18 oktyabr 2019 19:53
928

Qabaqlayıcı tədbirlər sel təhlükəsini azaldıb

Suvarma suyuna olan tələbatın ödənilməsi, su itkisinin qarşısının alınması, sel sularının fəsad yaratmaması üçün Meliorasiya və Su Təsərrüfatı ASC-nin Goranboy Suvarma Sistemləri İdarəsi işləri davam etdirir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sel təhlükəsindən qorunmaq məqsədi ilə Goranboyda bu günədək uzunluğu 7 kilometr olan Rəhimli sel ötürücüsü inşa edilib.

Sel təhlükəsi olan Səfikürd, Qızılhacılı, Balakürd kəndlərini Qaraçay çayının daşqınlarından qorunmaq üçün 6,7 kilometr məsafədə kanal çəkilib. İntensiv yağıntıların sel təhlükəsi yaratmaması üçün bəndbərkitmə və arx təmizləmə işləri davam edir.

Goranboy Suvarma Sistemləri İdarəsinin şöbə müdiri Şəhruz Muradov bildirib ki, əsasən Gorançay və Qaraçayda nizamlanmayan suları itkisiz ötürmək üçün selə qarşı 103 kilometr arx və kanallarda təmizləmə işləri aparılıb.

Çaylarda bol sululuq sel təhlükəsi yaratsa da əkin üçün əlverişli hesab edilir. Lakin payız fəslinin olmasına baxmayaraq, dağlarda yağıntının az düşməsi çaylarda da sululuğu azaldıb.

Ş.Muradov qeyd edib ki, Goranboy rayonunda 48 min hektar əkinəyararlı torpaq sahəsi var. Bunun 20 min hektarı təbii çay suları, 28 min hektarı isə subartezian və nasos stansiyaları vasitəsilə suvarılır. Hazırda idarənin 6 nasos stansiyası var.