07 iyul 2020 18:47
1144

Prezidentin təşəbbüsünün dəstəklənməsi ölkəmizə olan etimadın göstəricisidir

“COVID-19 pandemiyasına qarşı mübarizə ilə əlaqədar Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü və bu addımın dünya dövlətləri tərəfindən dəstəklənməsi Azərbaycanın siyasi çəkisinin daha da artmasından xəbər verir. Dünyada pandemiyanın başlandığı gündən etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən həm regional, həm də qlobal səviyyədə bu bəşəri bəlaya qarşı mübarizə aparılması üçün beynəlxalq həmrəyliyin gücləndirilməsini özündə əks etdirən təşəbbüslər irəli sürülür və əməli addımlar atılır.” Bu fikirləri YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov “İki sahil” qəzetinə açıqlamasında bildirib.

R.Şabanov qeyd edib ki, tam məsuliyyətlə qeyd edə bilərik ki, digər sahələrdə olduğu kimi, koronavirusla mübarizə tədbirlərində də ölkəmiz dünyada özünəməxsus imic formalaşdırıb: “Bu, bir reallıqdır. Çünki Azərbaycanın unikal təcrübəsi dünya tərəfindən qəbul edilir, bəyənilir, eləcə də ölkəmizdə reallaşdırılan sosial-iqtisadi dəstək proqramları beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Qlobal pandemiya insanların həyatını təhlükə altına qoymaqla, həm də fəsadları hələ uzun müddət hiss olunacaq qlobal sosial, iqtisadi və humanitar təhlükələr yaratmaqdadır. Bu bəşəri bəla dünya müharibəsi ilə müqayisə edilir və dünya dövlətlərinin qlobal həmrəyliyə daha böyük ehtiyacı vardır. Məhz belə bir vaxtda Prezident İlham Əliyevin 2020-ci ilin may ayının 4-də Qoşulmama Hərəkatının (QH) təmas qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşündə təşəbbüslə çıxış etməsi koronavirusun qarşısının alınmasında beynəlxalq birliyin yaradılmasına xidmət edir. Azərbaycan artıq beynəlxalq aləmdə inkişaf, tərəqqi, yüksəliş simvoluna çevrilir. Bütün dünyanın etiraf etdiyi bu reallıq Prezident İlham Əliyevin fəaliyyətinə verilən ədalətli və real qiymətdir.”

YAP Tərtər rayon təşkilatının sədri vurğulayıb ki, Azərbaycan dövləti COVID-19-a qarşı təkcə təşəbbüslə çıxış etmir, eyni zamanda, dünya həmrəyliyinin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırır, 30-dan artıq dövlətə humanitar yardım göstərir: “Biz fəxrlə deyə bilərik ki, 130-a qədər BMT-nin üzv dövlətləri tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin xüsusi sessiyanın keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq aləm tərəfindən ölkəmizə olan etimad və hörmətin göstəricisidir. Prezident İlham Əliyevin bu təşəbbüsü beynəlxalq həmrəyliyin gücləndirilməsinə xidmət edir. İnanırıq ki, BMT-nin keçirilməsi nəzərdə tutulan xüsusi sessiyası pandemiyanın qarşısına sipər çəkilməsində beynəlxalq ictimaiyyətin tam səfərbər olunmasına şərait yaradacaq və bu bəşəri bəlaya qarşı qlobal cavabın tapılmasına öz töhfəsini verəcəkdir.”

R.Şabanov xüsusi qeyd edib ki, dövlət başçımızın hər bir uğurlu imzası, diplomatik xarici siyasəti xalqımızda qürur hissi yaradır: “Bu fəxarətverici sevinci tərtərlilər də yaşadı. Ölkə Prezidenti cənab İlham Əliyev beynəlxalq aləmə sübut etdi ki, Azərbaycan ərazicə kiçik dövlət olsa da, sözün əsl mənasında güclü dövlət və böyük xalqdır. İnanırıq ki, bu gün respublikamızda COVID-19-a qarşı mübarizə tədbirləri çərçivəsində ölkə Prezidentinin qəbul etdiyi qərarlar və Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın tətbiq etdiyi ciddi karantin rejiminin qaydalarına əməl olunması sahəsində qarşıya qoyulan vəzifələr xalqımızı və dövlətimizi zamanın bu ağır sınağından ləyaqətlə çıxaracaq.”

Cavid Əkbərov, “İki sahil”