08 yanvar 2021 15:35
1352

Qarabağ Azərbaycanın əsas turizm zonalarından birinə çevriləcək

Dövlətimizin başçısı İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə bir daha bildirdi ki, 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki,  planlarımız həyatda gerçəkləşir

“Qarabağ bölgəsinin çox zəngin turizm potensialı vardır. Ona görə indidən turizm marşrutları işlənib hazırlanmalıdır ki, artıq həyat bu bölgəyə qayıdandan sonra vaxt itirmədən turizm sektoru da inkişaf etsin. İndidən beynəlxalq turizm sərgilərində, - pandemiyadan sonra bu sərgilər bərpa ediləcək, - Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstərilməlidir ki, biz bu bölgəni doğrudan da dünya üçün çox cəlbedici bölgə kimi təqdim edək. Nəzərə alsaq ki, Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonalarından birinə çevriləcək.» Dövlətimizin başçısı İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunan müşavirədə bir daha bildirmişdir ki, planlarımız böyükdür. Müharibə cəmi iki aya yaxındır ki, başa çatıb: «Amma görün, nə qədər böyük işlər görülüb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin.»

44 günlük müharibə arxada qalsa da, onun uğurlu nəticəsi, hazırda işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən quruculuq layihələri geniş təhlil olunmaqdadır.  Bu kiçik  rəqəmin tarixə yazdığı qürurverici, şanlı səhifə harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlıya o qədər böyük sevinc bəxş etdi ki, 30 il qət etdiyimiz  yolun çətinliklərini, həsrətini, nisgilini   unudur, belə bir xoşbəxtliyi bizlərə  yaşadan dövlətimizin başçısı, Ali Baş Komandana, rəşadətli Azərbaycan Ordusuna, bütün əsgər və zabit heyətinə minnətdarlığımızı ifadə edirik. Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək iqtidarında olduğunu bir daha işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi. Biz müharibə istəmirdik, amma torpaqlarımızı işğaldan azad etmək istəyi  bir an da olsun  bizi tərk etmədi.  30 ildən artıq dövlətimizin uğurlu siyasəti, real faktlara,     tarixi həqiqətlərə əsaslanan təbliğatı  nəticəsində dünya  ermənilərin əsl simasını, onların  beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozduğunu, beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymadığını gördüyü halda susdu, göz yumdu. Azərbaycan xalqının səbri tükəndi, sentyabrın 27-dən başlanan, 44 gün davam edən  Vətən müharibəsi bir daha Prezident-xalq-ordu birliyini  nümayiş etdirdi. Xalqımız tam əmin idi  ki, dövlətimizin qətiyyətli mövqeyi, ordumuzun gücü, qüdrəti sayəsində uğurla həyata keçirilən  əks-hücum əməliyyatları otuz ildən artıq davam edən   işğala son qoyacaq! Ədalətsizliyə son qoyacaq!   Bu əks-hücum əməliyyatı, eyni zamanda, insanlarda Vətənə bağlılığı, illərdən  bəri işgal altında olan torpaqlarımızın azad olunması arzularının reallaşması, gerçəkləşməsi demək idi. Cənab İlham Əliyev  daim bəyan edirdi ki, Azərbaycan gəncliyi vətənpərvərlik  ruhunda yetişməli, dövlət maraqlarının qorunması, həqiqətlərimizin təbliği onların ideoloji  fəaliyyətinin əsasını təşkil etməli, azərbaycançılıq məfkurəsinə söykənməlidir. Bu gün hər bir ana   müstəqilliyimizin daimiliyinin, Vətənin   ərazi bütövlüyünün  qorunması naminə  övladının göstərdiyi qəhrəmanlıqlardan, şəhidlik zirvəsinə yüksəlməsindən qürur hissi keçirir.  Şəhidlərimizin həyat yolu hər zaman gənclərimiz üçün vətənpərvərlik məktəbidir. Dövlətimizin başçısı İlham Əliyev daim bildirirdi ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Bu gün torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsi yolunda şəhidlik zirvəsinə yüksələn, erməni təxribatları nəticəsində həlak olan günahsız insanların ruhu şaddır. Onların qanı bahasına işğaldan azad edilmiş torpaqlarımızda həyat başlayır. Hər bir Azərbaycan əsgərinin yeganə amalı, məqsədi işğal altında olan torpaqlarımızı azad etmək, soydaşlarımızın doğma yurd-yuvalarına qayıtması, həyatımızın bütün sferalarında inkişafın dinamikliyinin təmin olunması, Azərbaycanımızın daha da qüdrətlənməsi, inkişaf etməsi idi. “Bizim mübarizəmiz  haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər, bu dəstəyi biz daim hiss edirik” söyləyən cənab İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır: “Otuz ilə yaxın öz doğma torpaqlarına  qayıda bilməyən soydaşlarımıza da üz tutub deyirəm, biz əlimizdən gələni edəcəyik ki, sizi öz doğma torpaqlarınıza  qaytaraq.”

Bugünün reallıqları torpaqlarımızın işğaldan azad olunması ilə bağlı bütün istəklərin həyata keçdiyini təsdiqləyir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd olunan müşavirədə bildirdiyi kimi, biz tarixi anlar yaşayırıq. 

Bir mühüm məqamı da böyük fəxr hissi ilə qeyd edirik ki, dövlətimizin başçısı İlham Əliyevin çağırışına uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək məqsədilə könüllü  müraciət edənlərin sayı onminlərlə oldu. Vətənpərvərlik hissinin göstəricisi kimi qəbul edilən bu statistika, eyni zamanda, dövlətimizin başçısı İlham Əliyevin  Azərbaycanda qismən səfərbərlik elan edilməsi haqqında Sərəncamından irəli gələn tapşırıqların icrasında  vətəndaşlarımızın böyük  ruh yüksəkliyi ilə iştirak edəcəklərinə işarə idi.  Xalq-dövlət, xalq-ordu birliyi qarşıya qoyulan hər bir hədəfə çatmaq üçün stimulverici amil rolunu oynayır və oynadı. Vətəndaşlarımızın vətənpərvərliyi, orduya dəstəkləri, ordu sıralarında qulluq etmək niyyətləri və bunu reallıqda nümayiş etdirmələri 44 günün reallıqları sırasında idi. Cənab İlham Əliyev bildirir ki,
 atılan addımlar  bir məqsədi güdürdü: Qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də Qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu Qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi.

“Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq” söyləyən cənab İlham Əliyev bildirir ki, əlbəttə ki, bizim güclü ordumuz var, texniki təchizat da yüksək səviyyədədir: « Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir.»

Əvvəldə də qeyd etdiyimiz kimi, bu müharibə Azərbaycan xalqının nə qədər böyük, məğrur, yenilməz olduğunu dünyaya bir daha təqdim etdi.      Birliyimiz, həmrəyliyimiz qarşıya qoyduğumuz bütün hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir.  Dövlətimizin başçısı bu əminliyi də ifadə edir ki, bu birlik işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytarmağımıza, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytarmağa imkan yaradacaq: «Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl guşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir.»

Xalqımızın sevinci göz qabağındadır. Uzun illər məcburi köçkün həyatı yaşamış insanlar öz sevinclərini «Artıq mən qaçqın deyiləm» fikirləri ilə ifadə edirlər. Soydaşlarımız hər zaman əmin idilər ki, dövlətimizin uğurlu siyasəti nəticəsində münaqişə öz ədalətli həllini tapacaq, öz doğma yurd-yuvalarına qayıdacaq, həmin torpaqlarımızda yeni həyat başlayacaq. Cocuq Mərcanlıya qayıdış Böyük qayıdışın astanasında olduğumuza böyük əminlik yaratmışdı. Bu gün bir milyondan artıq soydaşımız bu Böyük Qayıdışın astanasındadır. Dövlətimizin başçısı İlham Əliyevin bu xoşbəxt günləri yaşayacağımıza əminliyi 44 gündə xarici mətbuata hər müsahibəsində özünün aydın ifadəsini tapmışdı. Cənab İlham Əliyev müharibənin başa çatmasından sonra həmin ərazilərdə görüləcək işlərdən,  həyatımızda yeni dövrün başlanacağından və bu  dövrün ölkəmizin xoşbəxt gələcəyini təmin edəcəyindən geniş bəhs edirdi.

Qeyd olunanlar əsasında bu ümumiləşdirməni apara bilərik ki, Prezident İlham Əliyev qəti siyasi iradə nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi.  Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək  hərbi qələbəni siyasi qələbə kimi möhkəmləndirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək, Vahid Azərbaycan dövləti bundan sonra uğurla, inamla inkişaf edəcək.

Yeganə Əliyeva, «İki sahil»