03 dekabr 2020 21:43
961

Qalib ordunun əsgərləri və...

Vətən müharibəsi: ovqat

 

Tarixdə uzun müddət davam edən müharibələr olub. Ermənistanın Azərbaycanda torpaq iddiası səbəbindən başladığı elan edilməmiş müharibə 32 il davam etdi. 26 il əvvəl bağlanmış atəşkəsi Ermənistan hər gün dəfələrlə pozurdu. Neçə dəfə irimiqyaslı təxribat da törətmək istədi: 2015-ci ilin avqustunda, 2016-cı ilin aprelində, 2020-ci ilin iyulunda, 2020-ci ilin sentyabrın 27-də. Bütün tərpənişlərini nəzarətdə saxlayan Azərbaycan ordu hissələri düşmənin təxribatlarının qarşısını qətiyyətlə alırdı. Sentyabrın 27-də əks-hücum əməliyyatı Vətən müharibəsi kimi davam etdirildi...

İlk günlərdə düşmən nisbi müqavimət göstərə bilirdi.

Tarixən bütün münaqişələr necə həll olunmasından asılı olmayaraq danışıqlarla yekunlaşır.  Ermənistan –  Azərbaycan Dağlıq Qarabağ münaqişəsi status-kvonu saxlamaq istəyi səbəbindən, beynəlxalq təşkilatların kəsərsiz fəaliyyətindən, iri dövlətlərin ikili münasibətindən, bəzən işğalçını dəstəkləməsi səbəbindən sülh yolu ilə həll edilmədi. Bu münaqişəni Ali Baş Komandanın əmriylə Azərbaycan Ordusu həll etdi. 44 gün davam edən Vətən müharibəsi qələbəmizlə başa çatdı, torpaqlarımız işğaldan azad edildi. Ermənistan üçtərəfli bəyanatı imzalamağa məcbur edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətində qürurla dediyi kəlmələr –Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!” – qazanılan qələbənin mahiyyətini ifadə edir...

Vətən müharibəsinin döyüş mərhələsi başa çatdı...

Hərbi xidmətə torpaqlarımızın işğaldan azad edilməsi üçün döyüşlərdə iştirak etmək istəyiylə başlayan əsgərlər döyüşlər başa çatandan sonra asudə vaxtlarda nədən danışırlar? – 44 günlük döyüşün neçə 44-lərə sığmayacaq təəssüratlarından, hər mövqe qələbəsinin növbəti döyüşlərin başlanğıcı olduğundan, kəndlər, şəhərlər azad ediləndə yaşanılan qürurdan, yaralanan döyüşçülərdən, şəhid döyüşçülərdən, ... danışırlar. Bir də Vətən müharibəsində iştirak etdiklərinə görə şükranlıq yaşayırlar: “Hərbi xidmətə Ali Baş Komandanın döyüş əmriylə torpaqlarımızı işğaldan azad etmək istəyiylə başlamışdıq. Əks-hücum əməliyyatı kimi başlayan  Vətən müharibəsində istəyimizə çatdıq, döyüşlərdə biz də iştirak etdik. Qalib ordunun əsgəri kimi tərxis olunacağıq...”...

Baş çavuş Qoşqar Əliyev, əsgər Səfər Şəkərəliyev, əsgər Rəşid Abdullayev, əsgər Məmizadə 44 günün qürurundan da, 44 günün nəticəsi kimi yaşanılan, yaşanılacaq qələbə sevincindən də danışırlar. Bu sevinc gözəl sevincdir. Bu sevinc Azərbaycana təmiz, duru niyyətlə baxmayanların gözlərini qamaşdıran sevincdi...

Komandirləri onlara Ermənistan, Fransa, Rusiya və Xorvatiyadan könüllü olaraq Qarabağa gəlmiş erməni döyüşçülərin müharibə haqqında dediklərini də danışıblar, qaliblərimiz o deyilənləri də xatırlayırlar:

"Əvvəlcə şimalda döyüşdüm, sonra  bölüyümüz Şuşa yaxınlığına köçürüldü. Kabusun nə olduğunu orda anladım. Düşmən dəfələrlə çox idi. Onlar dalğa kimi irəliləyirdilər. Bir qrupu məğlub edirdik, amma onun ardınca başqa bir qrup gəlirdi. Bu müharibədəki ən pis şey əlimizdə sadəcə kalaşnikovların olması idi. Düşmən isə PUA-larla bizə zərbə endirirdi. Bütün könüllülər bir nəfər kimi deyirlər ki, PUA-lar əsl kabus idi. Onları görə bilməzsən, eşidə bilməzsən və onlardan qurtuluş yoxdur. Dron nişan alırsa, heç bir şansın yoxdur. Əgər PUA yaxınlaşırsa sənin cəmi bir neçə saniyən var. Xüsusi təyinatlılar isə gecə, tam qaranlıq və qatı dumanda gəlirdilər. Könüllülərimiz onları aşkarlamaq üçün əraziyə cipsi tökürdülər. Xırtıltı varsa, deməli, gəlirlər." – Arman Qarayan belə deyib. Qaranlıqda, qatı dumanda düşmən üzərinə gələnlərin döyüş əzminə, qələbə ruhuna paxıllıqdırmı, məğlubiyyəti bu amillə ört-basdır etmək niyyətidirmi, o “bir neçə saniyəyə” sığınıb sağ qaldığına görə sevincin dolaşıq ifadəsidirmi...

"400 nəfər görürdük. Atəş açılırdı, onun ardınca daha bir qrup gəlirdi. Atəş açılırdı, ardınca ikiqat böyük qrup dalğa halında gəlirdilər. Əlbəttə ki, belə bir qüvvəyə tab gətirmək mümkün deyil." –Narek Djaninyan belə deyib. Şuşanın işğaldan necə azad edildiyini erməninin belə ifadə etməsində qorxu çaları da var. Bu qorxu döyüşə tab gətirməməyə bəraət kimi ifadə edilsə də, Ermənistan ordusunun muzdlusunu (və muzdlularını!) döyüşdən əl üzməyə, geri çəkilməyə, qaçmağa yönləndirib...  

"Yaxın məsafədən atışa girən dostlarım düşmənin qeyri-insani inadkarlığını qeyd edirlər. Avtomatla çiynindən vururdun, amma döyüşməyə davam edirdilər – onlar terminator kimi irəliləməyə davam edirdilər. Sanki zombi ordusu idi " – Andrey Nalbandyan deyib. “Qeyri-insani inadkarlıq” ifadəsində əlçatmaz bir həsəd var, paxıllıq var, gözügötürməzlik var. Döyüşdüklərinin terminator kimi irəliləməsini duyan, bunu etiraf edən muzdlunun barmağı tətiyə sıxıla bilərdımı? – qətiyyən! Döyüşdüklərini “zombi ordusu” ilə müqayisə edən muzdlu döyüşçü döyüşü davam etdirə bilərdimi? – əsla!..

Qələbə sevinci dünyəvi sevincdir...

44 gün çəkən Vətən müharibəsi vətənsevərliyin işğalçılıq üzərində tarixi qələbəsi il başa çatdı. Tarix faktlardır, hadisələrdir, həm də xatirələrdir; hadisələr, faktlar Vətən müharibəsi iştirakçılarının xatirələriylə, təəssüratlarıyla zənginləşəcək. Qələbə qazananların qələbədən danışdıqları da Vətən müharibəsinin tarixidir...

     

Rəşid Faxralı