25 yanvar 2021 20:40
906

“PROACT-Care” layihəsinin birinci onlayn koordinasiya görüşü

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi yerli və beynəlxalq tərəfdaşlarla “PROACT-Care” layihəsinin birinci onlayn koordinasiya görüşünü keçirib.

"İki sahil"in məlumatına görə, ÜST-nin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı onlayn koordinasiya görüşündə deyib: “Hər bir böhran yeni dəyişikliklər üçün imkan yarada bilər. Davam etməkdə olan pandemiya səhiyyə sistemlərində olan çatışmazlıqların nə olduğunu görməyimizə kömək etdi. Biz bu pandemiyanı Azərbaycandakı ilkin səhiyyə xidmətlərinin transformasiyası üçün imkan kimi nəzərdən keçirmək istəyirik”.

“ÜST-nin araşdırması göstərir ki, ilkin səhiyyədə təkcə hipertoniyanın diaqnostikasının, müalicəsinin və xəstələrin nəzarətdə saxlanılmasının yaxşılaşdırılması, il ərzində 24 min insanın həyatını xilas etmək və nəticədə 600 milyon manata qənaət etmək potensialına malikdir. Bu baxımdan “ilkin səhiyyənin inkişafı ölümlərin sayının azaldılması, səhiyyə xidməti ilə bağlı xərclərin aşağı salınması, iqtisadi itkilərinin minimallaşdırılması və məhsuldarlığın artırılmasına yardımçı ola bilər”,- deyə Hande Harmancı vurğulayıb. Görüş zamanı, həmçinin tərəfdaşlara “PROACT-Care” nümayiş layihəsinin həyata keçirilməsi ilə bağlı ən son yeniliklər, o cümlədən ötən il həyata keçiirilmiş iki ehtiyacların qiymətləndirilməsi missiyası barədə məlumat verilib. Qeyd edək ki, “PROACT-Care” layihəsinin icrasına rəsmi olaraq gələn ay Şamaxı rayonunda başlanılacaq.

Görüşdə layihə ilə bağlı ÜST əməkdaşlarının təqdimatları ilə bərabər, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı, Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili Şöbəsinin müdiri Teymur Musayev, Milli Məclisin Səhiyyə komitəsinin üzvü, Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Soltan Məmmədov və TƏBİB-in Tibbi Xidmətlər Departamentinin rəhbəri Firəngiz Əliyeva çıxış edib. Tədbirdə, həmçinin layihənin donorları olan USAID, UK Aid və RoAid-in nümayəndləri, eləcə də Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, UNICEF-in Azərbaycandakı Nümayəndəsi Edvard Karvardin, BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Ehtiram Rüstəmzadə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və digər təşkilat və tibbi qurumların təmsilçiləri iştirak edib.

Görüşdə çıxış edən Ramin Bayramlı “pandemiyaya qarşı mübarizə aparılan bir vaxta bu cür layihənin həyata keçirilməsi bizim üçün də önəmlidir” deyə qeyd edib və “PROACT-Care”-nin ilkin səhiyyə sahəsində nəzərdə tutulan islahatlara böyük töhfə verəcəyinə ümid etdiyini bildirib. ÜST-nin eksperti İbrahim Durak görüş iştirakçılarına ötən ilin avqust və dekabr aylarında Şamaxı rayonunda keçirilmiş ehtiyacların qiymətləndirilməsi missiyaları barədə ətraflı məlumat verib və bildirib ki, “Şamaxıda hipertoniyadan əziyyət çəkən hər 9 nəfərdən cəmi 1-nə (11 faiz) diaqnoz qoyulub və bu xəstəlikdən müalicə alan hər 11 nəfərdən cəmi 1-nə (9 faiz) yaxşı nəzarət edilir.” ÜST-nin eksperti En Yohansen vurğulayıb ki, qeyri-yoluxucu xəstəliklər səbəbindən il ərzində ümumi daxili məhsulun 4 faizi itirilir. “Mükəmməl ilkin səhiyyə qarşısı alına bilən ölüm hallarının 25 faizində xəstənin həyatinı xilas edə bilər”, deyə o bildirib. Həmçinin qeyd edilib ki, layihə çərçivəsində cari ilin 8 fevral – 15 mart tarixində Şamaxıda 100-dən çox tibb işçisinə COVID-19, kardiometabolik risklər və ana və uşaq sağlamlığı mövzularında təlimlər keçiriləcək.

“PROACT-Care” barədə fikirlərini bölüşən Teymur Musayev bildirib ki, layihə Şamaxı rayonunda mövcud səhiyyə resurslarından daha səmərəli istifadəyə imkan verəcək sistemin yaradılması və insan resurslarının formalaşdırılmasına kömək edə bilər. Soltan Məmmədov ilkin səhiyyənin gücləndirilməsinin icbari tibbi sığortanın ölkəmizdə tətbiqinin əsas tələblərindən biri olduğunu əlavə edib və digər rayonlarda da ehtiyacların qiymətləndirilməsi missiyalarının keçirilməsini təklif edib.

Tədbirdə çıxış edən digər tərəfdaş və maraqlı tərəflər də “PROACT-Care” layihəsinə dəstəyini ifadə edib və layihənin Azərbaycanda dayanıqlı ilkin səhiyyə modelinin yaradılması üçün əhəmiyyətini vurğulayb.