05 iyun 2020 17:00
1945

Prezident tövsiyəsi: Koronavirusla mübarizədə maskalardan istifadə xüsusi əhəmiyyət daşıyır

Dünya əhalisinin sağlamlığına və həyatına ciddi təhlükə yaradan koronavirusun (COVID-19) qarşısını almaq, onu birdəfəlik ləğv etmək təəssüf ki, hələlik tibb elminə müyəssər olmayıb. Hətta elm və tibb sahəsində ən öndə gedən Avropa ölkələri belə, bu virusun qarşısında aciz qalıblar.

Təbii ki, dünyanın bir hissəsi olan ölkəmizdə də bu virusa yoluxma halları qeydə alınıb. Lakin Azərbaycan dövləti onun qarşısını almaq üçün önəmli tədbirlər həyata keçirir. Xüsusilə xəstəxanalarda ixtisaslaşmış tibbi heyətlər formalaşdırılmaqla bu xəstəliyə yoluxması şübhə doğuran insanlar karantinə alınmaqla müalicə olunurlar. 

Virusa qarşı proflaktiki tədbirlərin önündə ictimai nəqliyyatın, o cümlədən vaqonların,  avtobusların dezinfeksiyası məsələsi gəlir. Eyni zamanda, paytaxt küçələri  və rayon mərkəzləri davamlı dezinfeksiya edilir. Qeyd edək ki,  COVID-19  virusunun qarşısının alınması üçün sərhəd- keçid məntəqələri də xeyli vaxtdır ki, bağlanmışdır. Ölkəmizin başçısı bu məsələni də önəmli hal hesab edərək bildirib ki, əlbəttə ki, hazırda bizim sərhədlərimiz bağlıdır: «Ancaq yükdaşımalar üçün heç bir ölkə öz sərhədini bağlamayıb. Ona görə yükdaşımalar istiqamətində bizim işlər davam etdiriləcək. Əminəm ki, dövlətimiz və xalqımız bu sınaqdan da üzüağ çıxacaqdır.»

Bu da faktdır ki, pandemiyadan qorunmaq üçün tibbi ləvazimatlarla təminat önəmli vasitədir. Xüsusilə tibb mütəxəssisləri tərəfindən tibbi maskalardan istifadə əsas şərt kimi göstərilir. Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması səbəbindən bütün ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən tibbi maskanın böyük qıtlığı yaşanır. İstehsalçı ölkələr isə tibbi maska ixracını dayandırmaqla yanaşı, istehsal avadanlığı və xammalın ixracını da saxlayıblar.

Koronavirus pandemiyasınıa qarşı effektiv mübarizə aparmaq üçün  Azərbaycanda həyata keçirilən bütün işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğu üçün məhz dövlət başçısının tapşırığına əsasən, aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail olublar.

Belə ki, aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında «Bakı Tekstil Fabriki» MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında Prezident İlham Əliyev deyib: « Bu, çox əlamətdar hadisədir. Çünki indi dünyanın bir çox ölkələrində tibbi maska çatışmazlığı var, o cümlədən Azərbaycanda və biz bu sahədə daim idxaldan asılı idik. Amma indiki şəraiti nəzərə alaraq qısa müddətdə, cəmi iki həftə ərzində yerli istehsal təşkil edildi. Burada sahibkarların böyük rolu vardır, eyni zamanda, Azərbaycan dövləti də öz maliyyə dəstəyini göstərmişdir. Beləliklə, qısa müddət ərzində yeni müasir istehsalat sahəsi yaradılmışdır və bu, bizə imkan verəcək ki, özümüzü tibbi maskalarla böyük dərəcədə təmin edək.»

Ölkəmizin başçısı maskalardan istifadəni koronavirusa qarşı mübarizədə ciddi amil kimi dəyərləndirib: «Bildiyiniz kimi, koronavirusla mübarizədə maskalardan istifadə xüsusi əhəmiyyət daşıyır. Qeyd etdiyim kimi, indi dünyanın bir çox ölkələrində bu sahədə problemlər yaşanır. Azərbaycanda da qıtlıq yaranmışdır və bəzi hallarda apteklərdə tibbi maskalar yoxdur. Ona görə bu istehsal bizə imkan verəcək ki, özümüzü təmin edək və koronavirusla mübarizə başa çatandan sonra da Azərbaycan artıq idxaldan asılı olmayacaq.»

Xüsusi qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda dezinfeksiya vasitələrinin istehsalı da təşkil edilib. Ölkəmizdə bir neçə spirt zavodu var və bu spirt zavodlarında dezinfeksiya vasitələri istehsal edilməyə başlanılaraq artıq satışa verilib. Bundan sonra hər kəsin özünü və yaxınlarını  virusdan qorumaq məsuliyyəti məhz vətəndaşların üzərinə düşür.

İndi əsas məsələlərdən biri də odur ki, apteklərdə və digər ticarət yerlərində süni qiymət artımının qarşısının alınmasıdır: Bu barədə də ölkəmizin başçısı bildirib ki, maska qıtlığı artıq süni qiymət artımına da gətirib çıxarmışdır və bəzi hallarda maskaları altdan satırdılar: « Bu hallara qətiyyən yol vermək olmaz və müvafiq dövlət qurumları çox ciddi nəzarət mexanizmi tətbiq etməlidirlər. Əgər süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq. Çünki indiki pandemiya şəraitində belə addımlar xəyanətə bərabərdir.»

Qeyd edək ki, məhz tibbi maskalardan istifadənin və sosial məsafənin qorunmasının önəmini insanlara daha ciddi şəkildə təlqin etmək üçün Prezident İlham Əliyev rayonlara səfərlərində və paytaxtdakı tədbirlərdə bu qaydalara ən yüksək səviyyədə riayət edir. Bu, əslində pandemiyaya qarşı fərdi mübarizədə bir örnəkdir.

Bir daha vurğulamaq lazımdır ki, koronavirus infeksiyası qlobal pandemiya elan olunub və bu faktın özü virusun nə qədər təhlükəli olması anlamını verir. Eyni zamanda, sürətli yayılan bir virus olduğu üçün hər bir ölkə vətəndaşı qanun və qaydalara, proflaktiki  tədbirlərə sözsüz əməl etməlidir. Məhz insanların bu qaydalara və proflaktiki tədbirlərə əməl etmələri sayəsində bu qlobal təhlükənin əngəlləmək mümkündür. Bir sözlə,  vətəndaşlarımızın Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməsi həyati məsələdir.

Elçin Zaman,

«İki sahil»