24 fevral 2020 19:06
1324

Prezident rəhbər şəxsləri İranla sərhədə göndərdi

Koronavirus təhlükəsi ilə əlaqədar aidiyyəti qurumların rəhbər şəxsləri “Astara” və “Biləsuvar” buraxılış məntəqələrində olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə fevralın 24-də Dövlət Sərhəd Xidmətinin (DSX), Dövlət Gömrük Komitəsinin, Daxili İşlər, Fövqəladə Hallar, Səhiyyə nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin rəhbər vəzifəli şəxsləri və mütəxəssislər İran İslam Respublikası ilə dövlət sərhədindəki “Astara” və “Biləsuvar” buraxılış məntəqələrinə səfər ediblər.

DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, səfər çərçivəsində son vaxtlar İran İslam Respublikasında müşahidə olunan koronavirus epidemiyasına qarşı dövlət sərhədindən buraxılış məntəqələrində həyata keçirilən qabaqlayıcı tədbirlərin gücləndirilməsi, bu xəstəliyə yoluxmalarına şübhə yaranan şəxslərin vaxtında aşkarlanması və tibbi təxliyəsi üzrə hazırlığın vəziyyəti nəzərdən keçirilib.

Gücləndirilmiş iş rejimində fəaliyyət göstərən dövlət sərhədindən buraxılış məntəqələrində ölkə ərazisinə daxil olan şəxslərin bədən hərarətinin xüsusi avadanlıq vasitəsilə yoxlanılması, əlavə tibbi heyətin və təcili tibbi yardım avtomobillərinin birbaşa postların ərazisinə cəlb olunması və 24 saat növbəli rejimdə fasiləsiz fəaliyyət göstərmələri ilə bağlı monitorinq keçirilib.

Müzakirələr zamanı bu günədək xəstəliyə yoluxma ilə bağlı şübhələrin olmaması nəzərə alınmaqla gələcəkdə ehtimal edilən riskli hallarda birgə fəaliyyətin əlaqələndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb. Həmçinin dövlət sərhədindən keçən şəxslərin bu epidemiya barədə maarifləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.