17 oktyabr 2019 19:11
1212

Qara pişiyin uğursuzluğu, yoxsa...

Dünya tarixində pişiklərdən başqa fərqli dönəmlərdə fərqli dəyərləndirməyə məruz qalan ikinci bir canlı yoxdur, çünki əvvəl ilahiləşdirilən, sonra şeytanla eyniləşdirilib soyqırıma məruz qalan, sonra da təkrar evin baş küncünə yerləşdirilən  canlı növü məhz pişiklərdir.

Bir insanın qarşısından qara pişiyin keçdiyi zaman uğursuzluq gətirəcəyi ilə  bağlı inancın qaynağının miladdan əvvəl 3000-ci illərə, qədim Misirlilərə bağlı olduğu qeyd edilir. O dövrdə pişiklər müqəddəs bir canlı olaraq qəbul edilirdi. Hətta qara dişi pişiklərin ilahiləşdirilməsini  qazıntı işləri nəticəsində  ortaya çıxan məlumatlar sayəsində görmək mümkündür.

O dövrdə Misirdə pişikləri xəstəlik və ölümdən qorumaq üçün qanunlar belə qəbul edilmişdi. Evin pişiyinin ölməsi isə  ailə üçün bir fəlakət idi. Ailənin kasıb və ya varlı olmasından asılı olmayaraq, pişik mumyalanar, çox  gözəl parçalara bükülər, hətta məzarında yanına qiymətli əşyalar da qoyulardı. Pişiklərin Misirlilərə bu qədər təsir etməsinin səbəbi kimi onların çox yüksək  bir yerdən düşdükləri zaman belə yara almadan xilas olmaları sanmaqlarıdır. Pişiyin doqquz canlı olduğu inancı o zamanlardan var idi.

Mədəniyyətlər inkişaf etdikcə insanlarda pişik sevgisi də artmağa başladı. Hindistanda, Çində pişiklər insana ən yaxın heyvan oldular. O dövrlərdə isə  bugünkü inancın  əksinə olaraq pişiyin bir insanın qarşısından keçməsi həmin adam üçün  əslində şans demək idi. Pişiklərdən, xüsusilə qara pişiklərdən nifrət, xristianlığın özündən əvvəlki mədəniyyətləri və onların simvol qəbul etdiyi şeyləri yox etmə ənənəsi ilə orta əsrlərdə, İngiltərədə başladı.

Sahibsiz, bildiyini edən, “inadçı” və “hiyləgər” xarakterli küçə pişiklərinin sayının da şəhərlərdə həddindən artıq artması  isə pişikləri gözdən saldı. O illərdə evində pişik bəsləyənlər tək yaşayan kasıb və yaşlı qadınlar idi. Yenə həmin dönəmlər cadugər və cadugər inancının bütün Avropada xəstəliyə çevrildiyi illər idi. Qara pişik bəsləyən bu qadınların cadu etdiklərinə dair kampaniyalar başladıldı. Qara pişiklərin gecələri şeytana çevrildikləri mövzusunda qorxu dolu xalq hekayələri ortaya çıxmış oldu. Cadugərlik kütləvi qınağa çevrildikdə isə  bir çox yazıq qadın pişiyi ilə birlikdə yandırıldı.

Fransada kral XIII Luis bu tətbiq qaydasını qadağan edənə qədər hər ay minlərlə pişik yandırıldı. Sonra isə  pişiklərin məşhurluğu  bir daha təkrar yüksələrək artmış oldu. Görünür, boş yerə  deməyiblər ki, pişiklər doqquz canlıdır.

Röya Rasimqızı, “İki sahil”