16 yanvar 2019 10:28
920

Prezidentin tapşırığı uğurla icra olunur

Bu gün Azərbaycanın bütün bölgələrində böyük abadlıq-quruculuq işləri gedir. İnsanlarımızın sosial-məişət problemlərinin həlli də məhz bu dəyərli işlərin nəticəsində sürətlənir. İndi ölkə vətəndaşı Avropa həyat tərzini yaşamaq iddiasındadır.

Davamlı təbii qazı, elektrik enerjisi olan, müasir standartlara uyğun magistral yolları, geniş infrastukturu qurulan rayonlarda  insanların yeni iş yerləri ilə təmin olunması da sosial rifahı yüksəldən önəmli  amillərdir. Xüsusən, son bir neçə ildə müasir infrastrukturların yaradılması, paytaxtın və eləcə də regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün Prezident İlham Əliyev tərəfindən 20-dən çox dövlət proqramları imzalanıb. Onların bir çoxu artıq uğurla icra olunub və yüksək nəticələr əldə edilib. Belə sahələrdən  biri də ölkənin müasir üslubda qazlaşdırılmasıdır. Məhz bu istiqamətdə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən əvvəlki illərdə başlanılmış layihələr 2018-ci ildə də davam  etdirilib.

Cəbhə xəttində və sərhəddəki kəndlərin qazlaşdırılması 
sakinlərin düşmən qarşısında daha inamlı olmasını təmin edir

Ölkənin qazlaşdırılmasında əsas məqam isə odur ki, cəbhə xəttində, təcavüzkar Ermənistanla sərhəd kəndlərində yaşayan vətəndaşlarımızın təbii qazla təchizatı 2018-ci ildə də davam edib. Bu bir gerçəklikdir ki, soisal-məişət firavanlığı yüksək olan insanlarımız həm cəbhə xəttində, həm də sərhəd zonasında daha çox elinə-obasına bağlı olurlar. Ordumuzla çiyin-çiyinə verən həmin sakinlər torpaqlarımızın müdafiəsində, iqtisadiyyatımızın inkişafında mühüm rol oynayırlar. Bu amil təbii ki, sakinlərin düşmən qarşısında daha inamlı olmasını təmin edir.

Qeyd edək ki, məhz cəbhə xəttindəki və sərhəd zonasındakı yaşayış sahələrinin qazlaşdırılması ölkə başçısının imzaladığı “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq uğurla icra olunub. Eyni zamanda, məhz Dövlət Proqramının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı yekun nitqində Prezident İlham Əliyev 2018-ci ilin sonuna qədər ölkədə qazlaşdırma səviyyəsinin 95 faizə çatdırılmasına dair tapşırıqlar vermişdi. Cənab Prezident xüsusilə vurğulamışdı ki, bu göstəriciyə görə ölkəmiz dünya miqyasında qabaqcıl yerdədir, relyefimizi nəzərə alsaq bir daha görərik ki, bu, nə qədər mürəkkəb işdir.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına uyğun olaraq  ötən il  qazlaşdırılma işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə 100 milyon manat vəsait ayrılmışdır. 2018-ci ilin qazlaşdırılma proqramına respublikanın regionlarında 42 inzibati rayon üzrə 83 yaşayış məntəqəsinin, o cümlədən Tərtər rayonundakı cəbhə bölgəsindəki 8 yaşayış məntəqəsinin, Ağdam, Ağcabədi və Sabirabad rayonlarında məcburi köçkünlərin məskunlaşdığı 4 qəsəbənin qazlaşdırılması tədbirləri daxil edilmişdi. Qeyd olunan məntəqələrdə qazlaşdırılma işləri geniş vüsətlə həyata keçirilib. Qazlaşdırılma layihələri ilə bağlı 3193 kilometr müxtəlif diametrli qaz kəmərləri çəkilib.

Bundan başqa, cənab Prezidentin tapşırığına uyğun olaraq sərhədyanı kəndlərin təbii qazla təmin olunması istiqamətində işlər aparılıb. Məhz qeyd olunan qazlaşdırma işlərinə uyğun olaraq Gədəbəy rayonunun Ermənistanla sərhəddə yerləşən Şınıx bölgəsi adlanan ərazisinin mərhələli şəkildə qazlaşdırılması həyata keçirilib. Şınıx bölgəsi adlanan ərazidə yerləşən 26 yaşayış məntəqəsindən 7-si - Şınıx, Kollu, Düz Rəsullu, Gərməşöylü, Hüseyqulular, Rəhimli, Təkyemişan  kəndləri təbii qazla təmin edildikdən sonra, 2018-ci ildə 19 yaşayış məntəqəsinə  təbii qazın verilməsi  sakinlərin böyük sevincinə səbəb olmuşdur.   Bundan əlavə,  Gədəbəy rayonunun Çaldaş və Səbətkeçməz kəndləri də qazlaşdırılaraq bu yaşayış məntəqələrinə  təbii qazın verilişi təmin olunmuşdur.

Daha bir uğur isə atkeçməz, mürəkkəb relyefli ucqar kəndlərin qazlaşdırılmasıdır

Ölkəmizin qazlaşdırılmasında çətin proseslərdən biri də coğrafi relyefi mürəkkəb olan kəndlərin və qəsəbələrin qazlaşdırılmasıdır. Məsələn, Azərbaycanda sərt dağlar əhatəsində və yaxud zirvələrdə yerləşən dağ kəndləri var ki, oraya avtombillə getmək ya çətindir, ya da mümkün deyil. Məhz belə bir əlçatmaz qəsəbə və kəndlərin qazlaşdırılması bir fədakarlıq nümunəsidir. İsmayıllı rayonunun Lahıc qəsəbəsində belə bir fədəkarlıq nümunəsinə imza atıldı. Ölkə başçısının tövsiyələrinə uyğun olaraq bu qəsəbədə həm turizmin inkişafı, həm də əhalinin sosial-məişət firavanlığını təmin etmək üçün ötən il qəsəbənin qazlaşdırılması işlərinə  başlanıldı. Diqqət yetirək: bu qəsəbə dəniz səviyyəsindən 1500 metr hündürlükdə və çətin çoğrafi mövqedə yerləşir. Dağ relyefli qəsəbədə texnikanın işləyə bilməməsi və nəticədə qaz borularının işçilərin əlləri ilə tikinti ərazilərinə daşınması, havanın şaxtalı, qarlı olması və qaz kəmərlərinin keçəcəyi qayalıq ərazilərin çapılması kimi çətinliklərə baxmayaraq qazlaşdırma işləri tam şəkildə yekunlaşmışdır. Layihəyə uyğun olaraq qəsəbədə yerləşən 695 evin qazlaşdırılması üçün müxtəlif diametrli 19.5 kilometr daşıyıcı və paylayıcı qaz kəməri, 38.8 kilometr qəsəbədaxili qaz kəmərləri çəkilmiş, 695 mənzilin hər birində fərdi qaydada məişət qaz sayğacları və qaz tənzimləyiciləri quraşdırılmışdır. Eyni zamanda, Lahıc qəsəbəsinə çəkilmiş daşıyıcı qaz xəttinə yaxın yerləşən Gəndov, Namazgah və Qaraqaya kəndlərinin qazlaşdırılması işləri də yekunlaşmışdır. Həmin kəndlərin qazlaşdırılması üçün ümumən 21 kilometr paylayıcı və qəsəbədaxili qaz kəmərləri çəkilmiş, 204 mənzilin hər birində fərdi qaydada məişət qaz sayğacları və qaz tənzimləyiciləri quraşdırılmışdır. Məhz ötən il avqustun 26-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lahıc qəsəbəsinə təbii qazın verilməsi mərasimində iştirak ediblər və Lahıc qəsəbəsinə təbii qazın verilməsinin rəmzi olan məşəli alovlandırıblar.

Qaz təsərrüfatında modernləşmə prosesi davam edib

Ölkənin qazlaşdırılmasında əsas prioritet isə modern qaz təsərrüfatı yaratmaqdır. Bunun üçün ilk növbədə yeraltı qaz xətlərindən tədricən yerüstü qaz xətlərinə keçmək lazım gəlib. Ötən il  bu istiqamətdə 108,12 kilometr uzunluğunda qaz kəmərləri dayaqlar üzərinə qaldırılmış və korroziyadan mühafizə olunaraq yenidən rənglənmiş, 560 ədəd qaz tənzimləyici,  576 ədəd siyirtmə yenisi ilə əvəz edilmişdir. Həmçinin daxili imkanlar hesabına Bakı şəhərində və regionlarda ümumən 526,6 kilometr müxtəlif diametrli qaz kəmərləri əsaslı təmir olunmuşdur. Ən başlıcası isə, yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilmişdir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Bir sözlə, 2017-ci ilin qazlaşma proqramında nəzərdə tutulmuş 48 yaşayış məntəqəsinin qazlaşdırılması tədbirləri də 2018-ci ildə tam başa çatdırılmış və qaz təchizatı təmin olunmuşdur. Ümumən 2018-ci ildə 150 yaşayış məntəqəsi qazlaşdırılmışdır. Qeyd olunan tədbirlərin icrası nəticəsində 2018-ci ilin sonuna respublika üzrə qazlaşdırma səviyyəsi 95,7 faizə çatdırılmışdır.

Elçin Zaman, “İki sahil”