KÖŞƏ

Sevinc Azadi

Puç olan erməni təxribatı və…

16 iyul 2020 19:53
3518

Əsgər müqəddəsdir, çünki o, müqəddəs torpağımızın keşikçisidir. Onu müqəddəsliyə ucaldan içdiyi and, götürdüyü silah, geydiyi əsgər paltarı, yatdığı kazarma, əməl etdiyi sıra və döyüş nizamnamələridir. Əsgərin vətənə olan məhəbbəti, öz borcunu şüurlu anlaması, Vətən üçün canından keçməyə hazır olması da müqəddəslik rəmzləridir. Bu sonuncu keyfiyyətləri heç kim görmür, çünki onlar əsgərin qəlbindədir. Əsgərin Vətən qarşısında borcuna münasibəti nə içdiyi andın, nə imzaladığı müqavilənin, nə də yazdığı tərcümeyi-halın mətnində olur. Bu ancaq əsgərin qəlbində olur, ana südü ilə onun qanına hopur.

Bu gün biz Vətən üçün şəhidliyi mərdliklə qəbul edən igid oğullarımızın xatirəsini hörmətlə anır, onların xatirəsi qarşısında baş əyirik. Mübariz İbrahimov, Fərid Əhmədov, Polad Həşimov, İlqar Mirzəyev kimi qəhrəmanlar yetirən xalq heç vaxt məğlub hesab edilə bilməz. Onlar kimi neçə-neçə oğullarımızın qəhrəmanlığı xalqımızın həyatında, yeni nəslin düşüncə tərzində yaranan ən vacib hadisədir. İstər Aprel döyüşlərində, istərsə də bu günlərdə baş verən qanlı döyüşlərdə hərbi qulluqçularımızın qəhrəmanlığı, mərdliyi, təxribat törədən düşməni məğlubiyyətə uğratması bir daha sübut etdi ki, döyüş hazırlığı ilə yanaşı, mənəvi-psixoloji hazırlığın da yüksək olması qələbəyə zəmin yaradır. Tarixi köklərə bağlı olan Azərbaycan əsgəri Vətən sevgisinin, düşmənə nifrət hissinin nə olduğunu dərk edərək döyüşə qələbə əzmi ilə başlayır. Onun bir amalı olur: Vətən, torpaq uğrunda düşmənləri məhv etmək və son damla qanına qədər döyüşmək. Bu gün də ordumuzun üzərinə düşən işin öhdəsindən uğurla gəldiyi göz qabağındadı.

Tərəflər arasında müqayisə aparsaq görərik ki, Azərbaycandan fərqli olaraq, Ermənistanda yeni nəslin müharibəyə marağı bütün dövrlərdə çox aşağı səviyyədə olmuşdur. Azərbaycanlı gənclərin ordu sıralarına can atmasının fonunda gənc nəsil ermənilər daha çox xarici ölkələrə getməyin tərəfdarıdır. Bu da təbii ki, erməni hakimiyyət dairələrini narahat etməyə bilməz. Bu üzdən də, müharibə çağırışlarına qoşulan, vətənpərvərlik tədbirlərində və mövzularında aktivlik göstərən Azərbaycan gəncliyini parçalamaq, onları ruhdan salmaq düşmən kəşfiyyat orqanlarının qarşısında başlıca vəzifə kimi qoyulur. Bu məsələnin həllində də sosial şəbəkələr ən asan və ucuz vasitədir. Çılğın və təcrübəsiz gəncliyin dezinformasiyalara uyması, provakasiyaya çəkilməsi ehtimalı bir az yuxarı yaş nəsli ilə müqayisədə daha asan və effektivdir. Cəbhədə ermənilərin üstünlüyünə dair məlumatları, Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə xidmət aparan hərbiçilərinin tez-tez həlak olması, pusquya salınması barədə yalan xəbərləri sosial şəbəkələrin Azərbaycan seqmentinə ötürən ermənilər qarşı tərəfin gəncliyində ruh düşkünlüyü yaratmaq, orduya, dövlətə qarşı inamsızlıq formalaşdırmağa cəhd göstərir. Eyni zamanda, Azərbaycan xalqı tərəfindən qəhrəman kimi qəbul edilən, döyüşçülər və hərbçilər arasında böyük nüfuza malik olan şəxslər haqqında müxtəlif saytlar və informasiya resursları vasitəsilə təhqiramiz, həqiqətə uyğun olmayan informasiyalar yaymaqla, yetişməkdə olan gənc nəslin sabaha ümidlərini sındırmaq, onların düşüncələrində haçalanma meydana gətirmək də ermənilərin və ermənipərəst qüvvələrin əsas amallarından biridir.

Azərbaycan Silahlı Qüvvələrinin Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına, misilsiz mübarizəsini və xalqımızın Milli Ordumuza dəstəyini qürurla izlədiyimiz belə həssas bir məqamda bəzi üzdəniraq qüvvələrin, “müxalifətçilərin”, xarici kəşfiyyata işləyən bir qrup satqının dövlətin ali qanunverici orqanına, asayiş keşikçilərinə, jurnalistlərə qarşı yönələn vəhşiliyi erməni dəyirmanına su tökməkdir. Belə dağıdıcıların Azərbaycan xalqında ruh düşkünlüyü yaratmaq, mübarizə əzmini qırmaq, ordumuzun şücaətinə ləkə yaxmaq üçün müəyyən sosial şəbəkələrdə saxta səs yazıları yayan mkrtıçyanlardan heç bir fərqi yoxdur! Dövlətimizə və xalqımıza qarşı törədilən bu bağışlanılmaz cinayət göstərir ki, hələ də bəziləri “bəlkə də qaytardılar” düşüncəsi ilə xaos və anarxizmin hökm sürdüyü 1992-ci ilin mənfur ab-havasında qalıblar. Ayılın, indi 1992-ci il deyil!

İndi Azərbaycan ön cəbhədə sinəsini əsgəri qarşısında sipər edib şəhid olan qəhrəman generallardan təmsil olunan nizami və müzəffər ordusu, güclü iqtisadiyyatı və qlobal miqyaslı Lideri olan qüdrətli bir dövlətdir! Artıq satqınlar və bir dəstə qaragüruh dövlətimizə qarşı heç bir qanunsuzluq törədə bilməzlər. Milli Ordumuza dəstək yürüşünü həyata keçirən vətəndaşlarımızın qürur doğuran “Şəhidlər ölməz, Vətən bölünməz” və “Qarabağ” şüarları ilə vahid bir amal uğrunda birləşdiyi zamanda dağıdıcı təxribatçıların bu həssas günlərdə “fəallaşması” cavabsız qalmayacaq, belələri qanun və xalq qarşısında cavab verməli olacaqlar! Biz bu gün atdığımız hər addımda “düşmən görür” prinsipi ilə hərəkət etməli, mənfur düşmənləri özümüzə güldürməməli, hər bir sözümüzün və əməlimizin məsuliyyətini daşımalıyıq. Bu günlərdə hamımız bir yumruq kimi dövlətimizin və Ali Baş Komandanımızın ətrafında birləşməli, hər bir addımda xüsusi həssaslıq nümayiş etdirməliyik.

P.S. Mənsub olduğu xalqın mənəvi dəyərlərindən imtina edib mənbəyi və mənşəyi bilinməyən dəyərlərə söykənərək yaşayan adamların özləri də elə həmin qüvvələrin əsas hədəflərindən olurlar. Belə adamlar hər zaman düşmən tərəfindən Vətənə və dövlətə qarşı istifadə edilə biləcək ən zəif bənd hesab edilirlər. Tarixə qısa səyahət etsək görərik ki, xainlər və satqınlar qulluq göstərdikləri ağaları tərəfindən heç vaxt sağ buraxılmayıb.