06 may 2020 10:08
1539

Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik

Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşündə bir daha ölkəmizin dövlətlər, xalqlar arasında körpü rolu təqdir olundu

Azərbaycanın dünyanı bürüyən pandemiyaya qarşı mübarizə tədbirlərini gücləndirdiyi bir zamanda beynəlxalq birliyə, həmrəyliyə töhfələrini davam etdirmək istiqamətində atdığı addımlar ölkələr, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir.

Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşünün keçirilməsi də deyilənlərin təsdiqidir. Zirvə görüşündə “Sədrliyi öz üzərimizə götürərkən mən bəyan etdim ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaqdır” fikrini xüsusi vurğulayan dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır. Azərbaycanın sədrliyi dövründə birgə səylərimizlə Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunu, beynəlxalq aləmdə rolunu artırmaq əzmindəyik. Ölkələr arasında dostluq, həmrəylik və qarşılıqlı dəstək xüsusi rol oynayır.

Qeyd edək ki, Azərbaycan bundan əvvəl də videokonfrans formatında Zirvə görüşü keçirmişdi. Ölkə Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü təşkil olunmuşdu. Həmin Zirvə Görüşündə də qeyd olunmuşdu ki, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirir. Daim türk dünyasını birliyə, həmrəyliyə çağıran dövlətimizin başçısı İlham Əliyev bildirir ki, ümumi yanaşma ortaya qoymaqla, həmrəylik nümayiş etdirməklə pandemiyaya qarşı mübarizədən uğurla çıxa bilərik. Eyni çağırışlar Qoşulmama Hərəkatının Zirvə görüşündə də səsləndirildi: Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik.

Daim qeyd etdiyimiz kimi, heç bir ölkə bu kimi bəlalardan sığortalanmayıb. Əsas olan budur ki, problemin aradan qaldırılması üçün zəruri olan addımlar atılsın, konkret model ortaya qoyulsun. Azərbaycanın pandemiyanın geniş vüsət aldığı bir vaxtda nümayiş etdirdiyi model beynəlxalq səviyyədə təqdir olunur, tətbiqi istiqamətində ciddi səylər göstərilir. Özünütəcrid qaydalarının tətbiqi, özünə qapanmama kimi hallar koronavirusdan xilas olmağın əsas amilləri sırasında yer aldı. Məhz bu təcrübəyə əsaslanaraq, dövlətimizn başçısı İlham Əliyev koronavirusla bağlı istər Türk Şurasının, istərsə də Qoşulmama Hərəkatının videokonfrans vasitəsilə Zirvə görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Avropa İttifaqının rəsmisinin Zirvə görüşündə iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisədir. Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borel videomüraciətində bildirmişdir ki, əgər, nə zamansa, dünyanın müxtəlif guşələrinin biri-birindən hansı şəkildə bağlı olduğunu bilmək istəyirdiksə, COVID-19 bunu özü göstərdi. Bu, oyanış üçün qlobal çağırışdır. Pandemiyanın dünyanın müxtəlif yerlərində tüğyan etdiyi bir zamanda heç kəs heç bir ölkədə, heç bir regionda özünü təhlükəsiz hiss etməyəcək. Pandemiyanın məğlub edilməsi qlobal yanaşmanı və əlaqələndirilmiş cavab tədbirlərini tələb edir. Lakin əgər davamlı qlobal bərpanı görmək istəyiriksə, onda yeni və innovativ çoxtərəfli tərəfdaşlıq vacib olacaq.

Azərbaycan bu təşəbbüsü ilə daim bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq olmuşdursa, bu daim dünyaya səs salan ölkəmizin barışdırıcı, sabitləşdirici faktor rolunun göstəricisidir. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusa isə videomüraciətində bildirir ki, heç bir ölkə öz ölçüsündən, resurslarından, pul imkanlarından asılı olmayaraq, pandemiyaya qarşı təkbaşına mübarizə apara bilməz: “Biz həmrəy olmalıyıq, bütün siyasi sərhədləri aşaraq heç zaman görünmədiyi qədər bu mühüm işləri aparmalıyıq. Çünki virus özlüyündə iki əsas meyarın bir kombinasiyasıdır. O, sürətlə yayılır və o qatildir. Buna görə bizə qlobal həmrəylik və birlik lazımdır. Bu baxımdan, biz virusu önləməliyik, ondan öndə getməliyik.”

Zirvə görüşündə qeyd olunmuşdur ki, ölkələr arasında şəffaflığın, etimadın və əlaqələndirmənin qurulması olduqca önəmlidir. Dünyanın hər bir dövləti buna hazır olmalıdır. Belə bir qlobal fövqəladə hal qarşısında həmrəylik prinsiplərindən çıxış edərək insanları və millətləri bu səylərdə birləşdirmək günümüzün əsas tələbidir. Planetimiz qorunmalı, eyni məqsədlərdən çıxış edərək insanlar xilas edilməlidir. Qoşulmama Hərəkatının Nizamnaməsinin təməlində duran çoxtərəflilik və beynəlxalq əməkdaşlıq dəyərlərinin gücləndirilməsi bu həlledici məqamda çox önəmlidir.

Ümumilikdə Zirvə görüşü Azərbaycana və onun liderinə dünyada olan inamın, etibarın və etimadın göstəricisidir. 40-a yaxın ölkənin dövlət və hökumət başçısının, xarici işlər nazirlərinin, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun iştirak etdiyi Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşü bir daha Azərbaycanın beynəlxalq aləmdə artan roluna və mövqeyinə işıq saldı. Yuxarıda da qeyd etdiyimiz kimi, Zirvə görüşünə BMT Baş Assambleyası sədrinin, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun, Afrika İttifaqı Komissiyası sədrinin qatılması, BMT baş katibi cənab Antonio Quterreşin və Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti cənab Cozef Borelin videomüraciət ünvanlamaları, habelə Zirvə görüşünü təşkil etdiyinə və pandemiya ilə mübarizəyə ciddi əməli töhfələr verdiyinə görə dövlətimizin başçısının fəaliyyətinin təqdir olunması, çoxsaylı təşəkkürlərin ünvanlanması ölkəmizin və onun liderinin beynəlxalq arenada yüksək nüfuzunun əyani göstəriciləridir. BMT-nin Baş katibi videomüraciəti zamanı qeyd olunan problemə yeganə cavabın cəsarətli, uzaqgörən və birgə rəhbərlik olduğunu bildirmişdir.

Əvvəldə də qeyd etdiyimiz kimi, ötən il Azərbaycan Prezident İlham Əliyevin sədrliyi ilə Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünə ev sahibliyi etdi. Üzv dövlətlərin yekdil dəstəyi və razılığı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatının sədrliyini Azərbaycan Respublikası öz üzərinə götürdü. Çoxtərəfli diplomatiyanın təşviq edilməsi, Qoşulmama Hərəkatının üzv dövlətləri arasında əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin prioritetlərindən biri kimi müəyyən edilib. 2018-ci ildə “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransına ev sahibliyi edən Azərbaycanda müzakirə olunan məsələlər, dünyaya göndərilən mesajlar bir daha bu həqiqəti ortaya qoymuşdur ki, Azərbaycan daim sülhə, əmin-amanlığa çağırış edən ölkə kimi nüfuzunu artırır, mövqelərini möhkəmləndirir. O da bildirilmişdir ki, bu gün qarışıqlıq, qeyri-müəyyənlik və başqa ölkələrin suverenliyi üçün problemlər yaratmaq istəyən bəzi ölkələrin yürütdükləri siyasət nəticəsində daha da ciddiləşən bir çox çağırışlarla üzləşirik. Bəşəriyyət çox dinamik və mürəkkəb vəziyyətlə üz-üzədir. Çünki bəzi ölkələrin yürütdükləri siyasət getdikcə daha da eqoist və qərəzli olur. Halbuki reallıqda kompleks yanaşma olmalı, eyni zamanda, dialoq və həmrəylik ruhu hökm sürməlidir. Həmin konfransda belə bir çağırış da olunmuşdur ki, bu proses razılaşdırılmış addımlar üçün səmərəli siyasi platforma olan Qoşulmama Hərəkatının strukturunun gücləndirilməsi istiqamətində irəliləməlidir ki, qərarlar beynəlxalq səviyyədə müsbət, sözün əsl mənasında, həqiqi təsir göstərə bilsin. Azərbaycanın Qoşulmama Hərəkatının nisbətən yeni üzvü, bu ailəyə 2011-ci ildə qəbul olunduğunu daim çıxışlarında önə çəkən dövlətimizin başçısı İlham Əliyev ölkəmizin qısa müddətdə təşkilatın və onun üzvlərinin dəstəyini qazandığını bildirir. Cənab İlham Əliyevin “Biz bir-birimizi dəstəkləməliyik. Qarşımızda demək olar ki, oxşar çağırışlar, problemlər dayanır. Keçmişimiz də, müəyyən dərəcədə, oxşardır. Hamımız öz həyatımızı, müstəqil həyat sürməyi arzulayırıq. Biz hamımız istəmirik ki, kimsə bizdən nə etməyi tələb etsin, işlərimizə müdaxilə etsin, bizə diktə etsin. Bunun üçün biz güclü olmalıyıq. Biz yalnız birlikdə olduqda güclü ola bilərik” fikirləri bugünümüzün reallıqlarında bir daha öz təsdiqini tapır. Birlik, həmrəylik fonunda pandemiya ilə mübarizə öz müsbət nəticəsini verəcək. Yuxarıda da qeyd etdiyimiz kimi, hər bir dövlətin mübarizə tədbirləri mövcuddur. Onların qarşılıqlı təhlili, ümumi yanaşmanın ortaya qoyulması əsasında bu bəladan qısa müddətdə xilas olmaq mümkündür.

Qeyd olunanların ümumiləşdirilmiş ifadəsi budur ki, Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Qəbul olunmuş yekun Bəyannamədə də Azərbaycanın birlik, həmrəylik təşəbbüsləri yüksək dəyərləndirilir, bugünümüzün çağırışlarının dəyərləndirilməsi üçün səylərin birləşdirilməsinə böyük ehtiyacın olduğu bildirilir.

Yeganə Əliyeva, “İki sahil”