15 oktyabr 2019 20:09
148

Qadın və uşaqlar daha çox intihara təşəbbüs edir - FOTO

ATU-da intiharların profilaktikasına həsr olunmuş elmi-praktik konfrans keçirilib

“Dünyada hər 40 saniyədə bir nəfər öz həyatına son qoyur. Dünya Səhiyyə Təşkilatının bu göstəricisi intihar hallarının dünya miqyasında nə dərəcədə ciddi məsələ olduğunu göstərir. Digər ölkələrlə müqayisədə Azərbaycanda belə halların sayı çox olmasa da, təəssüflə qeyd etmək lazımdır ki, ölkəmizdə hər il 400-dək insan həyatına son qoyur”. Bu fikirləri ATU-nun rektoru professor Gəray Gəraybəyli Ümümdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş elmi-praktik konfransdakı çıxışında bildirib.

Professor  G.Gəraybəyli deyib ki, Azərbaycanda intihar edənlər arasında uşaqlar, gənclər və ahıllar da var: “İntihar hallarının səbəbləri müxtəlifdir. Əsas diqqət intihar hallarının profilaktikasına, o cümlədən, intihar hallarına səbəb olan amillərin müəyyənləşdirilməsinə və aradan qaldırılmasına yönəldilməlidir. Bu məqsədlə bütün müvafiq dövlət qurumları və qeyri-hökümət təşkilatları, kütləvi informasiya vasitələri, vətəndaşlar, biznes qurumları öz fəaliyyətləri çərçivəsində əməkdaşlarının və əhalinin psixi sağlamlığının yaxşılaşdırılmasına əhəmiyyətli dərəcədə diqqət yetirməyə çalışmalıdır”.

Rektor bildirib ki, müasir texnoloji dövrdə uşaqların psixi sağlamlığını qorumaq məqsədilə onları zərərli məlumatlardan müdafiə etmək lazımdır. Bununla yanaşı, ailədə və ailədənkənar yerlərdə uşaqlara qarşı şiddət aradan qaldırlmalıdır: “İş yerlərində əməkdaşların psixi sağlamlığının yaxşılaşdırılması, gərginliyin, stressin azaldılması, psixi sağlamlıqda problemi olan əməkdaşların erkən aşkarlanması və onlara yardım edilməsi zəruridir.  Eyni zamanda psixi pozuntuları, o cümlədən, psixoloji problemləri olan vətəndaşların vaxtında müayinə və müalicəyə cəlb olunması, onların müvafiq dərman preparatları ilə təmin edilməsi, əlbəttə, diqqət mərkəzində olmalıdır. Azərbaycanda da bu məsələlərə mühüm diqqət yetirilir”.

“Psixi sağlamlıq: intiharların profilaktikasında tibbi və icma əsaslı yanaşmalar” mövzusuna həsr edilən toplantıda azərbaycanlı mütəxəssislər, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdə Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov çıxış edərək, insan sağlamlığının iki hissədən ibarət olduğunu vurğuladı: “Birincisi onun psixi sematik sağlamlığı, ikincisi isə onun mental sağlamlığıdır. Psixi sağlamlıqda bir çox amillər- insanın sosial rifahı, problemləri rol oynayır. Öz növbəsində psixi sağlamlıq insanların cəmiyyətdə davranışına, digər insanlarla ünsiyyətinə ümumiyyətlə bütün insanların qarşlıqlı münasibətinə təsir göstərir. Nəticə etibarilə bu məsələ cəmiyyət və dövlət səviyyəsinə qalxır. Bununla bağlı olaraq, ölkəmizdə dövlət tərəfindən psixi sağlamlığa böyük diqqət və qayğı göstərilir”.

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev  məktəblilər arasında mövzu ilə əlaqəli keçirilən sorğunun nəticələrini açıqlayıb: "Sorğu nəticələrinə görə, rəyi soruşulan uşaqların təxminən 5 faizi mübahisələrin və zorakılığın şahidi olur. 32 faizi son bir ildə ən azı bir dəfə həmyaşıdları ilə mübahisə yaşayır. 14 faiz respondentlər ay ərzində internetdən istifadə edərək digər şəxslərlə kobud davranır və alçaldıcı rəftar edirlər. Buna kiberbulinq deyilir. Uşaqların dörddə biri iki həftə və daha çox müddətdə özünü kədərli və ümidsiz hiss edir. Ümumilikdə respondentlərin 2 faizi 12 ay ərzində intihar cəhdi barədə ciddi şəkildə düşünüb".

Q.Haqverdiyev əlavə edib ki, son 12 ayda intihar haqqında ciddi düşünən qadınların sayı əhəmiyyətli dərəcədə artıb: "Xüsusən burada şəhərlərdə yaşayanlar üstünlük təşkil edib. Respondentlərin təxminən 10 %-i intihara təşəbbüs göstərib. Bu faktlar göstərir ki, psixi saglamlığa qayğı insanın doğulduğu gündən başlamalıdır".

ÜST-nin Azərbaycan üzrə rəhbəri Hande Hermancı ölümlərin əsas 2-ci səbəbi intiharlar olduğunu dedi: “İntiharların 80 faizinə, çox və orta gəlirli ölkələrdə rast gəlinir. Yaş qruplarından isə 45 yaşına qədər olan insanlar üstünlük təşkil edir. Cinslər arasında bölgü etsək, yüksək gəlirli ölkələrdə kişilər xanımlardan 3dəfə çox intihar edir, ancaq aşağı gəlirli ölkəlrdə isə bərabər olduğunu müşahidə edirik”.

UNICEF-in Azərbaycan üzrə rəhbəri Edvard Karvardin Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş konfransda psixi çətinliklərlə üzləşən uşaqlar və gənclərlə problemləri və onlarla bağlı müvafiq həllərin görülməsi vacib olduğunu deyib:

"Dünyada hər il 67 min yeniyetmə özünə xəsarət yetirərək dünyasını dəyişir. Yeniyetmələrin hər onuncusunun özünə xəsarət yetirmə cəhdi olub. Ümumiyyətlə, daha yuxarı yasda qız və oglanlar arasındakı intiharlar ölümə səbəb olan əsas amillərdəndir. Gənclərin müxtəlif xəstəliklərinə səbəb olan amillər arasında davranış problemləri, özü-özünə xəsarət yetirmə, depressiv amillər yer tutur".

Çıxışlarda Azərbaycanda psixi sağlamlığın müdafiəsi baxımından görülən tədirlər, planlaşdırılan addımlar haqqında məlumat verilib. Qeyd olunub ki, 2011-ci ildə Səhiyyə Nazirliyi tərəfindən Psixi Sağlamlığın Müdafiəsinə Dair strategiya qəbul edilib, həmin strategiyada həm uşaq və yeniyetmələrin, həm də böyük yaşlı əhalinin psixi sağlamlığının qorunması ilə bağlı məsələlər öz əksini tapıb.

Qeyd edək ki, 10 Oktyabr tarixi bütün dünyada Psixi Sağlamlıq Günü kimi qeyd olunur. Hər il Ümumdünya Psixi Sağlamlıq Federasiyası Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə günün mövzusunu təyin edirlər. Bu il Ümumdünya Psixi Sağlamlıq Gününün əsas məqsədi və şüarı intihar hallarının qarşısının alınmasıdır.

Ötən il ÜST tərəfindən depressiya ili elan olunmuşdu. ATU-da keçirilən tədbir Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azercell, Ümüdlü Gələcək təşkilatların dəstəyi ilə təşkil olunub. 

Toplantıda müxtəlif sessiyalar keçirilib. “Azərbaycanda Psixi sağlamlıq xidmətləri", "Uşaq Qaynar Xəttləri və uşaqlar arasında intihar hallarının önlənməsi", "Psixi sağlamlığın mühafizəsində innovativ yanaşmalar və informasiya texnologiyaları: beynəlxalq təcrübə",  “Qadınlarda intihar”, “Qanunla ziddiyyətdə olan və zorakılığa məruz qalmış uşaq və yeniyetmələrin psixi sağlamlığı", “Azərbaycan və Avropa İttifaqı ölkələrində stasionar psixiatriya yardımının müqayisəli təhlili”, “Bir ailənin faciəsi və onun yeniyetmələrin psixi vəziyyətinə təsiri” və digər maraqlı mövzular elmi məruzələr səsləndirilib.