05 noyabr 2019 19:31
2187

Qarabağ qazisi: Yenə də döyüşlərə atılmaq niyyətindəyəm

Vətən uğrunda canlarından keçmiş şəhidləri, eləcə də döyüşlərdə qəhrəmanlıq göstərmiş qaziləri yaddan çıxarmaq mümkün deyil. Biz də bu amalla şəhidlərimizi anır, qazilərimizlə görüşür, onların fikirlərini ictimaiyyətə çatdırırıq. Budəfəki həmsöhbətimiz II qrup Qarabağ əlili Vüsal Ədalət oğlu Paşazadədir.

Aprel döyüşlərinin qəhrəman oğullarından biri olan Vüsal Paşazadə Beyləqan rayonunda anadan olub. N saylə hərbi hissədə müddətdən artıq xidmətdə olan Vüsal Paşazadə xüsusi təyinatlı kəşfiyyatçı kimi bir sıra əməliyyatlarda iştirak edib. Hərbi əməliyyatlar zamanı 2 dəfə yaralanıb. Apreldə Lələtəpə istiqamətində gedən döyüşlərdə kontuziya alıb və həmin ildə ordu sıralarından tərxis olunub.

Vüsal Paşazadəyə ilk sualımız səhhəti ilə bağlı oldu. Bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayan həmsöhbətimiz səhhətindən şikayət etmədi. Sadəcə, “şükür” deməklə hazırda sağlamlıq durumunun yaxşı olduğunu söylədi: “Əlil olmağıma baxmayaraq, yenə də döyüşlərə atılmaq niyyətindəyəm. Bu mənada deyirəm ki, yaralarım sonuncu olmaya bilər. Yəni, mən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışı ilə müqəddəs amal uğrunda mübarizəyə hər an hazıram.

 İştirak etdiyim əməliyyatlardan isə ətraflı söz açmaq fikrində deyiləm. Amma onu deyə bilərəm ki, hər dəfə əməliyyata gedəndə, döyüşlərə atılanda tapşırıqların öhdəsindən layiqincə gəlməyə çalışmışam”.

Növbəti sualımızı cavablandıran Vüsal Paşazadə vurğuladı ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri Prezident İlham Əliyevin daim həssas qruplara, o cümlədən şəhid ailələrinə, müharibə əlillərinə xüsusi qayğı göstərdiyini həmişə məmnunluq hissi ilə vurğulayırlar: “Şəxsən mən Prezident, Ali Baş Komandanımız İlham Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunmuşam. Həmçinin xidmət etdiyim dövrdə müxtəlif medal və fəxri fərmanlarla mükafatlandırılmışam. İndi mənzil növbəsindəyəm. Onu da bildirmək istəyirəm ki, müəyyən qurumlar, şəxslər mənimlə maraqlanırlar. Məsələn, Milli Məclisin depuatı Adil Əliyev mənə, eləcə də həmkarlarıma dəstək olur. Bu sırada Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayonumuz üzrə sədri Rövşən Namazəliyevin də adını çəkə bilərəm. Banklardan biri isə  iki il bundan əvvəl kredit borcumu bağışlayıb. Sağ olsunlar”.

Müsahibimiz, həmçinin vurğuladı ki, həyata keçirilən məqsədyönlü siyasətin nəticəsində ölkəmizdə güclü ordunun yaradılmasına nail olunub: “Bu isə o deməkdir ki, Ermənistanın istənilən mənfur niyyətinin qarşısını almaq üçün ordumuz kifayət qədər və daha üstün hərbi imkanlara malikdir. Bir sözlə, bu gün ordumuz cox gucludur. Ordumuzun gücü istənilən təhdidin qarşısının alınmasına ən yüksək səviyyədə imkan verir. Son dövrlərin təcrübəsində bununla bağlı kifayət qədər faktlar var. Xüsusən 2016-cı ilin aprel döyüşlərində düşmən də bunun şahidi oldu. Onu da deyim ki, həmin unudulmaz günlərdə ordu ilə bərabər bütün xalq ayağa qalxmışdı və hər kəs cəbhəyə getmək arzusunda idi. Hətta Moskvada yaşayan qardaşım döyüşlərdə iştirak etmək üçün Vətənə qayıtmışdı. Bütün bunlar isə insanlarımızın birliyini, hər an torpaq uğrunda mübarizəyə hazır olmaq əzmimizi göstərdi”.

Gənclərimizin vətənpərvərlik hissi ilə bağlı fikirlərini isə o bu sözlərlə açıqladı: “Müşahidələrimə əsasən deyə bilərəm ki, gənclərimizdə vətənpərvərlik hissi getdikcə güclənməkdədir. Amma burada bir məsələni vurğulamaq istərdim: çox istərdim ki, bizim televiziya kanalları bu həssas məsələyə daha ciddi yanaşsınlar. Yəni, heç olmasa şou verilişlərinin üçdə biri qədər vətərnpərvərlik mövzularına müraciət etsinlər. Mən bununla bağlı dəvət olunduğum hər bir tədbirdə söz açıram və bacardığım qədər gənclərə vətənpərvərlik hissi aşılamağa çalışıram”.

Müsahibimiz bəzi qüvvələrin qazilərdən öz məqsədləri üçün istifadə etməyə cəhd etmələrinə isə belə reaksiya verdi: “Onlar yanılırlar. Fikrimcə, Vətən uğrunda canından keçməyə hazır olanlar heç vaxt kimsəyə alət olmaz və olmayacaqlar da”.

Qvami Məhəbbətoğlu, “İki sahil”