24 noyabr 2020 13:42
512

Qarabağ Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan, ayrılmaz hissəsidir

Azərbaycan dünyada yeganə ölkədir ki, burada yəhudilər özlərini təhlükəsiz hiss edir, antisemitizm Azərbaycan xalqına yaddır.

AZƏRTAC xəbər verir ki, bu fikir siyasi analitik Raxel Avraamın nüfuzlu “Jewish Press” informasiya agentliyinin yaydığı məqaləsində yer alıb.

Raxel Avraamın fikrincə, bəzi ermənipərəst ekspertlər arabir yazdıqları məqalələrdə bildirirlər ki, İsrailin Azərbaycanı dəstəkləməsi strateji səhvdir. Bu ermənipərəst ekspertlər deyirlər ki, guya Azərbaycan Dağlıq Qarabağda ermənilərə qarşı “soyqırımı” törətməyə cəhd edib və Holokostu yaşamış yəhudi xalqı bunu dəstəkləməməlidir. Lakin bu “ekspertlər” başa düşmürlər ki, belə uydurma iddialar faktiki olaraq, nasistlər tərəfindən törədilmiş vəhşiliyin azaldılmasına işləyir, çünki Azərbaycan heç bir soyqırımı törətməyib. Bu ermənipərəst ekspertlər, həmçinin bəyan edirlər ki, guya Dağlıq Qarabağ tarixən Ermənistanın bir hissəsi olub. Lakin BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli dörd qətnaməsində təsdiqlənib ki, Dağlıq Qarabağ regionu Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan və ayrılmaz hissəsidir və Ermənistan öz qoşunlarını bu ərazilərdən qeyd-şərtsiz, dərhal çıxarmalıdır. Bununla belə, son 30 il ərzində Ermənistan qanunla ona məxsus olmayan bu regiona məskunlaşdırılma üçün maliyyə yardımı edib.

İsrailli analitik xatırladır ki, 1992-ci ilin fevralında Xocalıda törədilən soyqırımı aktı bəşəriyyətə qarşı dəhşətli və müdhiş cinayət idi. Ovaxtkı müharibə zamanı ən dəhşətli etnik təmizləmə aktlarından birində Ermənistan bir müdhiş fevral gecəsində Azərbaycanın Xocalı şəhərində soyqırımı aktı törətdi. Nəticədə bu amansız etnik təmizləmə aktında Ermənistan silahlı qüvvələri tərəfindən bir gecədə aralarında 63 uşaq, 106 qadın və 70 ahıl şəxsin olduğu 613 nəfər qətlə yetirilib, bundan əlavə, 487 nəfər şikəst edilib, 1275 nəfər əsir götürülüb. Bu insanların belə qəddarlığa məruz qalmasının yeganə “səbəbi” onların azərbaycanlı olması idi.

“Məcburi köçkün azərbaycanlılar bu yaxınlaradək öz doğma torpaqlarına qayıda bilmirdilər. “Lakin 1993-cü ildən bəri Dağlıq Qarabağa köçmək istəyən ermənilərə əkinçilik və heyvandarlıqla məşğul olmaqdan ötrü “onların yaşayışları üçün maliyyə dəstəyi” təqdim olunurdu. Bu, müharibə zamanı işğal edilən ərazilərdə mülki əhalinin yerləşdirilməsinin qadağan edildiyini nəzərdə tutan Cenevrə Konvensiyasının birbaşa pozulmasıdır. Lakin Ermənistan bu mühüm beynəlxalq qanunu açıq şəkildə pozub və bu yaxınlaradək milyondan çox azərbaycanlı qaçqına öz evlərinə qayıtmağa imkan verməyib, bilərəkdən onların yerinə diaspordan və elə Ermənistanın özündən olan erməniləri yerləşdirib.

Sentyabr ayından başlayaraq sülh razılaşması imzalanana qədər Ermənistan Azərbaycanın yaşayış məntəqələrinə günahsız vətəndaşlara zərər vurmaq məqsədilə artilleriya zərbələri endirib ki, bu da müharibə cinayətidir”, - deyə Avraam öz məqaləsində vurğulayır.

Faktiki olaraq, “Human Rights Watch” hətta təsdiqləyib ki, Ermənistan azərbaycanlıları kasetli döyüş sursatlarının köməyi ilə qətlə yetirib. Azərbaycanın Baş prokuroru Kamran Əliyevin bu yaxınlarda BMT-nin insan haqları Şurasına yazdığı məktubda deyilir: “Ermənistan silahlı qüvvələri tərəfindən yarım milyon əhalisi olan, münaqişə zonasından 100 kilometrdən artıq məsafədə yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncənin oktyabrın 4-də, 5-də, 8-də, 11-də və 17-də Ermənistan ərazisindən ballistik raket atəşinə məruz qalması nəticəsində 6-sı uşaq, 10-u qadın olmaqla 26 mülki şəxs həlak olub, 32-si uşaq, 57-si qadın olmaqla 142 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın strateji obyektləri olan Mingəçevir Su və İstilik Elektrik stansiyaları, Bakı-Tbilisi-Ceyhan və Bakı-Novorossiysk neft kəmərləri, Oğuz-Qəbələ-Bakı su kəməri hədəfə alınmaqla müxtəlif tarixlərdə raket atəşlərinə məruz qalıb.

Azərbaycan hökumətinin məlumatına görə, sentyabrın 27-dən sülh razılaşması imzalananadək olan dövrdə 93 dinc sakin öldürülüb, daha 407 nəfər yaralanıb. Bundan başqa, Ermənistanın mülki əhalinin sıx yaşadığı yerləri hədəf götürməsi nəticəsində Azərbaycanda 504 mülki obyekt, 3326 şəxsi ev və 120 çoxmənzilli ev zərər çəkib.

Müəllif yazır: “Bəzi ekspertlər antisemitizmin Ermənistanda problem olduğunu inkar edirlər, təsdiqləyirlər ki, bu, Azərbaycan təbliğatının məhsuludur. Lakin sözün düzü, erməni icmaları məni, sadəcə, Azərbaycana dəstək məqalələri yazdığıma görə “sionist terrorçu” və riyakar adlandırıblar. Necə ki, insan haqları üzrə beynəlxalq hüquqşünas, yəhudi əsilli İrina Sukerman Azərbaycanı dəstəklədiyinə görə bir sıra antisemit təhqirlərə məruz qalıb”. O qeyd edir ki, əslində, “Yediot Ahronot”un erməni ordusunun baş qərargah rəisinin müşaviri Vladimir Poqosyanın İsraili 1933-cü il nasist Almaniyası ilə müqayisə edərək hədələməsi barədə xəbərindən o qədər də çox vaxt keçməyib. Ermənilər ilk dəfə deyil bu cür iyrənc iftiraları və digər antisemit hücumları törədirlər. Efrat Avivin özünün kitabında yazdığı kimi, XV-XVI əsrlərdə ermənilərin yəhudilərə nifrəti dini və maliyyə motivlərindən irəli gəlirdi, yəqin ki, buna görə də olduqca güclü idi. Yəhudilər xristian erməni məhəllələrindən keçərkən bəzən fiziki hücumlara məruz qalırdılar, bəzən yəhudiləri mərasim qətllərində təqsirləndirirdilər. Nəticədə yəhudilər adətən müsəlman məhəllələri ilə yanaşı və yaxud yaxınlığında yerləşməyə üstünlük verirdilər. Sonralar 1918-ci ildə erməni daşnak millətçiləri qrupu tərəfindən Qubada qanlı soyqırımı zamanı 3 minə yaxın dağ yəhudisi məhv edilib. Bundan məqsəd etnik cəhətdən təmiz Ermənistan üçün mühitin yaradılması idi. Qubada baş verən soyqırımına qədər 15036 dağ yəhudisi yaşayırdı. Onların 20 faizi öldürülmüşdü. Professor Rövşən Mustafayev öz tədqiqatında bu vəhşiliklər barədə yazaraq bildirir ki, öldürülmüş günahsız yəhudilərin adlarının aşkarlanmasını təkcə A.Xasməmmədovun sədrliyi altında fövqəladə istintaq komissiyasının topladığı materiallar sübut etmir. XX əsrin əvvəllərində dəhşətli faciəni yaşamış yəhudilərin şəxsi arxivlərindəki mötəbər faktlara uyğun materiallar da dağ yəhudilərinə qarşı daşnak dəstələrinin cinayətlərindən xəbər verir.

Dünya Yəhudi Konqresi qeyd edir ki, Holokostdan canını qurtaran və Sovet İttifaqı daxilində dini münasibətdə daha dözümlü kimi tanınan Sovet Azərbaycanında məskunlaşan avropalı yəhudilər var. Bundan başqa, Qızıl Orduda xidmət edən azərbaycanlı hərbçi Həmzə Sadıqov yəhudi uşaqları üzərində sınaqlar aparan nasist generalı İohann fon Roddenburqu ələ keçirib. Məlumdur ki, Qızıl Ordunun bu igid azərbaycanlı zabiti 30 yəhudi ailəsini xilas edib. Məhz azərbaycanlı Həmzə Sadıqov yəhudi uşaqlarının xilaskarı olub, onun sayəsində onlarca yəhudi uşaq labüd ölümdən xilas edilib. Hazırda bu qəhrəmanın məzarı Azərbaycanın işğaldan azad etdiyi ərazidə yerləşir və yəhudi uşaqlarını faşistlərdən xilas edən qəhrəmanın özünün alman faşistlərindən heç nə ilə fərqlənməyən erməni faşistlərinin tapdağı altında olmasını düşünmək ürək ağrıdır. Bu erməni faşistləri Azərbaycanın Xocalı şəhərində və digər işğal edilmiş Azərbaycan rayonlarında uşaqları məhv ediblər. Sadıqovun məzarına gəlincə, bu məzarın erməni vandalları tərəfindən dağıdılması barədə məlumatlar var.

Sonda Avraam yazır: “KİV-lərdə bəzi ekspertlərin bəyanat haqqında mənfi rəyinə baxmayaraq, mən Azərbaycanı onun imzaladığı yeni sülh razılaşmasında dəstəkləməkdə davam edəcəyəm. Mən bunu ona görə edirəm ki, həddən çox sayda erməninin antisemit olduğu bir vaxtda Azərbaycan antisemitizmin sıfır səviyyəyə bərabər olduğu tolerant, multikultural, çoxmədəniyyətli ölkədir.

Mən bunu ondan ötrü edirəm ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi isə Ermənistandan Dağlıq Qarabağın işğalının dayandırılmasını və işğalçı qüvvələrin həmin torpaqlardan dərhal çıxarılmasını tələb edir. Bütün bu səbəblərə görə mən bundan sonra da Azərbaycanın haqq işini açıq şəkildə müdafiə edəcəyəm”.