23 yanvar 2020 18:50
997

Problemləri birlikdə həll edəcəyik

Ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partuyası tərəfindən namizədliyi irəli sürülmüş şəxslərin təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir. Belə görüşlərdən biri də ötən gün 70 saylı Masallı seçki dairəsindən namizədliyi irəli sürülən Məşhur Məmmədovun iştirakı ilə YAP Masallı rayon təşkilatının inzibati binasında baş tutub.

İlk olaraq YAP Mərkəzi Seçki Qərargahı Masallı rayon şöbəsinin sədri Seyfəddin Əliyev çıxış edərək VI çağırış Milli Məclisə növbədənkənar seçkilərdə namizədliyi irəli sürülən Məşhur Məmmədov haqqında seçicilərə ətraflı məlumat verib.

Sonra YAP Masallı rayon təşkilatı tərəfindən görülən işlər barədə danışan S. Əliyev qarşıdan gələn parlament seçkilərinin əhəmiyyətindən,  ölkəmiz üçün vacibliyindən söhbət açıb. Həyata keçirilən islahatlardan da danışan təşkilat sədri bildirib ki, Prezident İlham Əliyevin fərmanlarına əsasən iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına dair son illərdə qəbul olunmuş Dövlət proqramlarının icrasının vaxtında və tam həcmdə yerinə yetirilməsi ölkədə işsizliyin azaldılmasına və əhalinin, xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına böyük təkan verib. “Bundan başqa, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi məqsədi ilə əmək haqqı və təqaüd sisteminin təkmilləşdirilməsi, pensiya təminatının yaxşılaşdırılması və ölkənin gələcək dövrdə sosial-iqtisadi inkişafı üçün digər strateji əhəmiyyət kəsb edən tədbirlərin həyata keçirilməsi xususi ilə vurğulanmalıdır”- deyə S. Əliyev qeyd edib.

Seçicilər qarşısında çıxış edən Məşhur Məmmədov Milli Məclisə üzv seçilərsə görəcəyi işlərdən, rayon üçün inkişaf proqramının həyata keçirməsi ilə bağlı daim çalışacağından danışıb. Millət vəkili olmağın şərəfli bir iş olduğunu qeyd edən YAP-ın namizədi seçicilərin  etimadını qazanacağı halda xalqın qayğıları ilə yaşayıb insanların təkliflərini Milli Məclisin tribunasından səsləndirəcəyini bildirib: “Bu səbəbdən də çalışacam ki, seçki prosesində çox fəal olum, sizinlə davamlı görüşüm, fikirlərinizin, problemlərinizin sizinlə birlikdə, sizin iştirakınızla həll edilməsinə səy göstərim”.

M. Məmmədov qeyd edib ki, Partiyanın Sədri, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində həm YAP, həm də dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub: “Aparılan uğurlu islahatlar nəticəsində dövlətimiz günü-gündən inkişaf edir, iqtisadiyyatımız güclənir, insanların rifah halı yaxşılaşır. Təbii ki, bütün bunlara görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə təşəkkür edirik. Şübhə yoxdur ki, bu inkişaf qarşıdakı illərdə daha da artacaqdır”.

Taleh Bağırov, “İki sahil”