11 sentyabr 2019 11:01
309

Prezident İlham Əliyevin modern sosial siyasətinin qloballığı və əhəmiyyəti ondadır ki...

İndi yalnız bölgənin deyil, həm də  dünyanın ən aparıcı ölkəsinə çevrilmək iddiasını ortaya qoyan Azərbaycan dövləti bu niyyətini gerçəkləşdirmək üçün zəruri olan siyasi, sosial və iqtisadi prioritetləri yarada bilib. Daha doğrusu, ötən illər ərzində ölkəmiz iqtisadi qüdrətini hərbi, sosial və mədəni gücə çevirməyi bacarıb. Nəticə isə çox qürurvericidir: Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşıb. Bu, modern Azərbaycan dövləti modelidir. Bu modelin çox diqqətçəkici istiqamətlərindən biri də sosial sahədir. İlham Əliyevin modern sosial siyasətinin qloballığı və əhəmiyyəti ondadır ki,  inkişafyönümlü prinsiplərə söykənir.

Azərbaycan dövlətinin sosial siyasətinin fəlsəfəsi iqtisadi inkişafın nəticələrini əhalinin rifah halını yüksəltməyə yönəltməkdir. Bu prinsip indi daha geniş şəkildə  davam etdirilir. Bir sözlə, dövlətimiz daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Xüsusilə də şəhid ailələri və Qarabağ müharibəsi əlilləri və onların ailə üzvləri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur, bu kateqoriyaya aid olan insanlara mənzillər, avtomobillər verilir, güzəşt və müxtəlif kompensasiyalarla təmin edilirlər.

Beləliklə, sosial sahə üzrə görülən işlər bir tərəfdən Azərbaycan dövlətinin gücünü, digər tərəfdən də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin effektivliyini, reallaşdırılan islahatların yüksək praktiki nəticələr verdiyini göstərir. Yəni 2019-cu ilin əvvəlindən başlayaraq dövlət başçısının imzaladığı Fərman və sərəncamlar əsasında reallaşdırılan böyük sosial tədbirlər paketi bütün kateqoriyalardan olan vətəndaşların rifah halını yüksəldib.

Cənab Prezidentin 2 sosial paketi ümumilikdə 3 milyondan çox vətəndaşı əhatə edib. İki sosial paket çərçivəsində reallaşan uğurlu göstəricilərə nəzər yetirdikdə bunu aydın şəkildə görə bilərik. Beləliklə, iki sosial paket milyonlarla insanı əhatə etməklə onun maliyyə tutumu bu il üçün 2,3 milyard manat, gələn il üçün isə 3 milyard manat hesablanıb. Bu isə o deməkdir ki, Azərbaycanda bir il ərzində iki dəfə minimum əməkhaqqı və minimum pensiya artırılıb. Ölkəmiz bu göstərici üzrə MDB-də müvafiq olaraq 1-ci yerdə qərarlaşıb.

Bütün bunlar ölkə vətəndaşlarının güzəranının yaxşılaşdırılması üçün atılan növbəti addımdır və sosial rifahın yüksəldilməsinə dair həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin miqyasının getdikcə artdığını göstərir. Şübhəsiz ki, bu islahatların başında Azərbaycan vətəndaşının maraqları və onun rifah halının yaxşılaşdırılması, həmçinin sosial ədalət və humanizm prinsipləri durur. Digər sahələrdə də həyata keçirilən islahatlar, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün göstərilən səylər onu deməyə əsas verir ki, bunlar ölkənin dinamik inkişaf etməsinə və yoxsulluğun daha da azalmasına səbəb olacaq.

Prezident İlham Əliyevin sosial islahatlarla bağlı ilin əvvəlindən başlayaraq imzaladığı Fərman və sərəncamlar onu deməyə əsas verir ki, 2019-cu il böyük sosial səmərəlilik ilidir və ölkəmizin tarixinə sosial islahatlar ili kimi yazılacaq.Birinci sosial paketdəki artımlar ciddi uğurlarla zəngindir. Belə ki, minimum əməkhaqqı 130 manatdan 180 manata yüksəldi, 600 min işçinin əməkhaqqısı artırıldı, 14 kateqoriyaya aid şəxslər üzrə sosial müavinətlər 100 faiz artdı, 9 kateqoriya üzrə Prezidentin aylıq təqaüdü orta hesabla 100 faiz artdı, 450 min nəfərin əməkhaqqında 30 faiz, 150 min nəfərdə isə 25 faiz artım oldu, 223 min insanın pensiya təminatı yaxşılaşdırıldı, 100 minə yaxın tələbənin təqaüdü artırıldı, minimum pensiyalar 116 manatdan 160 manata yüksəldi, Milli Qəhrəmanlar üçün Prezident təqaüdü 1000 manatdan 1300 manata qalxdı, səhid ailəsinə verilən təqaüd 242 manatdan 300 manata qaldırıldı, Əfqanıstan şəhidlərinin ailəsinə verilən müavinət 300 manat oldu, 2 yeni təqaüd növü təsis edildi, 800 mindən çox insanın problemli krediti həll edildi, çoxmənzilli binalardakı mənzil probleminin həlli 300-400 insanı əhatə etdi, 3 milyona yaxın insan dövlətin sosial təşəbbüslərinin icrasından faydalandı, sosial məsələlərin həllinə ümumilikdə 1,6 milyard manat vəsait yönləndirildi. Bununla da həmin artımlardan 830 min insan yararlandı.

İkinci sosial paketdən isə 1 milyonadək insan yararlanıb. Bu paketdə dövlət büdcəsindən daha böyük maliyyə vəsaiti ayrılıb. Bu paketdə minimum əməkhaqqı 180 manatdan 250 manata yüksəlib, 1 milyon 350 min işçinin əməkhaqqısı artırılıb, 950 min nəfərin (600 min dövlət, 350 min qeyri-dövlət sektoru) maaşı, o cümlədən büdcədən maliyyələşən 400 min nəfərin vəzifə maaşları 20-50 faiz yüksəlib, artım üçün büdcədən illik 780 milyon manat əlavə vəsait ayrılıb, minimum əməkhaqqının məbləği 92,3 faiz artırılıb, minimum əməkhaqqı yaşayış minimumunu (180 manat) 40 faiz üstələyib. Digər önəmli fakt odur ki, 750 min pensiyaçıya verilən vəsait isə oktyabrın 1-dən artırılmaqla pensiyanın minimum məbləği 160 manatdan 200 manata çatdırılacaq. Bu artım 660 min nəfər pensiyaçını əhatə edəcək. Bununla pensiyanın minimum məbləği il ərzində 72,4 faiz artırılmış olacaq. Ümumiyyətlə, iki sosial paketin 2 illik maliyyə tutumu 5,3 milyard manat olacaqdır.

Əminliklə deyə bilərik ki, bu islahatlar ölkədəki sabitliyin, iqtisadi inkişafın nəticəsidir və davamlı olacağı şübhəsizdir.

Elçin Zaman,

“İki sahil”