03 iyun 2019 10:23
1279

Qazanılan hər bir uğur, nailiyyət prinsipial siyasətin nəticəsidir

Azərbaycanda bütün uğurların təməlində xalq-iqtidar birliyi dayanır. Görülən işlərin, əldə edilən nailiyyətlərin yeganə təməli ölkədə ictimai-siyasi sabitlik və bu sabitliyin təminatçısı olan dövlət başçısı Prezident İlham Əliyevdir.  Bütün bunları da həyata keçirmək üçün ən böyük mənbə xalq-iqtidar birliyidir. Məhz həmin o vəhdətin nəticəsində bu işlər görülür.

Bu gün sabitlik, inkişaf və tərəqqi adası olan Azərbaycan məhz ölkə başçısının uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində regionun lider dövlətinə çevrilib. Azərbaycanın təşəbbüsü, əzmi ilə dünyanın enerji təhlükəsizliyinə böyük töhfələr verən regional və qlobal enerji layihələri reallaşdırılıb. Beynəlxalq müstəvidə mövqeyini gündən-günə möhkəmləndirən, regionun lokomotivinə çevrilən Azərbaycan beynəlxalq birliyin əsas tərəfdaşı kimi qlobal təhlükəsizliyin təmin olunmasında vacib rol oynayır.

Azərbaycan sürətlə inkişaf edir. Neftdən əldə edilən gəlirlər qeyri-neft sektorunun inkişafına, insan kapitalına qoyulur. Üç mindən çox məktəb, 600-dən çox tibb ocağının tikilməsi, yeniləşən infrastruktur, sosial layihələrin, vətəndaşların sosial problemlərinin təməlində bizim uğurlu neft siyasətimiz dayanır. Bu gün isə ölkə qarşısında duran əsas vəzifə neft-qaz amilindən asılılığı azaltmaq və qeyri-neft sektorunu inkişaf etdirməkdir. Bu istiqamətdə də önəmli addımlar atılır. Dünya Bankının son hesabatında biznes mühitinə görə Azərbaycan dünya miqyasında 25-ci yerdədir. Yəni bu onu göstərir ki, biz bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atırıq.

Dünya nizamının yenilənməsi ilə müxtəlif bölgələrdə, xüsusilə Yaxın Şərqdə tüğyan edən xaos, anarxiya şəraitində,  beynəlxalq maliyyə-iqtisadi böhranın davam etdiyi bir vaxtda Azərbaycan məhz öz müstəqil siyasəti ilə həmin böhrandan ən az itkilərlə çıxaraq sosial-iqtisadi inkişafını uğurla davam etdirir. Cari  ilin birinci rübündə ümumi daxili məhsulun faiz artımını ayrıca vurğulamaq gərəkdir. Çünki bu, son bir neçə il ərzində ən yüksək göstəricidir və ilin sonuna qədər bu rəqəmin daha da artacağına yüksək inam vardır. İlk üç ayda sənaye istehsalı 4,4 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz, kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri 5,5 faiz artıb. Ölkə iqtisadiyyatına qoyulan sərmayə 2,8 milyard dollar həcmindədir. Müqayisə üçün deyək ki, bu rəqəm Ermənistan və Gürcüstana bir ildə qoyulan sərmayədən 2 dəfə çoxdur.

Bütün bu uğurların səbəbini ölkə başçısı daha dəqiq və sərrast ifadə edir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz Azərbaycan vətəndaşının rifahı üçün əlimizdən gələni edirik”. Belə ki, 2017-ci il prezident seçkilərindən sonra ölkə başçısının imzaladığı ilk Fərman şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı olub. Onun icra edilməsi nəticəsində 12 mindən çox şəhid ailəsinin hər birinə dövlət tərəfindən 11 min manat məbləğində vəsait ayrılıb.

Azərbaycanda minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz artıb. Sosial müavinətlər orta hesabla 2 dəfə artıb. Məcburi köçkünlərə verilən müavinətin artımı 50 faiz təşkil edir. Dövlət başçısı tələbələrin təqaüdünü, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə verilən müavinətləri artırıb. Dövlət başçısı 2019-cu ilin ilk rübündə böyük əhəmiyyəti olan bir proqramı da reallaşdırır. Söhbət problemli kreditlərlə bağlı ölkə başçısının imzaladığı Fərmandan gedir.

Ölkəmiz Avrasiya məkanında xüsusi geosiyasi yeri olan və regional əməkdaşlıqda aparıcı rol oynayan dövlət olaraq beynəlxalq aləmdə öz mövqelərini daha da möhkəmləndirir. Azərbaycanın təşəbbüsü və siyasi iradəsi ilə reallaşdırılan Cənub Qaz Dəhlizi və onun seqmentləri olan TANAP-ın, TAP-ın,  eləcə də Şimal-Cənub, Cənub-Qərb kimi beynəlxalq nəqliyyat dəhlizlərinin icrası uğurla davam etdirilir.

Prezident İlham Əliyev Bakı Sərgi Mərkəzində XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransının, həmçinin IX Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışındakı nitqində bildirdi ki, çağdaş dünyamızda enerji təhlükəsizliyi məsələləri böyük əhəmiyyət daşıyır: “Enerji təhlükəsizliyi məsələləri ölkələrin milli təhlükəsizliyi məsələləridir. Bu baxımdan Azərbaycan tərəfindən reallaşan və bizim təşəbbüsümüzlə həyata keçirilən layihələr həm ölkəmizin, həm də bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Bu gün Azərbaycan nefti və qazı dünya bazarlarına müxtəlif yollarla ixrac edilir. Enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi məsələləri bu gün çox böyük əhəmiyyət daşıyan məsələlərdir. Ölkəmizin bu sahədəki rolu qiymətləndirilir. Azərbaycan bu məsələlərlə bağlı ardıcıl və uğurlu siyasət aparır”.

Azərbaycan müxtəlif xarakterli beynəlxalq tədbirləri və idman yarışlarını ən yüksək səviyyədə keçirməyin də nümunəsini ortaya qoyur.  Mayın 29-da ölkəmizin UEFA Avropa Liqasının final qarşılaşmasına, “Çelsi”-”Arsenal” oyununa ən yüksək səviyyədə ev sahibliyi etməsi bunun əyani sübutudur. Məhz həmin gün Bakı Olimpiya Stadionu möhtəşəm görünüşü, azarkeşlərin yüksək mədəniyyəti, təşkilatçılığın nümunəvi olması ilə yaddaşlara həkk olundu. Azərbaycanın bu mötəbər oyunu yüksək səviyyədə təşkil etməsini bütün dünya gördü.

Əlbəttə, yuxarıda vurğulanan sosial-iqtisadi uğurlarla yanaşı, xarici siyasətdə də nailiyyətlər əldə edilib. Azərbaycan bir neçə beynəlxalq tədbirə ev sahibliyi edib. VII Bakı Qlobal Forumu, Cənub Qaz Dəhlizinin Məşvərət Şurası və OPEC+ ölkələrinin görüşü kimi tədbirlər baş tutub. Bunlarla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi xarici siyasətin prioritet istiqaməti olaraq 2019-cu ilin ilk üç ayında da ölkə rəhbərliyinin diqqət mərkəzində olub. Prezident İlham Əliyevin keçirdiyi görüşlər, apardığı müzakirələr göstərir ki, Azərbaycanın prinsipial mövqeyi ondan ibarətdir ki, bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr əsasında, Helsinki Yekun Aktına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həll olunmalıdır. Başqa yanaşma yoxdur. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq.

Bütün bunlar, qısa müstəqillik illəri ərzində əldə edilən nailiyyətlər bir daha təsdiq edir ki, ölkə başçısının ifadə etdiyi kimi, biz düzgün yoldayıq: “Bugünkü Azərbaycan reallıqları onu göstərir ki, biz düzgün yoldayıq. 1994-cü ildə başlanmış və uğurla davam etdirilən neft-qaz siyasətimiz bu gün Azərbaycanın reallıqlarını şərtləndirən əsas amillərdən biridir. Bu gün Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biridir. Biz regional inkişaf proqramını uğurla icra edirik. Əlbəttə, bundan sonra da çalışmalıyıq ki, büdcəmizi daha çox qeyri-neft sektorunun hesabına təmin edək və buna yaxınlaşırıq. Ancaq onu da bilməliyik ki, neft-qaz sektoru bizim üçün prioritet sektor olaraq qalacaqdır”.

Zahid Rza, “İki sahil”