiz olunub. Təminatın yüksək olması, müalicə protokollarına dəqiqliklə əməl olunması Azərbaycanda COVID-19-dan ölüm sayının az olmasını əsas səbəblərindən biridir. Müvafiq avadanlıqların, süni tənəffüs aparatlarının düzgün tətbiqi də burada mühüm rol oynayıb. Bütün bunlar həm də bizim həkimlərimizin yüksək peşəkarlığından xəbər verir.

Bundan əlavə, görülən bütün tədbirlərin strategiyası pandemiyanın nəticələrinin milli iqtisadiyyata mənfi təsirini azaltmağa, vətəndaşların sosial rifah halının pisləşməsinin qarşısını almağa, sahibkarların, muzdlu işçilərin, aztəminatlı təbəqənin hüquqlarının təminatına, o cümlədən pandemiyadan sonra iqtisadiyyatın inkişafına hesablanıb. Prezident İlham Əliyevin şəxsi nəzarəti altında həyata keçirilən və iqtisadiyyatın bütün həssas sahələrinə dövlət dəstəyi göstərməyə yönəlmiş geniş fəaliyyət qeyd edilməlidir. Pandemiya zamanı iş yerlərinin qorunması, koronavirusdan zərər görən fərdi sahibkarlara maddi dəstək, o cümlədən vergi güzəştləri və vergi tətilləri verməklə Azərbaycan hökuməti sahibkarların vergi yükünü yüngülləşdirmək, kreditləri stimullaşdırmaq və ən əsası əhaliyə birbaşa sosial dəstək göstərmək baxımından mühüm addımlar atır.

Sevindirici haldır ki, həyata keçirilən operativ və zəruri tədbirlər daha iz itkilər, effektiv və uğurlu nəticələrə səbəb olub. Bu tədbirlər virusun daha böyük miqyasda yayılmasının qarşısını almağa, yoluxanların müalicəsi üçün imkanların genişləndirilməsinə şərait yaradıb. Nəticədə sağalanların sayı yoluxanların sayını üstələyib və biz müsbət dinamika əldə etmişik.  Belə ki, iyulun 16-dan etibarən yoluxma və sağalma sayında müşahidə olunan müsbət dinamika qorunmaqda davam edir.   Ötən altı ay ərzində məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməsi, eyni zamanda, yumşalma addımları atılıb.

Xatırladaq ki, sentyabrın 22-nə olan statistik məlumata əsasən,  Azərbaycanda  koronavirus infeksiyasından daha 113 nəfər müalicə olunaraq sağalıb, 98 yeni yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 39 min 378 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 36 min 949 nəfər müalicə olunaraq sağalıb, 578 nəfər vəfat edib. Aktiv xəstə sayı 1851 nəfərdir. Sentyabrın 22-də 6672 koronavirus testi, ötən müddət ərzində 1 milyon 64 min 475 test aparılıb.

Bu gün Azərbaycan "Biz birlikdə güclüyük!" şüarı ilə pandemiyaya qarşı mübarizədə effektiv nümunə yarada bilib. Bu gün dövlətin görmüş olduğu önləyici tədbirlərin nəticəsi olaraq koronavirusa yoluxma sayında azalma müşahidə olunur. Eyni zamanda, bu virusa yoluxmuş insanların mütləq əksəriyyəti sağalaraq evlərinə göndərilib. Virusdan qorunmaq və bu xəstəliyin profilaktikasının öyrənilməsi istiqamətində də mühüm addımlar atılıb. Ötən altı ay ərzində məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməsi, eyni zamanda, yumşalma addımları atılıb. Müsbət dinamika davam edərsə və xəstələrin sayında artım olmazsa, yumşalma tədbirləri davam etdiriləcək.

COVID-19 yeni tip virus olduğundan tam şəkildə müalicəsi hələ ki, yoxdur. Vaksinin hazırlanmasına müəyyən qədər vaxt tələb olunduğundan bu virusla birgə yaşamağa öyrənməliyik. Peyvəndin tapılmasına qədər virusun yayılmasının qarşısının alınmasının hələlik ən effektiv yolu insanların kütləvi şəkildə toplaşmasının məhdudlaşdırılması, fiziki məsafənin saxlanılması və tibbi qoruyucu vasitələrdən istifadədir. Unutmamalıyıq ki, qaydalara əməl etməmək virusun yenidən geniş yayılmasına səbəb ola bilər. Həyata keçirilən tədbirləri, işləri yarımçıq qoymamaq və əldə olunan nəticələri davam etdirmək, uğurlu sonluğa çatmaq üçün pandemiya dövründə karantin qaydalarına daha da məsuliyyətli və diqqətli şəkildə əməl etməliyik.

Yaqut Ağaşahqızı, “İki sahil”