22 sentyabr 2020 17:33
1080

«Qarabağ» və «Abşeron» dünyanın neft-qaz bazarında Azərbaycanın önəmli rolunu təsdiqləyəcək

«Abşeron»” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimini tarixi hadisə adlandıran  Prezident İlham Əliyevin respublika televiziyalarına  müsahibəsində bildirildiyi kimi «Qarabağ» və «Abşeron» layiqli davamçılar, dünyanın neft-qaz bazarında  Azərbaycanın növbəti   töhfəsi olacaq

Ərəblərin atalar  sözünə görə,  liderlər müxtəlif  xüsusiyyətləri baxımından   dəyərləndirilirlər: Müdrik lider həmişə öyrənməyə və inkişafa cəhd edir. Orta səviyyəli lider danışır, yaxşı lider izah edir, güclü lider nümayiş etdirir, dahi lider ruhlandırır. Liderlik «kapitalından» bəhrələnərək daim yenilik ruhu ilə yaşayan, yaranan bütün imkanlardan dövlətin maraqları, xalqın mənafeyi naminə  istifadə edən, beynəlxalq aləmdə, həmkarları arasında da hörmət, etimad qazanan   Prezident  İlham Əliyev  fəaliyyəti ilə sübut edir ki, o, xalqını arxasınca aparan və ruhlandıran liderdir. Neft strategiyasını davam etdirməklə  Azərbaycanı dünyada tanıdan  Prezident İlham Əliyevin təkcə enerji layihələrinin həyata keçirilməsində xidmətlərini sadalamaqla bu həqiqəti  təsdiqləmək olar.

«Qeyd etməliyəm ki, Xəzər sülh, əməkdaşlıq dənizidir. Azərbaycan dövlətinin mövqeyi bundan ibarətdir. Biz çalışırıq ki, Xəzər dənizində sülhün, əməkdaşlığın dərinləşməsi üçün öz təşəbbüslərimizi irəli sürək. Şadam ki, bütün qonşu dövlətlər də bu mövqeyi bölüşür. Xəzəryanı ölkələr arasında mövcud olan dostluq, əməkdaşlıq münasibətləri Xəzərdə sülhün, təhlükəsizliyin qarantıdır. Bir çox hallarda Azərbaycan regional əməkdaşlıq təşəbbüslərini irəli sürür, o cümlədən Xəzəryanı ölkələri birləşdirən təşəbbüslər də Azərbaycan tərəfindən irəli sürülür. Gələcəkdə qonşu dövlətlərlə bizim dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq əsasında qurulan münasibətlərimiz inkişaf edəcək və bu, regionda, Xəzər regionunda sülhün təminatçısıdır.»

  Bir neçə il əvvəl bu sözləri  proqnoz kimi  səsləndirən Prezident İlham Əliyevin  davam etdirdiyi neft strategiyasının uğurla həyata keçirilməsi  nəticəsində  zəngin təbii resurslara malik Xəzər  təkcə regionda yerləşən hövzə dövlətlərinin deyil, Avropa ölkələrinin də  maraqlarının birləşdiyi əməkdaşlıq məkanıdır.   Müstəqillik illərində qazandığı siyasi, iqtisadi uğurları ilə dünya birliyində özünü təsdiqləyən, faydalı təşəbbüsləri ilə  maraqları birləşdirən, sivilizasiyalararası dialoq məkanı adlandırılan Azərbaycan nadir, sabit ölkə kimi də tanınır. Ölkəmizdə  xalqla iqtidar arasındakı birlik ən yüksək səviyyədədir.  Mültikultural dəyərləri yaşadan, tolerantlıq nümunəsi olan Azərbaycanda bütün azadlıqlar təmin edilir, demokratik inkişaf sürətlə gedir,  ölkənin iqtisadi potensialı artır, hərbi qüdrəti güclənir. Siyasi sabitliyi nümunə göstərilən  Azərbaycanda gözəl ictimai ab-hava var.  Ötən illərin təcrübəsi göstərdi ki, beynəxalq aləmdə  nüfuzu artan, mövqeyi möhkəmlənən, dünyanın siyasi müstəvisində söz sahibi olan Azərbaycan regionda siyasi sabitiliyin təminatçısıdır. Başqa sözlə deyilsə, dünya birliyinin inanılmış, etibarlı üzvü kimi  vədinə sadiq, söz sahibi olan Azərbaycanın  müstəqilliyi sadəcə  dövlət atributları ilə ölçülmür.  Suveren ölkə olaraq müstəqil  siyasət aparır, qətiyyətli mövqeyi dəstəklənir, siyasi sabitliyi ilə seçilən nadir ölkə statusunu daxili və xarici siyasəti ilə doğruldur. Müsbət mənada  anlaşılan «fərqliliklər xəritəsində» ön sırada dayanan Azərbaycanın enerji layihələri ilə bağlı təşəbbüsləri müxtəlif dövlətlərin milli  təhlükəsizliyinə,  iqtisadi inkişafına xidmət edir.  Deyildiyi kimi,   dünyanın enerji xəritəsini  müəllifi olduğu layihələrini həyata keçirməklə zənginləşdirən,  dünya birliyinin əvəzolunmaz üzvünə çevrilən Azərbaycanın iştirakı olmadan heç bir təşəbbüsün  həlli mümkün deyil. Enerji diplomatiyasını formalaşdırmaqla Avropa ölkələrinin iqtisadi müstəqilliyinə də misilsiz töhfələr verməsi ölkəmizin nüfuzunu daha da möhkəmləndirir. 

«Bizim əvvəllər də enerji resurslarımız var idi. XIX əsrin sonları - XX əsrin əvvəllərində Azərbaycan nefti dünya neftinin 50 faizini təşkil edirdi. Ancaq o sərvət, o nəticələr harada idi?! Çünki o resurslar bizə məxsus deyildi. Ancaq müstəqillik illərində biz böyük nəticələrə nail ola bilmişik» söyləyən, Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda Xəzərdə ilk dəfə «boru içində boru»” texnologiyasının tətbiq olunacağı «Abşeron»” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirakı zamanı Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına  müsahibə verən Prezident İlham Əliyev tarixi hadisə olan müstəqilliyin qazanılması ilə   ölkənin enerji resurslarının xalqın mənafeyi naminə  istifadəsi istiqamətində çəkilən zəhməti, görülən taleyüklu xidməti əks etdirən yola nəzər saldı. Müstəqillik illərinin  bəhrəsi olan, ölkəmizin iqtisadi inkişafının əsas maliyyə mənbəyi sayılan, Azərbaycana investisiya  axınını şərtləndirən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi- Ərzurum neft qaz kəmərlərinin ardıcılları olmaqla, daha böyük enerji coğrafiyasını əhatə edən Cənub Qaz Dəhlizi, TANAP,  bu ilin sonunadək istifadəyə veriləcək TAP-ın reallaşması Azərbaycanın dünyada siyasi, iqtisadi  mövqeyini möhkəmləndirir. Bu layihələrdə iştirak edən dövlətlərin birliyi ilə əməkdaşlıq formatını təşkil edən ölkəmizin təşəbbüslərinə qoşulanların sayının artması təsdiqlədi ki,   ta qədimdən  təbii resursları ilə  tanınan,  dünyanın neft  maqnatlarının diqqətini çəkən  Azərbaycan zəngin karbohidrogen  resurslarına malik  ölkədir.  Dünyanın tanınmış neft-qaz şirkətləri ilə əlaqələri möhkəmlənən SOCAR-ın iştirakı ilə beynəlxalq və regional layihələrin icrası Azərbaycanın nüfuzunu daha da artırır.   

 Ötən ay Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda «Qarabağ»” yatağının dayaq blokunun dənizə yola salınmasının davamı kimi,  Xəzər dənizinin Azərbaycan sektorunda suyun 500 metr dərinliyində yerləşən, ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilən   «Abşeron»” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimini tarixi hadisə adlandıran  Prezident İlham Əliyevin bildirdiyi kimi,  yatağın istismarı  Azərbaycanın təbii qaza artmaqda olan daxili tələbatının təmin edilməsinə əhəmiyyətli töhfə verəcək: «Bu, doğrudan da çox əhəmiyyətli hadisədir. Çünki bu gün faktiki olaraq «Abşeron»” qaz-kondensat yatağının yeni mərhələsi başlayır və əminəm ki, bu mərhələ də uğurlu olacaq. Beləliklə, Azərbaycan öz neft-qaz strategiyasında önəmli hadisəyə, önəmli addıma imza atacaqdır… «Abşeron”» yatağı üzrə kontrakt «Şahdəniz”» qaz-kondensat yatağı üzrə kontraktdan sonra imzalanmışdır və əslində, bu, onu göstərirdi ki, Azərbaycan artıq neft ölkəsindən qaz ölkəsinə keçid alır.»
 Yəni,  ehtimal olunandan da artıq resursun, 100 milyon ton  xam neftə bərabər  kondensatın, milli  sərvətin istifadəsi ilə  ölkəmiz əlavə gəlir əldə edəcək. Bu yatağın tam işlənməsi mərhələli yollarla həyata keçiriləcək. Ölkəmizdə sürətlə dəyişən   demoqrafik vəziyyət,   əhalinin artan sayı, yeni sənaye obyektlərinin istifadəyə verilməsi, qeyri-neft sənayesinin inkişafı  təbii qaza tələbatı   çoxaldır.  Bu baxımdan «Abşeron”»dan  birinci mərhələdə çıxarılacaq qazın daxili tələbata yönəldiləcəyi nəzərdə tutulur.    İkinci mərhələdə yataqdan hasil olunacaq qaz isə ixrac yolu ilə dünya bazarlarına çıxarılacaq.

«Eyni zamanda, bizim neft hasilatımızın sabit qalması üçün bu yatağın böyük önəmi var. Çünki 100 milyon ton kondensat - bu da Bakı-Tbilisi-Ceyhan ixrac boru xətti ilə dünya bazarlarına çıxarılacaq. Beləliklə, «Azəri-Çıraq-Günəşli»”də mövcud olan və davam edən təbii hasilat tənəzzülünü «Abşeron»” yatağı bir qədər kompensasiya edəcək» söyləyən  Prezident İlham Əliyev  neft sənayesinin inkişafında işlədilən, təbii sərvətlərimizin çıxarılmasında  istifadə olunan bütün qurğuların  Azərbaycanda istehsalını böyük nailiyyət hesab edir.
 Yerli potensial hesabına  və cədvəl üzrə  görüləcək işlər əminlik yaradır ki, iki ildən sonra «Abşeron»” yatağından ilk qaz və kondensatın hasilatı  mümkün olacaq. Yeni layihələr olan «Qarabağ» və   «Abşeron» layiqli davamçılar kimi dünyanın neft-qaz bazarında  Azərbaycan  önəmli rolunu təsdiqləyəcək.
  Hesablamalar göstərir ki,  layihələrin icrası uğurla gedir. «Bizim əsas gəlir mənbəyimiz «Azəri»”, «Çıraq»”, «Günəşli”» yataqlarıdır. Orada işlər plan üzrə gedir. İndi orada «Mərkəzi-Şərqi Azəri»” adlanan yeni layihə icra edilir. Bu layihənin dəyəri təqribən 7 milyard dollara yaxındır. Bu layihənin icrası nəticəsində yeni mənbələrdən hasilat artacaq və təbii ki, enmənin kompensasiyasını təmin edəcəkdir.

«Azəri»”, «Çıraq”», «Günəşli»” yataqlarında hazırda 120-dən çox quyu fəaliyyətdədir və eyni zamanda, bu yataqların çox zəngin qaz ehtiyatları vardır. Ona şərti olaraq «dərin qaz»” deyilir və indi «dərin qaz»”ın işlənməsi ilə əlaqədar Dövlət Neft Şirkəti öz tərəfdaşları ilə müvafiq işlər aparır. «Şahdəniz-2”» layihəsi icradadır. Artıq TANAP xətti ilə Türkiyəyə ötürülən qazın həcmi ildən-ilə artır. Əgər bir il bundan əvvəl Türkiyə bazarında Azərbaycan qazı 4-cü, 5-ci yerdə idisə, hazırda birinci yerdəyik və bu, həm bizim üçün, həm də Türkiyə üçün çox önəmlidir. Çünki qaz hər bir ölkənin enerji təhlükəsizliyini təmin edir» sözləri ilə bütün layihələrdə  əsas tərəfdaş olan Türkiyə ilə əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdıran Prezident İlham Əliyev qürur hissi ilə bildirir ki,  qardaş Türkiyəyə  verilən qazın həcminin artırılması istiqamətində əlavə addımlar atılacaq. «Abşeron»” yatağında ikinci fazadan çıxarılacaq qaz da TANAP xətti ilə Türkiyə vasitəsilə  Avropa ölkələrinə ötürülə bilər. Eyni zamanda, «Qarabağ”» yatağının işlənilməsi ilə əlaqədar işlər plan üzrə gedir.  Qeyd olunduğu kimi, «Qarabağ”» yatağından ilk neft nəzərdə tutulduğu vaxtda  hasil olunacaq.  Neft ehtiyatları baxımından daha zəngin olan bu yataq hasilatın sabit saxlanması baxımından da  böyük əhəmiyyətə malikdir.  «Digər çox perspektivli layihə «Dayazsulu Abşeron»” adlanır və bu layihənin də perspektivi çox böyükdür. Bir neçə aydan sonra o yataqlarda ilk qazma işləri aparılacaq. Ümid edirəm ki, biz orada da böyük neft ehtiyatı aşkar edəcəyik. SOCAR-ın təkbaşına iştirak etdiyi «Ümid»”-«Babək»” layihələrində də işlər plan üzrə gedir. Onlar da çox perspektivli layihələrdir və bizim planımızda bu layihələrin investisiya tutumunu, hasilatını artırmaqdır. Çünki yenə də deyirəm, həm daxili tələbat üçün bizə daim enerji resursları lazımdır və ixrac potensialımız da təmin ediləcək. Digər layihələr də var, hansılar ki, böyük ümidlər verir. Amma bütövlükdə deyə bilərəm ki, baxmayaraq «Əsrin kontraktı»” 1994-cü ildə imzalanıb və o vaxtdan bu günə qədər bir çox kontraktlar imzalanıb və artıq 26 il keçib, Azərbaycanın neft potensialına dünyada maraq azalmır, əksinə artır» söyləyən Prezident İlham Əliyev   enerji resurslarından əldə olunan vəsaitin ölkə iqtisadiyyatının inkişafına, sosial layihələrin  və islahatların həyata keçirilməsinə yönəlməsini,   insan amilinə çevrilməsini də neft strategiyasının uğuru, şərəfli neftçi əməyinin, xidmətinin nəticəsi   adlandırır.

 Bu deyilənlər sübut edir ki,  təbii resursları ilə  xalqlararası əməkdaşlığı genişləndirən,  Cənubi Qafqaz regionuna  artan marağın mərkəzində dayanan Xəzər dənizi həqiqi mənada  sülh, sabitlik, əməkdaşlıq məkanıdır. Çünki bu dənizdən Avropaya uzanan kəmərlər ölkələrə inkişaf, insanlara xoş gələcək, firavan həyat bəxş edir.

Xuraman İsmayılqızı, «İki sahil»