04 iyun 2020 14:49
841

Prezidentə yazırlar: Dövlətimizin dəstəyi koronavirusla mübarizədə bizə böyük stimul verdi

Koronavirus pandemiyasının dünya ölkələrində yaratdığı fəsadlara baxmayaraq Prezident İlham Əliyevin Azərbaycanda əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının təmin edilməsi istiqamətində atdığı addımlar böyük rəğbətlə qarşılanır. Bundan irəli gələrək ölkə vətəndaşlarının, həmçinin xaricdə yaşayan soydaşlarımızın Azərbaycan xalqının xilası üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edən minnətdarlıq məktubları gəlməkdə davam edir.

“İki sahil” dövlətimizin başçısına ünvanlanan daha bir neçə məktubu təqdim edir.

Rusiya Federasiyasının Norilsk şəhərindən Elzabit Namazova: ”Möhtərəm cənab Prezident! Mən uzun müddət doğma Vətənimdə yaşamasam da, qəlbən Azərbaycana bağlıyam. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi hakimiyyətə gəldiyiniz gündən bəri dəqiq hədəflərə hesablanmış uğurlu daxili və xarici siyasətinizi dəstəkləyirəm. Hər dəfə doğma yurduma gələndə, Azərbaycanımın inkişafını görəndə fəxr hissi duyuram. Pandemiyaya qarşı mübarizədə ciddi işlərin görülməsi üçün vaxtında göstəriş verməyiniz ölkəmizdə xəstəliyin geniş yayılmaması üçün zəmin yaratdı. Aztəminatlı ailələrə və sahibkarlara yardımlara, bu çətin dövrdə ölkə iqtisadiyyatının inkişafının qorunub saxlanılması istiqamətində qəbul etdiyiniz düzgün qərarlara görə Sizə dərin təşəkkürümü bildirirəm. Möhtərəm cənab Prezident, bu çətin günlərdə Siz bir daha sübut etdiniz ki, həqiqətən bütün dünyada yaşaya azərbaycanlıların qürur duyduğu Lidersiniz. Xalqımızın firavanlığı yolunda yorulmadan çalışdığınıza görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz adımdan və ailəmin adından təşəkkür edirəm.”

Böyük Britaniya Krallığının Kardiff şəhərindən Arzu Rzayeva: “Hörmətli cənab Prezident! Mən Böyük Britaniyanın Kardiff şəhərində təhsil alan azərbaycanlı tələbələrdən biriyəm. Yaranmış pandemik vəziyyət iş yerlərinin bağlanmasına səbəb olmuş və bu hal işləyərək öz tələbatlarını ödəyən tələbələri maddi cəhətdən çox çətin vəziyyətə salmışdır. Bu çıxılmaz vəziyyətlə üzləşən tələbələrdən biri olaraq yaşadığım evin kirayə haqqını ödəməkdə çətinlik çəkdiyim üçün ölkəmizin Londondakı səfirliyinə müraciət etdim. Müraciətimdən dərhal sonra mənimlə əlaqə saxlanıldı və bir neçə gün sonra müraciətimin qəbulu ilə bağlı mənə məlumat verildi. Bank rekvizitlərim alındı və müvafiq məbləğ dərhal hesabıma daxil edildi. Beləliklə, üzləşdiyim bu çətin məsələ dövlətimizin dəstəyi sayəsində öz həllini tapdı. Hörmətli cənab Prezident, bu çətin anda bizi köməksiz qoymadığınıza və göstərdiyiniz əvəzolunmaz dəstəyə görə Sizə hədsiz minnətdarlığımı bildirirəm.”

Bərdə rayonundan Aysel Aslanzadə: “Hörmətli cənab Prezident! Mən keçmiş Ağdərə rayonundan məcburi köçkünəm. Hazırda Bərdə rayonunda yaşayıram. Sizin diqqət və qayğınızı biz məcburi köçkünlər hər zaman hiss edirik. COVID-19 pandemiyasının dünyanı lərzəyə gətirdiyi hazırkı vaxtda Sizin necə müdrik və qayğıkeş dövlət başçısı olduğunuzu bir daha gördük. Elə bu məktubu yazmaqda əsas məqsədim də ona görədir ki, xalqımızı bu çətin bəladan qurtarmaq üçün həyata keçirdiyiniz məqsədyönlü işlər üçün Sizə dərindən təşəkkürümü bildirim. Cənab Prezident, xalqımız Sizi sevir. Siz bizim ümid və pənah yerimizsiniz.”

İsmayıllı rayonunun Topçu kəndindən Sevinc Hüseyinova: “Möhtərəm cənab Prezident! Mən İsmayıllı rayonunun Topçu kənd tam orta məktəbinin 8-ci sinif şagirdiyəm. Bütün dünyanı sarsıdan koronavirus zamanı ölkəmizi qoruduğunuza, bu xəstəliyə qarşı mühüm işlər gördüyünüzə, dövlətimizin yüksəlişi üçün əlinizdən gələni etdiyinizə görə Sizə təşəkkür edirəm. Digər ölkələrdə bu virus çoxsaylı tələfata səbəb olsa da, Sizin sayənizdə ölkəmizdə xəstələrin sayı azdır. Mən inanıram ki, xalqımız Sizin sayənizdə bu çətin günlərdən üzüağ çıxacaqdır. Biz birlikdə qalib olacağıq!”

Ağcabədi şəhərindən Zülfiyyə İsmayılova: “Möhtərəm cənab Prezident! Mən bir Azərbaycan vətəndaşı olaraq Sizinlə fəxr edirəm. Siz Azərbaycan xalqının layiqli övladısınız. Siz xalqını sevən, hər bir vətəndaşının qayğısına qalan müdrik dövlət başçısısınız. Siz bunu COVID-19 epidemiyası dövründə bir daha sübut etdiniz. Dövlətimizin dəstəyi koronavirusla mübarizədə bizə böyük stimul verdi. Bu dövrdə dövlətin ayırdığı birdəfəlik ödəməni mən də almışam. Bu yardımın bizə ödənilməsi xalqa göstərdiyiniz qayğının daha bir nümunəsidir. Yaxşı ki, Siz Azərbaycanın Prezidentisiniz və biz hər zaman Sizin arxanızdayıq!”

Qasım Miriyev, Vüsal Ağayev, Emil Ağayev, İlqar Ağayev, Qəyum Ağayev və Kamran Məmmədov: “Möhtərəm cənab Prezident! Sizin xalqımıza göstərdiyiniz diqqət və qayğı bizim Kazımabad kəndinin sakinlərindən də yan keçmir. Hazırda mövsümlə əlaqədar olaraq rayonumuzun kəndlərində insanlar əkinçiliklə məşğuldurlar. Biz kəndlilər əsasən kartof əkib-becəririk. Belə bir ağır dövrdə məhsulumuzu xarici bazarlara çıxarmağımıza böyük imkanlar yaratdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk. Məhsullarımız iritonnajlı yük maşınları ilə xarici bazarlara daşınır. Siz həqiqətən də hər bir azərbaycanlının Prezidentisiniz! Allah Sizi qorusun!”

Salyan rayonunun Marışlı kəndindən Ərəstun Hüseynov, Şahmar Usubov, Ramil İbrahimov, Rövşən Əhmədov və başqaları: “Möhtərəm cənab Prezident! Son zamanlarda pandemiya ilə əlaqədar olaraq dünyanın bir çox ölkələri iqtisadi böhrana düçar olmuşdur. Amma bu gün Azərbaycan Respublikası yüksək inkişaf nəticəsində, Sizin rəhbərliyinizlə bütün çətinliklərin öhdəsindən gəlməkdədir. Təbii ki, Azərbaycanın bu cür inkişafının banisi və memarı ulu öndər Heydər Əliyev və Sizsiniz. Salyan rayonu Marışlı kəndində asfalt yolun çəkilişi Sizin kəndlərə göstərdiyiniz diqqət və qayğının nəticəsidir. Yol mədəniyyətdir, inkişafdır. Bütün görülən bu işlər Sizin biz vətəndaşlara göstərdiyiniz qayğının nəticəsidir. Cənab Prezident, biz Marışlı kənd sakinləri Sizinlə bir daha qürur duyuruq. Sizə daha böyük uğurlar arzu edirik. Biz həmişə Sizinləyik.”