KÖŞƏ

Sevinc Azadi

Qarabağda qanunsuz məskunlaşma davam edir

13 avqust 2020 18:48
2180

Beynəlxalq qurumların Ermənistana təzyiq göstərməməsi qarşı tərəfi bir qədər də ruhlandırır

Ermənilər hər vasitə ilə işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma siyasətinin miqyasını genişləndirməkdə qərarlıdırlar. Baxmayaraq ki, Ermənistanın özündə demoqrafik vəziyyət pisdir, ölkədə doğumun səviyyəsi aşağıdır, əmək qabiliyyətli vətəndaşlar imkan düşən kimi ölkəni tərk edirlər. Ancaq buna rəğmən, hər vasitə ilə xüsusən də Dağlıq Qarabağın ətrafında yerləşən rayonlarda məskunlaşma siyasəti aparırlar. Görünən odur ki, atəşkəsin bu qədər uzanması, aparılan danışıqların nəticə verməməsi və ən başlıcası, beynəlxalq qurumların işğala görə Ermənistana təzyiq göstərməməsi qarşı tərəfi br qədər də ruhlandırır. Ermənilər hesab edirlər ki, zamanın uzanması onların xeyrinə işləyir. Ona görə də hər vəchlə qanunsuz məskunlaşmanı genişləndirirlər. Gələcəkdə danışıqlarda bundan bir vasitə kimi istifadə etməyə ümid edirlər.

Məlum olduğu kimi, avqustun 4-də Livanın paytaxtı Beyrutun dəniz limanında dəhşətli partlayışdan sonra buranı tərk edənlərin sayında artım olduğu bildirilir və onların sırasında ermənilər də yer alır. Partlayış nəticəsində Beyrutda zərər çəkmiş tikililər arasında erməni məhəllələri, o cümlədən müqəddəs Gevork kilsəsi, Livandakı Ermənistan səfirliyinin binası da var. Artıq qondarma Qarabağ rejiminin rəhbəri Araik Arutunyan Livanda yerləşən Kilikiya katolikosluğunun rəhbəri, diaspor ermənilərinin dini lideri I Arama zəng edib. O, Beyrutdakı partlayışa görə 100-150 erməni ailəsinin Livandan Qarabağa köçürülməsini təklif edib. Birinci Aram təklifə müsbət cavab verib və proses artıq başlayıb. Məqsəd Qarabağda erməni sayını 300-500 min nəfərə çatdırmaqdır.

Göründüyü kimi, Suriya ermənilərinin köçünü davam etdirə bilməyən İrəvan indi də Livanın paytaxtında baş vermiş dəhşətli hadisədən faydalanmağa, evsiz-eşiksiz qalmış erməni əhalisinin bir hissəsini işğal bölgəsinə köçürməyə çalışır.  Təsəvvür edin, Ermənistan özü sayı 3 milyona çatmayan əhalinin sosial-iqtisadi problemlərini həll etmək gücündə olmadığı halda, Livan ermənilərinə sahiblənməyi qarşısına məqsəd qoyub. Sözsüz ki, Ermənistan hakimiyyətinə livanlı erməniləri Ermənistan adı altında, əslində Qarabağa gətirib orda “azdırmaq”, daha doğrusu, bölgədə erməni əhalisinin say artımına nail olmaq lazımdır. Əks təqdirdə onlar belə ağır yükün altına girməzdilər. Ermənistana gətirilən Livan ermənilərinin sayı da açıqlanıb. Baş nazirin müavini Tiqran Avinyan özünün rəsmi “Facebook” səhifəsində bildirib ki, ilk iki təyyarə reysi ilə Beyrutdan İrəvana 56 erməni gətirilib. (APA) T.Avinyanın sözlərinə görə, sonuncu reyslə isə Beyrutdan Ermənistana gətirilən Livan ermənilərinin sayı 45 nəfərdir. Məqsəd gələcək sülh danışıqlarında Suriya və Livandakı ermənilərin hesabına Dağlıq Qarabağdakı erməni əhalisinin sayını süni şəkildə artırmaqdır.

Beləliklə, humanist və dinc siyasət adı altında Ermənistan öz çirkin məqsədlərini həyata keçirir və Livan və Suriyadan gətirilən erməniləri işğal altındakı Dağlıq Qarabağda, həmçinin Kəlbəcər, Qubadlı və Laçın bölgələrində yerləşdirir. Bununla yanaşı, işğalçı dövlət Qarabağda qeyri-qanuni məskunlaşdırdığı Suriya və Livan ermənilərinə ev və torpaqla yanaşı, vətəndaşlıq da verir. Beynəlxalq hüquqa görə, insanları münaqişə zonasına yerləşdirmək yolverilməzdir. Ancaq erməni tərəfi, erməni diasporu buna məhəl qoymur və qanunsuz fəaliyyətlərini davam etdirir. Bu vəziyyət bir daha göstərir ki, Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı deyil. Ən qısa müddətdə ATƏT, BMT, Avropa İttifaqı, Minsk qrupu suriyalı ermənilərin Azərbaycan türklərinə məxsus bu torpaqlarda məskunlaşdırılmasının qarşısını almalıdır.

Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, beynəlxalq təşkilatlar bu prosesə yenə göz yumurlar. ATƏT-in Minsk qrupunun susqunluğu məlumdur. Çünki o qrupun hər üç həmsədr ölkəsi ermənipərəst mövqedən çıxış ediblər. Bəs Avropa Şurası, BMT, Avropa İttifaqı və ya digər qurumlar nədən ermənilərin belə qanunsuz məskunlaşma prosesi barədə bir söz belə demirlər? Xatırladaq ki, 1994-cü ildən etibarən dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərin qanunsuz olaraq Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərinə köçürülməsi halları mövcuddur. Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozur. Dağlıq Qarabağda terrorçuların yerləşdirilməsi, oranın narkotiklərin yetişdirilməsi üçün ideal məkana çevrildiyi isə ayrıca bir mövzudur. Dünya birliyinin işğalçıya “dur!” deməsinin zamanı çoxdan çatıb.