22 iyul 2019 15:09
1001

Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilib

İyulun 22-də Qaradağ Rayon İcra Hakimiyyətində Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, ölkəmizin aparıcı informasiya agentliklərinin nümayəndələri iştirak ediblər.

Tədbiri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov açaraq mətbuat nümayəndələrini təbrik edib. Qeyd edib ki, 144 illik tarixi olan Azərbaycan milli mətbuatı özünəməxsus ənənələr yaradıb. Mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabidən başlayaraq, günümüzə qədər böyük qələm ustaları milli təfəkkürün inkişafı üçün misilsiz xidmətlər göstərərək xalqımızın maariflənməsinə böyük töhfələr veriblər. Ümummilli lider Heydər Əliyev demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunu daim yüksək qiymətləndirib, Azərbaycanda senzuranın ləğvi və bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük dəstək verib.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova ulu öndər Heydər Əliyevin siyasi iradəsi və səyləri nəticəsində mətbuata, söz azadlığına qoyulan bütün süni maneələrin aradan qaldırıldığını vurğulayıb. Prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində mətbuatın maddi-texniki bazasının gücləndirildiyini, mətbuatda çalışan insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Qeyd edib ki, mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir. Dövlət başçımızın Sərəncamına əsasən KİV işçiləri üçün mərhələli şəkildə yaşayış binalarının inşa edilərək istifadəyə verilməsi bunun bariz nümunəsidir.

Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyəti adından KİV nümayəndələrinə hədiyyələr təqdim olunub.