01 iyul 2020 16:46
1351

Prezident İlham Əliyevin ümumbəşəri təhlükəyə qarşı qlobal çağırışı

Təşəbbüsün əsas fəlsəfəsi odur ki, geosiyasi ambisiyalar kənara qoyulsun və bu bəlaya qarşı səmərəli mübarizə aparılsın

Bəşəriyyət böyük çaşqınlıq içərisində COVID-19 pandemiyasından  xilas olmaq üçün ciddi səylər göstərir. Bu gün dövlətlər və beynəlxalq təşkilatlar həm də postpandemiya dövründə dövlətlərin, xalqların necə hərəkət etməsi barədə düşünürlər. Bu, bir reallıqdır ki, dünya indiyədək belə çətin vəziyyətə düşməmişdi. İnsanlar həlak olur, sağlamlıqları ciddi şəkildə pozulur. Bununla bərabər, iqtisadiyat çökür, 10 milyonlarla işsizlər ordusu yaranır. Məhz belə bir məqamda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etməsi vaxtında verimiş qərar və təqdirəlayiq hadisədir.

Bu gün təbii ki, belə ağır durumda özünütəcrid və franqmentar xarakter daşıyan tədbirlərə deyil,  problemin həlli üçün qlobal həmrəyliyə və qlobal baxışlara böyük ehtiyac vardır. Dünyada COVID-19 pandemiyasının başlanmasından etibarən bu tendensiyanı yüksək dəyərləndirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır.

Təəssüf ki, bu günə kimi beynəlxalq münasibətlər sistemində BMT və onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu görünmür, dünyanın aparıcı ölkələri qlobal liderlik əzəzinə geosiyasi rəqabət və özünütəcridə kökləniblər. Böyük dövlətlər və beynəlxalq təşkilatlardan qlobal liderlik gözlənilsə də bu, baş vermir. Daha çox özünütəcrid, milli eqoizm xarakteri daşıyan və fraqmentar addımlar atılır. Hətta BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü fikir ayrılığına görə baş tutmadı. BMT Baş Məclisi çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də onların da əksəriyyəti uğurla nəticələnmədi və yalnız deklarativ mətnlərlə yekunlaşdı.

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının (QH) sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də QH-nin Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü təşkil edildi. Bu tədbirdə QH-ya üzv dövlətlərlə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər. Tərkibində 120 ölkəni birləşdirən QH BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisatdır. Bundan başqa, Azərbaycan COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırmış, 30-dan artıq dövlətə humanitar yardım etmişdir.

Prezident İlham Əliyev QH-nin onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. BMT Nizamnaməsinə əsasən, BMT Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilmişdir.

Təklif Nyu-Yorkda 120 QH üzv ölkələri arasında yekdilliklə razılaşdırılmış və bunun ardınca QH-nin sədri Prezident İlham Əliyev QH ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT-nin Baş katibi Antonio Quterreşə müraciət ünvanlamışdır.

BMT-nin Baş katibi 28 may tarixində BMT Baş Assambleyasının «Prosedur Qaydaları» adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni 27 iyun tarixinə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş etmişdir. Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir) təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan tərəfində olan rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130-a qədər ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırmışlar.

Qürurverici faktdır ki, 130-a qədər BMT-nin üzv dövləti tərəfindən QH-nin sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir. 

Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət isə Ermənistan olmuşdur. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bir daha bütün dünya Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu. Bu da digər faktdır ki, bölgədə koronavirusa qarşı mübarizədə ən bərbad durum məhz Ermənistandadır. Burada ölüm faktları və yoluxmalar hər gün böyük miqyasda armaqdadır.

Qeyd edək ki, təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər vardır. Həmin  dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevinin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır.  

Yaxın günlərdə BMT Baş katibi tərəfindən üzv dövlətlərə rəsmi qaydada məlumat verilməsi gözlənilir. Azərbaycan tərəfi ümid edir ki, xüsusi sessiya mümkün qədər tez bir zamanda təşkil olunacaqdır. Prezident İlham Əliyevin irəli sürdüyü və QH ölkələrinin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul ediliyi üçün xüsusi sessiyasının keçirilməsi artıq təkcə QH ölkələrinin deyil, BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilmişdir.

Xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam səfərbər olunmasına şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcəkdir. COVID-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dünya ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində  dünya parlamenti adlandırılan BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində dövlətlərin təcili və təxirəsalınmadan bir araya gəlməsinə, planeti bürüyən COVID-19 bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapmasına böyük ehtiyac və tələbat vardır.

Ən başlıcası isə bütün dünya görəcək ki, heç bir dövlətin irəli gəlib bu ümumi bəlaya qarşı mübarizə prosesində ən yüksək səviyyədə, BMT Baş Assambleyası səviyyəsində ideya, təşəbbüs ortaya qoymadığı bir çoxları özünə qapanıb izolyasiya yolunu seçdiyi, bir çox böyük dövlətlərin geosiyasi maraqlarının yenidən üzə çıxdığı reallığında Azərbaycan dövləti, onun başçısı  İlham Əliyev bütün ölkələri həmrəyliyə, böyük məsuliyyət ortaya qoymağa çağırır. Bu çağırışın əsas fəlsəfəsi odur ki, gəlin birləşək, geosiyasi ambisiyanı kənara qoyub gözəgörünməz düşmənə qarşı birgə mübarizə aparaq. «Biz birlikdə güclüyük!»-deyən cənab Prezidentin bu çağırışı qlobal miqyasda böyük əhəmiyyət və məna kəsb edir. Bu təşəbbüsün özünə «Biz birlikdə güclüyük!» məntiqindən çıxış edərək qiymət vermək lazımdır. BMT-nın 193 üzv dövləti bir yerdə olub ümumi bəlaya qarşı bir mövqedən çıxış edərsə, biz mütləq qalib gələ bilərik.

Elçin Zaman,

«İki sahil»