14 avqust 2020 17:45
1036

«Qarabağ» yatağı ölkəmizin iqtisadi  qüdrətinin göstəricisidir

 Prezident İlham Əliyevin vurğuladığı kimi, bu, sırf Azərbaycan istehsalıdır və Azərbaycan dövlətinə,  Azərbaycan xalqına xidmət edəcəkdir

 

Azərbaycanın neft yataqlarının müştərək işlənilməsi haqqında  Azərbaycan  Respublikası Dövlət  Neft Şirkəti ilə xarici ölkələrin aparıcı şirkətləri arasındakı razılaşmalara əsasən imzalanan «Əsrin müqaviləsi»ni ölkəmizin  gələcəyi üçün də əhəmiyyətli  hesab edən  ulu öndər Heydər Əliyev bildirirdi ki,  bu addımı atmaqla respublikamızın dünya iqtisadiyyatı üçün açıq olduğunu nümayiş etdirdik .  Tarixi müqavilənin imzalanmasını Azərbaycanın dünya iqtisadiyyatına , azad bazar iqtisadiyyatına inteqrasiyası üçün əsas baza  kimi dəyərləndirən ümummilli Lider 1994-cü il 22 sentyabrda respublikanın  televiziyası və radiosu ilə  çıxışında  bildirirdi ki,  Azərbaycan  müstəqilliyini möhkəmləndirib, inkişaf etdirərək bütün dünya ölkələri, dövlətləri  ilə qarşılıqlı, faydalı əlaqələr qurmaq əzmindədir: « Azərbaycan  müstəqil dövlət kimi özü öz taleyinin sahibidir, xalqımız öz sərvətlərindən özü müstəqil sürətdə istifadə etməyə qadirdir və bu məqsədlə istədiyi dövlətlə, xarici şirkətlə müştərək fəaliyyət göstərmək imkanına malikdir.»

 «Əlbəttə, nəzərdə tutulan işlərin hamısını yerinə yetirmək üçün xeyli mütəxəssis lazım olacaqdır. Belə ki,  həm neftayırma və maşınqayırma zavodlarımız işləyəcək, digər müəssisələrimiz müəyyən işlər görəcək, həm də  sənayenin başqa sahələri fəaliyyət göstərəcəkdir» sözləri ilə bu tarixi müqavilənin bütünlükdə ölkə iqtisadiyyatına  təsirini yüksək dəyərləndirən Ulu Öndər  yerli mütəxəssisələrin, kadr hazırlığının vacibliyini də diqqətə çatdırırdı. Neft strategiyasının tətbiqindən  sonra Azərbaycanın dünya iqtisadiyyatında artan rolunu  «Əsrin kontraktı»” Azərbaycana nəfəs verdi, ölkəmizin canlanmasına xidmət göstərdi. İlk dəfə olaraq Xəzər dənizi xarici şirkətlər üçün açıldı. Biz o xarici şirkətləri dəvət etdik və bu gün «Əsrin kontraktı»”nın icrası çox uğurla gedir və bu kontraktın imzalanmasından sonra Azərbaycanın iri neft strategiyası icra olunmağa başlamışdır» sözləri ilə dəyərləndirən Prezident İlham Əliyevin davam etdirdiyi  siyasət nəticəsində Azərbaycanın enerji siyasəti dünyanın enerji xəritəsinə yeniliklər gətirməklə,  qlobal layihələrin təşəbbüskarı, hasilatçısı kimi aparıcı rola malik tərəfdaş kimi etibar qazandı.

 «Şahdəniz» yataqlarının işlənməsi, Avropa ölkələrinin təbii qazla təminatında önəmli rola malik  Cənub Qaz Dəhlizinin icrası ilə  Azərbaycanla yanaşı,  Gürcüstanın, Türkiyənin, Bolqarıstanın, Yunanıstanın, Albaniyanın, İtaliyanın iştirakı ilə  dünya təcrübəsində ilk böyük əməkdaşlıq  formatı yaradıldı. Balkan ölkələrindən  olan Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun  bu layihəyə  maraq göstərməsi  tərəfdaşların sayını artırmaqla  enerji bazarında ölkəmizin önəmini artırdı. Karbohidrogen  resurslarının artan potensialı  və şaxələndirmə siyasəti nəticəsində  Avropa bazarı üçün  əlverişli baza olan  Azərbaycanın qlobal layihələrin həllindəki təşəbbüslərinin dəstəklənməsi  ölkəmizə beynəlxalq marağı artırır.

«Hasilatçı ölkə Azərbaycan, tranzit ölkələr, o cümlədən Azərbaycan və başqa ölkələr və istehlakçı ölkələr, - hansılar ki, Azərbaycan qazını alternativ qaz kimi alacaqlar, - beləliklə, onlar üçün enerji təhlükəsizliyi məsələləri daha da dolğun şəkildə, tam şəkildə təmin ediləcək. Yəni, maraqlar balansı olmasaydı, bu layihə həyata keçirilə bilməzdi. Bizim enerji siyasətimizlə bağlı yanaşmamız məhz bundan ibarətdir. Biz qarşılıqlı faydalı əməkdaşlığı təmin etməliyik» sözləri ilə  respublikamızın təbii yeraltı ehtiyatlarının səmərəli istifadəsinin  xalqlar və dövlətlərarası münasibətlərin möhkəmləndirilməsindəki  rolunu  regionda sabitlik və sülh naminə əməkdaşlıq kimi də dəyərləndirən Prezident İlham Əliyevin iştirakı ilə  Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda «Qarabağ»” yatağının dayaq blokunun dənizə yola salınması göstərir ki, Azərbaycanın enerji bazarında möhkəmlənən mövqeyinə alternativ yoxdur.
    Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda tikilən, dənizdə suyun dərinliyi 182 metr olan  sahədə, «Qarabağ”» yatağında quraşdırılacaq  dayaq bloku neft və qaz hasilatında böyük rol oynayacaq. Konstruksiyanın hazırlanması prosesində  yerli mütəxəssislərin çoxluq təşkil etməsi xüsusilə əhəmiyyətlidir. 6  neft, 3 qaz və 3 suvurucu quyunun qazılacağı «Qarabağ»” Azərbaycanın ən zəngin karbohidrogen yataqlarındandır.

  Mərasimdə iştirak edən  Prezident İlham Əliyev Azərbaycan Televiziyasına  verdiyi müsahibədə dayaq blokunun əhəmiyyətindən bəhs edərkən, yerli mütəxəssislərin iştirakını  kadr hazırlığına yönələn diqqət adlandırmışdır.
«1990-cı illərdə Heydər Əliyev neft strategiyasının icrası nəticəsində pay bölgüsü haqqında kontrakt imzalanmışdır. 1990-cı illərdə bu yataqda 3 quyu qazılmışdır. Lakin xarici tərəfdaşlar «Qarabağ»” yatağının səmərəliliyinə inanmamışdılar, kontrakta xitam verilmiş və «Qarabağ»” yatağı tərk edilmişdi» söyləyən Prezident   İlham Əliyev bildirir ki,   yatağa qayıdış   bizim uğurlu siyasətimizin nəticəsidir. «Çünki artıq 1994-cü ildən başlayaraq xarici neft şirkətlərinin Azərbaycanda böyük həcmdə sərmayə qoymalarına baxmayaraq, bu günə qədər Azərbaycanın neft-qaz sənayesinə, neft-qaz potensialına xarici investorlar tərəfindən maraq azalmır, əksinə, artır. Əminəm ki, növbəti illərdə «Qarabağ»” və digər yataqlar uğurla istismar ediləcək və ölkəmizə böyük fayda verəcək» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu kəşf  müstəqil Azərbaycan üçün böyük hədiyyə olmaqla, ölkəmizin  iqtisadi  qüdrətinin göstərcisidir. «Bu, sırf Azərbaycan istehsalıdır və Azərbaycan dövlətinə,  Azərbaycan xalqına xidmət edəcəkdir».

«Qarabağ»” neft yatağında daha böyük həcmdə təbii ehtiyatlar var. Hasilata gəldikdə isə, bu yataqdan ildə ən azı 1,5 milyon ton neft və 1,5-1,8 milyard kubmetr qaz hasil ediləcək. Əlbəttə ki, Azərbaycanda neft hasilatının sabit qalması və qaz hasilatının artırılması üçün bunun böyük faydası olacaqdır. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP-da işlərin başa çatdırılması, «Abşeron»” qaz-kondensat yatağından ilk  hasilatının gözlənilməsi, «Şəfəq-Asiman»” yatağı üzrə işlərin qrafik üzrə getməsi  ölkəmizin dünyanın enerji bazarında möhkəmlənən  mövqeyini daha da artıracaq. «Qarabağ»”dan və digər yataqlardan hasil ediləcək Azərbaycanın təbii qazının   dünya bazarına  çıxarılması ilə   ölkəmizin  ixrac coğrafiyası daha da  genişlənəcək. 1990-cı ildə  guya səmərəsiz hesab edilən, əslində isə böyük ehtiyata malik «Qarabağ» yatağında  işlərin başlanılması, 1990-cı illərdə tərk edilmiş ” yatağa qayıdış iqtisadi baxımdan əhəmiyyətli olmaqla, rəmzi mənası da var. Bu əminlik  dövlət başçımızın «Azərbaycan, - əgər belə analogiya aparmaq mümkündürsə, - Qarabağı tərk etmişdi. Biz 2016-cı ildə torpaqlarımızın bir hissəsini qaytardıq, işğalçıları o torpaqlardan qovduq və o ərazilərə həyat qayıtdı, vətəndaşlar qayıtdı, Azərbaycan qayıtdı. Əminəm ki, Azərbaycan öz doğma torpağına, Qarabağ torpağına qayıdacaq. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş «Qarabağ»” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!» sözlərində də ifadə olunur.

Xuraman İsmayılqızı, «İki sahil»