18 may 2020 11:00
2517

Qanun qarşısında hər kəs bərabər hüquqa malikdir

Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, inzibati cəza tədbirləri ilə yanaşı, institusional tədbirlər də görülməlidir ki, korrupsiyanın və rüşvətxorluğun əhatə dairəsini daraldaq və beləliklə, Azərbaycanı müasir, çox sürətli inkişaf yoluna gətirək

Prezident İlham Əliyev 2013-cü ildə keçirilən “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda proqram xarakterli çıxışı ilə bütün dövrlər üçün aktuallığını qoruyan, hər bir dövlətin inkişafında vacib faktor olan şəffaflığın təminatını, korupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin vacibliyini önə çəkərək dövlət başçısı kimi fəaliyyətə başladığı gündən gündəmə gətirdiyi insan kapitalı məsələsinin mahiyyətini belə açıqlamışdır: “İnsan amili, insan kapitalı. Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır, dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, təhdid edilməməlidir, incidilməməlidir. Belə hallar var?! Var! Kim bunu edir?! Dövlət məmurları! Kim incidə bilər vətəndaşı?! Dövlət məmuru!.. Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət!.. Hamısını mən təyin etmişəm. Bəzi rayonlarda bir neçə dəfə dəyişmişəm. Nəyə görə? Çünki etimadımı doğrultmurlar. Hər birinə demişəm ki, gedin, insanlara arxa durun, gedin, köməklik göstərin. Gedin, hörmət edin insanlara. Amma bəzi hallarda mən bunu görmürəm. Görməyəndə də tədbirlər görürəm.”

Təkcə son dövrlərdə dövlətimizin başçısı İlham Əliyevin tapşırıqlarından düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslərin dövlət tərəfindən ciddi cəzalandırılmasına diqqət yetirmək kifayətdir. Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq-sayıqlığı nəticəsində aşkarlanmış korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakını talama səbəblərindən həbs olunmuş Ağstafa, Yevlax, Neftçala, Biləsuvar Rayon İcra hakimiyyətlərinin başçılarının düşdüyü vəziyyətdən nəticə çıxarmayan növbəti şəxs İmişli Rayon İcra Hakimiyyətinin başçısı oldu. Bu hallar dövlətçiliyə və xalqa xəyanət kimi dəyərləndirilir. Dövlətimizin başçısı tərəfindən dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə icra başçılarına müvafiq tapşırıqların verilməsinə baxmayaraq bu halların baş verməsi dövlətin mənafeyinə ziddi zərbə vurur. Bu məqamı da xüsusi qeyd edək ki, cənab İlham Əliyev tərəfindən Baş prokuror vəzifəsinə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinin təyin edilməsi ölkəmizdə korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürüdür. Aparılan ictimai-siyasi, iqtisadi, hüquqi və kadr islahatları ölkəmizin yeni inkişaf mərhələsinə keçidini şərtləndirir.

Ölkə Prezidenti yuxarıda qeyd etdiyimiz konfransdakı nitqində bütün dövlət məmurlarına nümunə, yol göstəriləcək məqama da diqqət yönəltmişdir. “Hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar olmalıdır” söyləyən cənab İlham Əliyev bildirmişdir ki, ancaq bəzi hallarda təvazökarlıqdan, ümumiyyətlə, söhbət getmir. Özləri üçün böyük məclislər, təmtəraqlı toylar, yubileylər düzəldirlər: “Yaraşırmı bu, dövlət məmuruna?! Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm. Bu, mənim təbiətimdir, ikincisi, bununla bir yol göstərirəm. Belə olmaq lazımdır.”

Ölkə Prezidentinin həmin nitqindən bizləri ayıran 7 illik zaman fasiləsində Azərbaycanın bütün sferalarda qazandığı uğurlara, eyni zamanda, bütün dövlət məmurlarına daim ünvanladığı mesajlara diqqət yetirmək kifayətdir. Ölkə Prezidenti məmur-vətəndaş münasibətlərində, xalqla ünsiyyətdə öz şəxsi keyfiyyətləri və nümunəvi davranışı ilə ən mükəmməl örnək olmaqla yanaşı, haqlı olaraq dövlət idarəçiliyindəki hər kəsdən də bunu tələb edir. Prezident vətəndaşlarla münasibətdə şəffaflığın artırılmasını, etik qaydalara əməl edilməsini, onlara daha keyfiyyətli, rahat, müasir şəkildə xidmət göstərilməsini və vətəndaş məmnunluğunun təminini məmurlar qarşısında ən mühüm vəzifələr kimi müəyyənləşdirib.

Hər zaman qeyd edildiyi kimi, məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması bütövlükdə dövlətin güclənməsinə xidmət edir. Prezident öz şəxsi nümunəsi ilə bütün məmurlara xalqla bir yerdə olmalarının, vətəndaşların müraciətlərinə, problemlərinin həllinə qayğı ilə yanaşmalı olduqlarının vacibliyini örnək göstərir. Daim öz xalqının yanında olmaq, onun çətinliklərinə, problemlərinə həssaslıqla yanaşıb onların operativ həlli istiqamətində əsaslı tədbirlər görmək Prezident İlham Əliyevin fəaliyyətinin başlıca xəttidir. Daim xalqa güvəndiyini, xalqdan dəstək aldığını bildirən dövlətimizin başçısı irəli sürülən təşəbbüslərin insanlar tərəfindən dəstəklənməsinin böyük ruh yüksəkliyi yaratdığını xüsusi qeyd edir. Ölkə Prezidentinə pandemiyaya qarşı mübarizə tədbirləri ilə bağlı ünvanlanan təşəkkür məktubları da deyilənlərin bariz nümunəsidir. Görülən işlərin beynəlxalq aləmdə yüksək dəyərləndirildiyini önə çəkən cənab İlham Əliyev bildirir ki, fəaliyyətimizə ən böyük qiyməti Azərbaycan xalqı verir.

Yaşanan hər bir çətinlik, baş verən hadisə bir sinaq kimi dəyərləndirilməlidir. Bu sınaqdan hər bir ölkə öz imkanlarına uyğun çıxır. Necə ki, 2008-2009-cu illərin iqtisadi və maliyyə böhranı hər bir ölkənin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynadı. Azərbaycan həmin böhrandan az itki ilə çıxmaqla bir daha dünyaya özünün inkişaf modelinin nə qədər mükəmməl, uğurlara yol açan, dayanıqlı inkişafı təmin edən, bir sözlə, çətinliklərdən uğurla çıxmağa əsas yaradan strategiya olduğunu nümayiş etdirdi.

Dövrün, zamanın tələblərinə uyğun çağırışları həyata keçirdiyi siyasətin önündə saxlayan Azərbaycan ev sahibliyi etdiyi, həmçinin bu və ya digər ölkələrdə keçirilən tədbirlərdə ünvanına deyilən xoş, reallığı özündə əks etdirən fikirlərdən arxayınlıq yaratmamaqla daim irəliyə baxmağı özünün prioritet istiqaməti kimi qəbul edib. Cənab İlham Əliyev həmişə bu çağırışı edir ki, biz daim irəliyə baxmalıyıq. Ölkə Prezidentinin “İyirmi birinci əsrdə iyirminci əsrin baxışı ilə uğur qazanmaq olmaz” kimi fikirləri də deyilənlərin təsdiqidir.

Koronavirus infeksiyasına qarşı mübarizənin aparıldığı ilkin mərhələdə Azərbaycanın yaranmış sosial və iqtisadi fəsadları aradan qaldırmaq üçün davamlı Tədbirlər Planını təsdiqləməsi, 4 sektoru, 20 fəaliyyət sahəsini əhatə edən 10 yardım proqramının icrasına başlanılması və sair kimi əhəmiyyətli addımlar ölkəmizin iqtisadi və sosial gücünün, bu günə qədər həyata keçirilən təkmil islahatların nəticəsi kimi qiymətləndirildi. Ölkənin idarə olunmasında əhəmiyyətli rol oynayan qanunların qəbulu və zamanın tələbinə uyğun təkmilləşdirilməsi də bu tərkibdəndir. Ulu öndər Heydər Əliyev bildirmişdir ki, hər bir qanunun arxasında Azərbaycanda dövlət quruculuğunu təmin etmək, iqtisadi, siyasi, sosial islahatları həyata keçirmək məsələləri durur. Azərbaycanı keçmiş sosialist ictimai-siyasi, iqtisadi sistemindən yeni sistemə keçirmək prosesi uğurla həyata keçirildi və buna nail olduq. Azərbaycan xalqı bunların nəticəsində öz müstəqil ölkəsində tam azadlığa çıxıb.

İqtisadi inkişafa yol açan sabitliyin və qanunun aliliyinin ölkəmizdə yüksək səviyyədə təmin olunması Azərbaycanın inkişaf strategiyasını uğurla icra etməsinə geniş yol açır. Cənab İlham Əliyev Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən bu məsələyə xüsusi diqqət yönəltmişdir ki, ilk növbədə, qanunun aliliyi tam təmin edilməlidir və ədalətli cəmiyyətin qurulması üçün bu amil başlıca şərtdir. Əfsuslar olsun ki, biz istədiyimizə hələ də tam nail olmamışıq, o cümlədən hüquq mühafizə orqanları tərəfindən qəbul edilmiş qərarlar bəzi hallarda qanunlara ziddir, sosial ədaləti pozur, insanları haqlı olaraq narazı salır və beləliklə, ümumi işimizə böyük ziyan vurur.

İnkişaf modeli dünyaya nümunə göstərilən Azərbaycanda koronavirusun yaratdığı sosial və iqtisadi fəsadların aradan qaldırılması bu baxımdan beynəlxalq qurumların, xüsusilə Ümumdünya Səhiyyə Təşkilatının diqqətindədir ki, ölkəmizdə sistemli xarakter alan qabaqlayıcı tədbirlər, əhalinin sağlamlığının təminatı ilə yanaşı, sosial və iqtisadi durumun yaxşılaşdırılmasının prioritetliyi respublikamızın hər bir çətinliyi uğurlu siyasəti ilə dəf etmək qüdrətində olduğunu göstərir.

Bu günə qədər idarəetmə sistemində aparılan təkmilləşmələr, kadr hazırlığı, dövlətimizin gəncləşmə siyasəti Tədbirlər planlarının uğurlu icrasında əhəmiyyətli rol oynayır. Cəmiyyətin bütün təbəqələri ilə Prezident arasında səmimi ünsiyyətin mövcudluğu dövlət-vətəndaş birliyinin daha çox aktual olduğu indiki məqamda davamlı addımların atılmasında stimulverici amilə çevrilib. Cənab İlham Əliyev hər bir vətəndaşına sahib olduğunu, onların qayğıları ilə yaşadığını əməli işi ilə təsdiqləyir. Bu mühüm məqam da xüsusi qeyd edilməlidir ki, koronavirusun dünya iqtisadiyyatına böyük zərbələr vurduğu, xəstəliyin coğrafiyasının genişləndiyi hazırkı dövrdə ölkəmizdə sosial obyektlərin açılışı, bu mərasimlərdə dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı, onların xalqa müraciətlərində əksini tapan fikirlər dövlət siyasətinin əsasında vətəndaş amilinin, onların sosial müdafiəsinin gücləndirilməsinin dayandığını bir daha ortaya qoyur.

Zaman amili islahatların sürətini, dərinliyini, səmərəliliyini təmin etmək, ölkənin inkişafı, xalqın rifahının yüksəldilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrin vaxtında icrasına nail olmaq üçün başlıca faktorlardan biridir. Azərbaycanın bugünkü uğurlarına baxış fonunda bu reallığı böyük inam və fəxrlə qeyd edə bilərik ki, dövlətimizin başçısı İlham Əliyevin həyata keçiridyi uğurlu siyasət, imzaladığı biri-birindən əhəmiyyətli Fərman və sərəncamlar 10-20 il sonrakı Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi mənzərəsini formalaşdırır. Dövlətimizin başçısının gələcəyə baxış konsepsiyası çoxşaxəli olduğu qədər də konkret və məqsədyönlüdür. Alternativi olmayan islahatlar prosesinin dərinləşməsi fonunda müstəqil Azərbaycanımızın gələcəyini daha aydın görür, ən əsası beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi möhkəmlənən mövqeyinə hər an yeni əlavələr edəcəyini böyük inam hissi ilə qeyd edirik.

Cənab İlham Əliyev Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bu mühüm məqama da xüsusi diqqət yönəltmişdir ki, son vaxtlar gənc nəslin nümayəndələri mərkəzi və yerli icra orqanlarının rəhbərliyinə gətirilir. Bu, düzgün addımdır. Çünki gənclər cəmiyyətimizin fəal təbəqəsidir. Gənclərimizin mütləq əksəriyyəti milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alıb və bu gün ölkəmizin hərtərəfli inkişafı üçün öz biliklərini ortaya qoymağa hazırdırlar.

Yeganə Hadıyeva, “İki sahil”