07 iyul 2020 18:36
1729

Prezidentin təşəbbüsü Azərbaycanın beynəlxalq əməkdaşlığa açıq olmasını göstərir

Hatəm Qocayev: Prezident İlham Əliyevin yeni təşəbbüsü Azərbaycanın beynəlxalq əməkdaşlığa açıq, demokratik dövlət olmasını göstərir

“Artıq yarım ildən çoxdur ki, dünya ölkələri COVID-19 pandemiyası ilə mübarizə aparır və koronavirusdan xilas olmağın yollarını axtarırlar. Pandemiyanın ilk günlərindən dünyada cərəyan edən proseslər, ölkələrin və Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi qaydalara və mübarizə metodlarına nə dərəcədə riayət edilməsi göstərdi ki, yoluxma riski və ölüm faktları müxtəlif ölkələrdə eyni deyil. Dünya müharibəsi ilə müqayisə olunan COVID-19 pandemiyası şəraitində özünütəcrid və franqmentar xarakterli tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac var. Bəşəriyyətin bu vəziyyətdən çıxmasının ən əsas şərtlərindən biri də məhz birlik və həmrəylikdir.”

Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev deyib.

H.Qocayev bildirib ki, dünyada COVID-19 infeksiyası yayılmağa başladığı ilk dövrdən, xüsusilə virusun ölkəmizin sərhədlərinə yaxınlaşdığı ilk günlərdən başlayaraq Azərbaycan hakimiyyəti çevik və bütün istiqamətlər üzrə ciddi tədbirlər həyata keçirməyə başladı. Prezident İlham Əliyevin pandemiyaya qarşı müəyyənləşdirdiyi siyasət təkcə rəhbəri olduğu xalqın deyil, həm də bütün bəşəriyyətin xilasına yönəlmişdir: “Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti, Türk Şurasının və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər. Tərkibində 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisatdır.”

YAP Naftalan şəhər təşkilatının sədri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin həmin onlayn Zirvə görüşündə çıxışı zamanı Qoşulmama Hərəkatı ölkələri adından BMT-nin Baş katibi Antonio Quterreşə qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi üçün müraciət ünvanlamışdı. BMT-nin Baş katibi mayın 28-də Baş Assambleyanın “Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni iyunun 27-nə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş etmişdi.

Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir) təşəbbüsü dəstəklədiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan tərəfində olan rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130-dək ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırıb. Həmin ölkələrdən BMT ofisinə gələn məlumatlarda bildirilir ki, Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təklifi vaxtında irəli sürülmüş və çox ehtiyac duyulan təşəbbüsdür. Şübhəsiz ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi koronavirus pandemiyasına qarşı beynəlxalq mübarizədə dünya ölkələrinin birgə səylərinin gücləndirilməsində mühüm rol oynayacaq. Koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycanın təkliflərinin dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən diqqətə alınması ölkəmizin və Prezident İlham Əliyevin dünyada artan nüfuzunun göstəricisidir.

H.Qocayev diqqətə çatdırıb ki, bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət isə Ermənistan oldu. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü gülünc vəziyyətə saldı. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu: “Ümumdünya səviyyəsində fəlakətə çevrilmiş koronavirus pandemiyasına qarşı mübarizə sahəsində əməkdaşlığın əlaqələndirilməsi məqsədilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması ilə əlaqədar təşəbbüsü həm də ölkəmizin beynəlxalq əməkdaşlığa açıq, demokratik dövlət olmasından xəbər verir. Bu təşəbbüs diplomatiya tariximizə qlobal problemlərin həllinə Azərbaycanın yeni və əhəmiyyətli töhfəsi kimi daxil olacaq.”

Yaqut Ağaşahqızı, “İki sahil”