19 noyabr 2019 20:17
306

Qarakənd faciəsi: erməni məkrinin daha bir qanlı “əsəri”

20 noyabr təqvimimizə Qarakənd faciəsinin ildönümü günü kimi həkk olunub. Düz 28 il bundan əvvəl, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində içərisində görkəmli Azərbaycan ziyalılarının və dövlət xadimlərinin, el təbirincə desək, “Azərbaycan elitasının qaymaqları”nın yer aldığı hərbi vertolyot qəzaya uğrayıb, daha doğrusu, partladılıb.

Həmin dövrə qısa ekskurs etsək, əksəriyyət yaxşı xatırlayar ki, o günlərdə xalqa və beynəlxalq ictimaiyyətə Qarakənd faciəsi haqqında ağ yalan tirajladılar. Guya hərbi helikopter dumana düşübmüş. Bəli, əslində həmin vaxt duman var idi; artıq  üç il idi ki, bədnam qonşularımız ərazi iddiaları ilə məkr, riya dumanı yaradıb hamının gözünü pərdələməyə çalışırdılar. Öz çirkin planlarını reallaşdırmaq üçün isə hər fürsət düşdükcə mənfur düşmən Azərbaycan xalqının “düşünən beyinlərini” fiziki məhvetmə metodları ilə aradan götürməkdən çəkinmirdi.  Faciə ərəfəsi tarixə nəzər salsaq,  görərik ki, həmin günlərdə, daha dəqiq desək, 1991-ci il noyabrın 18-də Mixail Qorbaçovun şəxsi köməkçisi Kremldən Bakıya zəng vuraraq Respublikanın Dağlıq Qarabağ rəhbərliyindən  Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirməyi xahiş edib. Səbəb isə həmin ərazidəki torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakı planlaşdırılması imiş. 

Bu telefon zəngindən sonra Bakıda iclasda iştirak edəcək şəxslərin siyahısı tərtib edilir. Aradan cəmi ikicə gün vaxt keçdikdən sonra, həmin heyətin Qarakənddən qara xəbəri gələcəkdi...

Rəsmi Moskva həmin vaxt Azərbaycanda böyük nüfuza malik şəxslərin, o cümlədən  dövlət katibi Tofiq İsmayılovun, baş prokuror İsmət Qayıbovun həmin siyahıda yer alması üçün xüsusilə israr edirdi. Siyahıya Viktor Polyoniçkonun başçılıq etməsi haqqında qərar qəbul olunsa da, faciədən bir gün əvvəl, gecənin korunda  “ölüm siyahısı yenilənir”...

Təbii ki, rəsmi Moskvanın məkrli planının tərkib hissəsi kimi  Viktor Polyaniçkonun, güc nazirliklərindən seçilmiş şəxslərin adları siyahıdan çıxarılır. Yeni siyahını isə rəsmi Kremlin buyruq qulu Ayaz Mütəllibov təsdiqləyir...

Məsələ burasıdır ki, içərisində tanınmış dövlət xadimlərinin və ziyalıların olduğu helikopteri hərbi vertolyotlar mühafizə məqsədilə müşayiət etməliydilər, amma etməyiblər.

İstintaq materiallarına əsaslansaq, vertolyotun  içərisində yanğın baş verməzdən əvvəl  atışma olub. Bu da bir daha faciənin əvvəldən planlaşdırılan məkrli bir qəsd olduğunu təsdiqləyir. Faktlara görə, vertolyot Qarakənddə yerə endirildikdən Malik Paşayan və Safur Alamzaryanın ASALA terror qrupu bundan sonra sərnişinləri tərksilah ediblər. 

Xankəndindəki rus qarnizonun hərbi prokuroru  anası erməni olan İ.Lazukitin faciə ilə əlaqədar cinayət işi açır, amma cinayətin təsdiqlənməsi üçün əsas sübut olan vertolyotun qara qutusunu da ələ keçirərək ona toxunmağı qadağan edir, bizim mütəxəssislərimiz qara qutuya yaxın buraxılmır. Bəhanə isə guya qara qutunun “partlayışdan” sıradan çıxıb əriməsi olur... Beləliklə, erməni və  Moskvanın birgə  hazırladıqları daha bir qara plan vertolyotun qara qutusunda bilinməzliyin qaranlığına gömülüb...

Faciə qurbanlarına gəlincə, 20 noyabrda həlak olanlar sırasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, baş nazirin müavini Zülfi Hacıyev, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, Prezident Aparatında şöbə müdiri Osman Mirzəyev, nazir müavini Qurban Namazəliyev, QMB-nin prokuroru İqor Plaviski, QMB-nin Daxili İşlər İdarəsinin rəisi Vladimir Kovalyov, Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi Sergey İvanov, fövqəladə vəziyyət rayonunun komendantı Nikolay Jinkin, Qazaxıstan DİN-nin müavini Sanlal Serikov, milis general-mayoru Mixail Lukaşov, polkovnik-leytenant Oleq Koçerev, dövlət katibinin köməkçisi Rafiq Məmmədov, telejurnalist Alı Mustafayev, AzTV-də işıqçı Arif Hüseynzadə, video-operator Fəxrəddin Şahbazov, vertolyot heyətinin komandiri Vyaçeslav Kotov, vertolyot heyətinin üzvləri Gennadi Domov və Dmitri Yarovenko var idi. Maraq doğuran digər bir məqam ondan ibarətdir ki, həmin vaxt Azərbaycanın yüksək rütbəli məmurlarıyla birgə vertolyotda uçmalarına rəğmən Rusiyadan olan generallar faciə qurbanlarının siyahısında yer almayıblar, nədənsə müəmmalı şəkildə yox olublar...

28 ildir hələ də faciənin yuxarıda sadalanan çoxlu müəmmalarına çözüm tapılmayıb. Hazırda həm Qarakənd faciəsinin, həm də ondan sonra xalqımızın başına gətirilən bir çox müsibətlərin, soyqırımların, qətliamların əliqanlı “müəllifləri” azadlıqda gəzirlər, bəziləri hətta işğalçı Ermənistanda yüksək postlarda vəzifələr tutublar. Keçmişə nəzər salsaq, beynəlxalq terrorçuların, qatillərin və insanlıqdan nəsibini almamış hərbi cinayətkarların gec-tez Əlahəzrət Ədalət qarşısında cavab verdiyinə tarixdən şahid oluruq. Həmin tarixi günün gələcəyinə ümid edərək vaxtilə qara qutularda qaranlığa basdırılan bütün həqiqətlərin də gec-tez bir gün aydınlığa çıxacağına inanırıq.

Sevinc Abdullayeva, “İki sahil”