10 avqust 2020 18:13
1564

Prezident tapşırığı: Azərbaycanda halal pul qazanmaq üçün kifayət qədər imkanlar var

Dövlətimizin başçısı İlham Əliyevin Fərmanı əsasında Azərbaycan İnvestisiya Holdinqinin yaradılması ilə dövlət müəssisələrinin fəaliyyəti aydın, ölçülə bilən  və şəffaf səmərəlilik göstəriciləri  vasitəsilə müəyyən ediləcək

 

  Dövlətimizin başçısı İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə günümüzün əsas çağırışlarını diqqətə çatdırdı: İnsanların sağlamlığı,  sosial vəziyyəti və iqtisadi dayanıqlılığın təmin olunması. Təbii ki, davamlı iqtisadi inkişafa nail olmadan insanların sağlamlığının və sosial vəziyyətinin yaxşılaşdırılmasından  danışmaq qeyri-mümkündür. Koronavirus infeksiyasına  qarşı mübarizə tədbirlərinə başlandığı gündən həyata keçirilən tədbirlərin tərkibinə diqqət yetirsək bu amilin rolunu daha aydın görərik. Koronavirus xəstələrinin  müalicəsi üçün yeni xəstəxanaların tikilib istifadəyə verilməsi, işsiz və karantin dövründə müvəqqəti işsiz qalan vətəndaşlara birdəfəlik yardımların göstərilməsi, bir sözlə, dövlətimizin başçısı İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamı əsasında  4 sektoru və 20 fəaliyyət sahəsini əhatə edən 10 yardım proqramının həyata keçirilməsi və sair kimi addımlar deyilənlərin təsdiqidir. «Bizim güclü iqtisadi imkanlarımız olmasa, bütün niyyətlərimiz kağızda qalacaq» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki,  biz istəyirik bu işləri elə görək ki, ölkə inkişaf etsin, ölkənin gələcəyi qeyri-neft sektorunun inkişafı hesabına təmin edilsin: «Əlbəttə, makroiqtisadi vəziyyətin sabit qalması sevindirici amildir, inflyasiya təqribən 3 faiz ətrafındadır və artıq məlumat verildi ki, bizdə xarici borc artmayıb. Ümumi daxili məhsula nisbətdə ola bilsin ki, artıb, çünki ümumi daxili məhsul bizdə azalır və azalacaq. Ancaq bizdə mütləq rəqəmlərdə xarici borc artmayıb və hesab edirəm ki, ilin sonuna qədər azalmalıdır.»

        Pandemiyanın zərər vurduğu fəaliyyət sahələrindən biri kimi sahibkarlığın inkişafına  dövlət dəstəyi davamlılığı ilə diqqət çəkib.  Bu dövrdə  əhalinin məşğulluq imkanlarının artırılması da prioritet fəaliyyət istiqamətlərindən biridir. Bu  məqsədlə məşğulluq orqanlarının fəaliyyəti gücləndirilib. DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılması həyata keçirilib. Ümumilikdə ictimai iş yerlərinin sayı 90 minə çatıb. 

   Həyata keçirilən Tədbirlər Planının digər istiqamətlərindən biri də  özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsidir.   2020-ci il ərzində 12 minə yaxın ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulub. Sosial müdafiə tədbirləri  çərçivəsində  aztəminatlı ailələr üçün sosial yardım proqramının icrasını da xüsusi qeyd etməliyik. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında da bu məqam öz əksini tapır ki, Dövlət proqramlarında qarşıdakı dövr üçün vəzifələr müəyyənləşdirilməklə yanaşı, icra mexanizmləri, həmçinin ayrılacaq maliyyə vəsaiti öz əksini tapır. Cənab İlham Əliyevin  Sərəncamı əsasında təsdiqlənən “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” da 2006-2015-ci illəri əhatə edən  Məşğulluq Strategiyasının  davamı kimi dəyərləndirilir. Belə ki, qeyd olunan strategiyanın icrası müddətində işsizlik səviyyəsi 7,3 faizdən 5 faizədək, yoxsulluq səviyyəsi 29,3 faizdən 4,9 faizədək azalıb, əhalinin gəlirləri 5,2 dəfə, minimum əməkhaqqı 3,5 dəfə, orta aylıq nominal əməkhaqqı 3,8 dəfə artıb. İşsizlərin, işə düzəlməkdə çətinlik çəkən vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının təkmilləşdirilməsi, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşması və rəqabətqabiliyyətliliyinin artması, iqtisadi fəallığın yüksəlməsi üçün əlverişli şərait yaradılması sahəsində mühüm  tədbirlər həyata keçirilərək uğurlu nəticələr əldə olunub. Regionlarda məşğulluğun artırılması üçün ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına göstərilən diqqət və qayğı da bu nəticələr sırasındadır. Belə ki, rayonlar üzrə ixtisaslaşmanın həyata keçirilməsi, hər bir bölgənin malik olduğu potensial imkanlarına, iqliminə uyğun olaraq kənd təsərrüfatı məhsullarının yetişdirilməsi məqsədilə kiçik və orta sahibkarlara davamlı dəstəyin göstərilməsi bugünümüzün reallıqları sırasındandır.  2013-2020-ci illəri əhatə edən  mərhələdə Azərbaycanın hədəfi inkişaf etmiş ölkələrlə eyni sırada addımlamaq, yüksək gəlirli ölkəyə çevrilmək, bu günə qədər 3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaqdır.  Göstərilən məqsədə çatmaq üçün bazar iqtisadiyyatı şəraitində sağlam rəqabəti təmin edən düşünülmüş dövlət tənzimlənməsi, enerjidən səmərəli istifadə və yüksək əlavə dəyər yaradan ixracyönümlü iqtisadiyyata transformasiya və sosial-iqtisadi sahələrin inkişafına  kompleks yanaşma əsas prinsiplər kimi  diqqət mərkəzində saxlanılır.

  Ötən il ölkəmizin iqtisadi və maliyyə imkanlarının artması fonunda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar da diqqətçəkən olmuşdur. 4,2 milyon insanı əhatə edən iki sosial paketin həyata keçirilməsi minimum əməkhaqqının, minimum pensiyaların, müxtəlif kateqoriyadan olan vətəndaşların   maaşlarının artmasını şərtləndirdi. Əhalinin məşğulluğunun təminatı ilə bağlı   növbəti Dövlət Proqramının icrasından ötən dövr ərzində bu sahədə əldə olunan göstəricilər də qənaətbəxşdir. ABAD mərkəzlərinin coğrafiyasının genişləndirilməsi ailə təsərrüfatlarının inkişafında əhəmiyyətli rol oynayır.  Bu gün öz məhsulları ilə bazarlara çıxan, rəqabət  şəraitində istehsal etdikləri məhsulların keyfiyyətini daha da artıran ailə təsərrüfatlarının sayı günbəgün artır. Sahibkarlara, həmçinin  dövlət  xidmətlərinin göstərilməsi sahəsində  şəffaflığın və operativliyin təmin olunması məqsədilə “Lisenziyalar və icazələr” portalı yaradılıb. Tələb budur ki,  daxili bazarımız, yerli istehsal qorunsun, inhisarçılıq hallarına qarşı mübarizə gücləndirilsin, rəqabət qabiliyyətli məhsulların istehsalı artırılsın. Qiymətlərin tənzimlənməsi,  idxala mane olan süni manelərin aradan qaldırılması istiqamətində görülən tədbirlər sayəsində korrupsiya  hallarına qarşı mübarizə gücləndirilir. Xarici investisiyaların ölkəmizə cəlb  edilməsi  istiqamətində səylərin artırılması başlıca vəzifə kimi diqqətdə saxlanılır. Xarici iş adamlarının maraq göstərdiyi Azərbaycanda ixracın təşviqi sistemi yaradılır, dünya bazarına çıxarılan məhsulların keyfiyyəti beynəlxalq standartlara uyğunlaşdırılır. Ölkə iqtisadiyyatının güclənməsinə imkan yaradan sahələrə böyük həcmli investisiyalar qoyulur, dövlət dəstəyi gücləndirilir. Bölgələrin sosial-iqtisadi vəziyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və yerli məhsulların dünya bazarlarına ixracı imkanlarının artırılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili və maddi-mənəvi, rifah halının daha da yaxşılaşdırılması, orta təbəqənin formalaşdırılması, cəmiyyət həyatında rolunun artırılması bu məqsədə yönəldilir ki, insan amilinə  diqqətin  göstəriciləri daha böyük rəqəmlərlə ifadə olunsun, sosial-iqtisadi sahədə  davamlı  inkişaf təmin edilsin. Bunun üçün  qeyri-neft sənayesinin, fermer təsərrüfatlarına investisiya qoyuluşuna, sahibkarlığa əngəl olan halların aradan qaldırılmasına diqqət artırılır.

 Məşğulluq Strategiyasında da bu kimi məqsəd və vəzifələr öz əksini tapıb. Strategiyanın məqsədi məşğulluq siyasətinin ekstensiv mərhələdən intensiv mərhələyə keçidini təmin etmək, əhalinin məşğulluq səviyyəsini artırmaq, tam məşğulluğu təmin etmək, layiqli əməyi dəstəkləmək və əmək məhsuldarlığını yüksəltməkdir. Bu rəqəm də açıqlanır ki,  son 17 ildə  2 milyondan artıq  yeni iş yeri yaradılıb ki, bunun da 1,5 milyondan çoxu   daimi iş yerləridir. Yeni  iş yerlərinin 70 faizindən çoxu regionların, mütləq əksəriyyəti qeyri-neft sektorunun  payına düşür. Strategiyanın həyata keçirilməsində əsas hədəflərdən biri işsizliyin səviyyəsini 2030-cu ilə qədər 4 faizə, qadınlar və gənclər arasında minimuma  endirməkdir. Qeyd edək ki, işsizlər arasında qadınların və gənclərin payının yüksək olması əmək bazarında müşahidə edilən əsas problemlərdəndir. Hədəflərdən biri  2025-ci ilədək bütün əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olmaqdır. O da qeyd edilir ki, əmək bazarında və ya təhsildə olmayan gənclərin  xüsusi çəkisi 2030-cu ilədək 15 faizə endirilməlidir.

Ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğı göz önündədir. Təhsilin, elmin və iqtisadiyyatın vəhdətinin yaradılması, iqtisadiyyatın elmi əsaslara söykənməsi davamlı inkişafa yol açan əsas amillərdəndir. Gənclərin dövrün çağırışlarına uyğun olaraq yeni texnologiyaların öyrənilməsinə və tətbiqinə göstərdikləri maraq yenilikçi, innovasiyalar ölkəsi olan Azərbaycanın daha da qüdrətlənməsinə davamlı töhfələr vermələrini stimullaşdırır.

Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə  Balakən, Şəki, İsmayıllı  rayonlarına səfəri çərçivəsində Balakən regional   «ASAN xidmət» kompleksinin açılışında da bu məqamı xüsusi qeyd etmişdir ki,  Azərbaycan brendi olan  “ASAN xidmət”də  gənclər siyasətimiz özünü göstərir. Çünki “ASAN xidmət” mərkəzlərində işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Gənclər üçün iş yerləri yaradılır. Azərbaycanda  könüllülər hərəkatı  öz fəaliyyətinə “ASAN xidmət”də start vermişdir. “ASAN xidmət” kadr hazırlığı baxımından da çox uğurlu təşəbbüsdür və bu  xidmətlərdə bu sahədə də apardığımız işlər öz əksini tapır.

“ASAN xidmət”in coğrafiyasının genişləndirilməsi, kiçik və orta sahibkarlığa asan dəstək funksiyasını yerinə yetirən ABAD mərkəzlərinin sayının artması, gənclərin yeni texnologiyaların öyrənilməsinə marağının artırılmasına xidmət edən tədbirlər, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına diqqət, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsin yaradılması və sair kimi biri-birindən önəmli addımlar əhalinin məşğulluğunun təminatına geniş imkanlar açır. Bu isə öz növbəsində sosial müdafiənin gücləndirilməsini şərtləndirir. Məşğulluq Strategiyasında bu hədəf də açıqlanır ki, özünüməşğulluq proqramının əhatə dairəsi 2020-ci ilədək 6 dəfəyə qədər artırılmalıdır.

    Dövlətimizin başçısı İlham Əliyev keçirdiyi son müşavirədə «Sahibkarlara dəstək bundan sonra daha da şəffaf və mütəşəkkil qaydada göstəriləcəkdir» söyləyərək vurğulamışdır ki, sahibkarlar tərəfindən də təqdim edilən layihələr gərək real bazarı nəzərə alsın. Baxmayaraq ki, dövlət tərəfindən sahibkarlara güzəştli kreditlər, eyni zamanda, metodiki tövsiyələr verilir, bəzi hallarda təqdim edilən layihələr tam təhlil edilmir. Ona görə bu məsələyə də mütləq baxmaq lazımdır.

  Cənab İlham Əliyev bu tapşırığı da diqqətə çatdırmışdır: «Azərbaycanda halal pul qazanmaq üçün kifayət qədər imkanlar var.»  Bunun sevindirici olduğunu önə çəkən ölkə Prezidenti ortaya çıxan  «Ancaq narahat edən nədir? Bəs dövlət şirkətlərinin payı? Bəs, dövlət şirkətləri tərəfindən ödənilən vergilər hansı səviyyədədir? Əgər onların vergilərini, dövlət tərəfindən onlara verilən subsidiyaları və birbaşa vəsaitin qoyuluşunu götürsək, görərik ki, nə qədər böyük fərq var. Yəni, bu, nəyi göstərir?» sualları da cavablandırmışdır. Bildirmişdir ki, bu, onu göstərir ki, dövlət şirkətləri  ölkəmizi,  iqtisadiyyatımızı aşağı aparır. Bunun başqa izahı ola bilməz.

   Bu və ya digər şirkətlərin fəaliyyətində mövcud çatışmazlıqlardan bəhs edən dövlətimizin başçısı İlham Əliyev bu istiqamətlərdə çox ciddi addımların atılmasının vacibliyini diqqətə çatdırmışdır: «Sizə tapşırıram, dövlət şirkətlərinin işi ciddi təftiş edilməlidir və yeni idarəetmə sistemi qurulmalıdır. Belə davam edə bilməz. Bu nəzarətsizlik bundan sonra davam edə bilməz.»

    Cənab  İlham Əliyevin 7 avqust 2020-ci il tarixli «Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında» Fərmanında da məqsəd dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılmasıdır. Sənəddə də vuğulandığı kimi,  ölkəmizdə  həyata keçirilən davamlı struktur islahatları iqtisadiyyatın səmərəliliyinin daha da artırılması məqsədlərinə xidmət edir. Bu istiqamətdə ölkədə institusional və tənzimləyici çərçivə təkmilləşdirilmiş, milli iqtisadiyyatın özəyi olan təsərrüfat strukturlarında idarəetmənin sağlam prinsiplər əsasında inkişafı və tam şəffaflaşması üçün möhkəm zəmin yaradılmışdır. Sözügedən islahatlar biznes mühitinin xeyli yaxşılaşmasını şərtləndirmişdir. Həmçinin ölkədə sosial-iqtisadi infrastruktur inkişaf etmiş, yeni strateji mərhələnin çağırışlarına adekvat formada qurulan idarəetmənin çevikliyi artmışdır. Fərmanda o da bildirilir ki, müasir dövrdə yalnız azad bazar münasibətlərinin hərtərəfli inkişafına, dayanıqlı özəl mülkiyyətin genişlənməsinə, daha sağlam prinsiplərə söykənən idarəçiliyə əsaslanmaqla iqtisadi inkişafı sürətləndirmək mümkündür. Buna görə də dövlətə məxsus müəssisələrin idarə olunması sisteminin təkmilləşdirilməsi, fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılması, xərclərini və risklərini optimallaşdırmaq yolu ilə onların tam sağlamlaşdırılması istiqamətində struktur islahatlarının dərinləşdirilməsi tələb olunur.

    Göründüyü kimi,   yeni inkişaf mərhələsinin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılmasıdır. Bu çağırışlar idarəçilik sistemində təkmilləşmələrə geniş yol açır ki, bu da özlüyündə ölkənin dayanıqlı inkişafını şərtləndirir.

    Dövlətimizin başçısı İlham Əliyevin hər çıxışında idarəetmə sahəsində təkmilləşmənin prioritetliyi xüsusi olaraq önə çəkilir. «Ümumiyyətlə, idarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac var. Mən bunu demişəm, bu gün də, əvvəlki çıxışlarda da. Hər bir sahədə inkişaf üçün böyük meydan var. Hər bir sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işinə vicdanla yanaşarlarsa, mütləq nəticə də olacaq. Bu, ictimaiyyət tərəfindən də mütləq yüksək qiymətləndiriləcək. Ona görə bir daha demək istəyirəm ki, yerli və mərkəzi icra orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar» söyləyən ölkə Prezidenti  davamlı inkişafı şərtləndirən amilləri əsaslı şəkildə diqqətə çatdırmışdır. Təbii ki, uğurlarımızın əsasında islahatların zamanın və dövrün tələblərinə uyğun olaraq təkmilləşməsi, gələcəyə hesablanmış strategiyamızın dünyanın qabaqcıl ölkələrinin  təcrübəsinə istinadən hazırlanması əsas yer tutur.

     Hər zaman qeyd edildiyi kimi, hər bir layihə, müəyyənləşdirilən hər bir hədəf   özlüyündə inkişaf, tərəqqi deməkdir. Azərbaycan İnvestisiya Holdinqinin yaradılması  da Azərbaycanın idarəçilik sistemində həyata keçirdiyi növbəti addımdır. Bu mühüm addımla bağlı   belə proqnozlar səsləndirilir ki, səmərəliliyin artırılması dövlət müəssisələrinin  beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin güclənməsinə səbəb olacaq. Çünki Azərbaycan şirkətləri xarici bazarlara çıxdıqca və ya xaricdə fəaliyyətlərini genişləndirdikcə  rəqabət qabiliyyətliliyin önəmi daha da artacaq. Dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyi aydın, ölçülə bilən  və şəffaf səmərəlilik göstəriciləri  vasitəsilə müəyyən ediləcək. Azərbaycan  İnvestisiya Holdinqi dövlət müəssisələrinin  korporativ idarəetmə orqanlarında iştirak etməklə onların Azərbaycanın iqtisadi qüdrətinin daha da artmasına töhfə verməsini təmin edəcək. Eləcə də onların əldə etdiyi mənfəət iqtisadiyyatın inkişafına yönəldiləcək, onların fəaliyyət göstərdiyi sahələrə özəl investisiyalar cəlb ediləcək, bu məqsədlə dövlət-özəl tərəfdaşlığının inkişafı stimullaşdırılacaq.

    Ümumiyyətlə, aparılan islahatlar əsasında  dövlət müəssisələri  və özəl sektor arasında rəqabətin ədalətli və bərabər şərtlərlə aparılması təmin ediləcək. Onlar  səmərəli fəaliyyət göstərməklə milli inkişaf hədəflərinə nail olunmasına xidmət edəcəklər. İqtisadiyyatın davamlı inkişafının təmin edilməsi məqsədilə innovasiyalar və rəqəmsallaşma daha geniş şəkildə tətbiq və təşviq ediləcək. Əslində, bu, Azərbaycanda təcrübədən çıxarılan bir ilk deyildir. Çünki artıq dünya ölkələrində belə təcrübə var və səmərəsi də yüksəkdir.

Yeganə Əliyeva, «İki sahil»