07 yanvar 2019 14:39
2256

Qazaxıstanda erməni amili - Karaqanda hadisəsi ŞƏRH

Atalarımız yaxşı deyiblər: “Göz gördüyündən qorxar”. Yeni il gecəsi Qazaxıstanın Karaqanda şəhərində baş vermiş xoşagəlməz hadisə istər-istəməz yaxın və uzaq keçmişdəkiləri yada salmağa vadar edir. Bundan başqa, Qazaxıstanla Azərbaycanı çoxsaylı tellər və talelər bağladığından baş verən hadisəyə münasibət bildirmək istədik.

Deməli, Yeni il gecəsi, yəni 2019-cu il yanvarın 1-də “Qədim Roma” restoranında dava-dalaş düşüb. Nəticədə Qazaxıstan vətəndaşı, yerli etnosun 23 yaşlı nümayəndəsi bıçaqlanaraq qətlə yetirilib, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Karaqanda Xüsusi İstintaq Məhkəməsi hadisədə şübhəli bilinən üç nəfəri - Malxasyan Torq Manveloviç, Malxasyan Soxhak Samveloviç və Nadırbekov Kair Xamitoviçin barələrində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar qəbul edib. Dördüncü şübhəli Narek Qururyan isə hadisə yerindən qaçaraq gizlənib, onun barəsində də axtarış elan olunub. 

Bu arada Karaqanda vilayətinin prokuroru Marat Seksembayev hadisənin etnik zəmində baş verdiyi barədə yayılan informasiyaları təkzib edib. Prokurorun adından yayılan bəyanatda vurğulanıb ki, ayrı-ayrı adamlar ölkədə iğtişaş yaratmağa cəhd göstərir. M.Seksembayev xəbərdarlıq edib ki, bu istiqamətdə bilərəkdən fəaliyyət göstərənlər, milli ədavət yaymaq və iğtişaş yaratmaq maddələri üzrə cinayət məsuliyyətinə cəlb olunacaqlar. Yerli polis isə bildirib ki, hadisə ilə bağlı qətl, xuliqanlıq maddələri üzrə cinayət işi açılıb. Bununla belə, yüzlərlə qazaxıstanlı bu cinayətə etiraz olaraq aksiya keçirərək cinayətkarların cəzalandırılmasını tələb ediblər. Sakinlər qətli erməni diasporunun nümayəndələrinin törətdiyini bildirirlər. Vəziyyətin normallaşması və ona Qazaxıstan asayiş keşikçilərinin nəzarət etməsi də yaxşı haldır. Prokurorun bəyanatına əsasən, bunun adi məişət, yaxud etnik münaqişə olmadığına inanmaq istərdik. Ancaq hüquq-mühafizə orqanları hələlik bununla bağlı inandırıcı fakt ortaya qoymayıblar. Bu baxımdan, ölkədəki erməni diasporunun belə arxayın hərəkət etməsi, cinayət törətməsi yaxın və uzaq keçmişə nəzər yetirməyə imkan verir. 

Ona görə də hadisə ilə bağlı bəzi mülahizələri bildirmək istərdik. Belə ehtimal etmək olar ki, bu hadisə Qazaxıstan Prezidenti Elbası Nursultan Nazarbayevə qarşıdır. 2016-cı ilin yayında ölkənin şimalında “Qazaxıstan Azadlıq Ordusu” adlı qrup Nursultan Nazarbayevə qarşı müharibə elan etdiyini bildirmişdi. Həmin il iyunun 5-də axşam saatlarında Aktobedə iki silah mağazası qarət edilmiş və ekstremistlərlə hərbçilər arasında atışma baş vermişdi. “Qazaxıstan Azadlıq Ordusu” adlı təşkilat beynəlxalq kütləvi informasiya vasitələrinə müraciətində Qazaxıstanın qərbində, Aktobe şəhərində baş verən hadisələrə görə məsuliyyəti öz üzərinə götürmüşdü. Həmin etiraz aksiyalarına səbəb olaraq Torpaq Məcəlləsində torpaq sahələrinin 25 il müddətinə xarici vətəndaşlara icarəyə verilməsini nəzərdə tutan düzəlişlər göstərilirdi. 2016-cı il mayın əvvəlində qəbul olunmuş düzəlişdən sonra gözlənilmədən bir sıra iri şəhərlərdə - Aktau, Aktobe, Semeye, Janozene və Kızılordada da etiraz aksiyaları başlamışdı. Sonda prezident düzəlişlərə veto qoymuşdu. Nursultan Nazarbayev həmin hadisələrdən bir neçə gün əvvəl xalqa müraciətində adını çəkmədiyi dairələrə mesaj göndərərək Qazaxıstanda “Ukrayna ssenarisi”nin təkrarlanmasına yönəlmiş cəhdlərin qarşısının ən sərt şəkildə alınacağını söyləmişdi: “Qazaxlar Ukrayna hadisələrini istəmir. Mən bunu bilirəm, qoy hamı eşitsin. Həmin hadisələri burada təkrar etmək istəyənlərə qarşı ən sərt tədbirləri görəcəyik. Sonra xəbərdarlıq etmədiyimi deməyin”. Aktoba vilayətinin eyniadlı mərkəzində keçirilən antiterror əməliyyatı nəticəsində 11 nəfər ölmüş, 10 nəfər xəsarət almış, iki nəfər isə tutulmuşdu. Bu baxımdan, ehtimal etmək olar ki, Elbasının Ermənistanda hakimiyyətə gələn yeni qüvvələrə münasibətinin Rusiya ilə oxşar olması kimlərisə qane etmir. Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi ilə bağlı məsələdə Yerevanın tutduğu mövqeyə qarşı çıxanlardan olub. Nəzərə almaq lazımdır ki, Avrasiya İqtisadi İttifaqında olduğu kimi, hərbi təşkilatda da Qazaxıstanın müstəqil, özünəməxsus mövqeyi var. Odur ki, həmin qüvvələr Elbasından qısas almaq üçün bu yolla ölkədə xaos yaratmağa səy göstərirlər. Bunun üçün dəfələrlə tətbiq edilmiş və iğtişaşların yaranmasına səbəb olmuş hazır “erməni ssenarisi” də var. Ona görə də Karaqanda hadisəsində bu etnosun diasporunun adının hallanması təsadüfi deyil. 

Yeri gəlmişkən, qazaxlar öz milli qürurlarını həmişə müdafiə ediblər. Elə keçmiş SSRİ-də də ilk etiraz aksiyası bu keçmiş sovet respublikasında başlamışdı. 1986-cı ildə Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Mixail Qorbaçovun qərarı ilə Qazaxıstan Kommunist Partiyasının birinci katibi Kunayev istefaya göndərilmiş, yerinə heç bir zaman bu respublikada işləməyən, milliyyətcə qeyri-qazax olan Qennadiy Kolbin təyin edilmişdi. Həmin il qazax gəncləri dekabrın 16-dan 19-dək küçələrə çıxaraq Qorbaçovun qərarına etirazlarını bildirmişdilər. SSRİ rəhbərliyi etirazları yatırmaq üçün Qazaxıstana 50 minlik ordu yeritmişdi. Bəzi məlumatlara əsasən, etirazların yatırılması nəticəsində 150-yə yaxın insan həyatını itirmişdi. 

Əslində, belə mülahizə etmək olar ki, Nursultan Nazarbayevin Azərbaycanla bağlı mövqeyinə görə Qazaxıstanı qarışdırmağa cəhd göstərirlər. Elbası çıxışlarında dəfələrlə Azərbaycan torpaqlarının işğaldan azad edilməsini istəyib. Bu barədə qəti mövqe nümayiş etdirib. Avrasiya İqtisadi İttifaqında Ermənistanla bağlı çıxışlar edib. Ona beynəlxaq səviyyədə tanınan sərhədləri daxilində fəaliyyət göstərməsini istəyib. Ötən il Nursultan Nazarbayev bəyan etmişdi ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Qazaxıstan vasitəçi rol oynaya bilər. Ermənistan parlamentinin o vaxtkı deputatı Tevan Poqosyan bildirmişdi: “Nazarbayev bunun üçün Yerevandan icazə almalıdır. Bu gün Nazarbayevin Azərbaycanla bağlı mövqeyi və Bakıya dəstəyi açıq şəkildə görünür. Buna görə də onun Qarabağ məsələsində vasitəçi olmaq istəyinin Ermənistanda qəbul edilməyəcəyi məlumdur”. Bu arada Ermənistanla Qazaxıstan arasında ticarət dövriyyəsi 2017-ci ildə 8 milyon 985 min 700 dollar olub. Bu da iki dövlətin bir-birinə münasibətinin göstəricisi sayıla bilər.

Yazının əvvəlində də erməni etnik qrupu təmsilçilərinin tarixdə iğtişaşa salmaqda “usta” olduqlarına işarə etmişdik. 1918-ci ildə Rusiya imperiyasının Türküstana yürüşü zamanı onlarla birgə Orta Asiyaya gələn daşnakların yerli əhaliyə amansız divan tutması, Özbəkistanın Fərqanə, Kokand, Xivə şəhərlərində və Buxara əmirliyində baş verən dəhşətli faciələrdə bu etnosun nümayəndələrinin iştirakına dair çoxsaylı tarixi materiallar var. Sovetlər dağılan ərəfədə də erməni etnik qrupunun nümayəndələri milli iğtişaş yaratmışdılar. Azərbaycanın Sumqayıt şəhərində, Özbəkistanın Fərqanə, Qırğız Respublikasının Oş şəhərində baş vermiş bütün iğtişaşlarda onlar aparıcı olublar. Nəhayət, Qazaxıstandakı cinayətin məişət zəminində olduğunu çox istərdik. Ancaq bir cinayətdə erməni diasporunun çoxsaylı nümayəndəsinin iştirakı narahatedicidir. Suriya və İraqın qarışmasında terrorçu İŞİD qruplaşmasının, Əfqanıstanda “Taliban”ın, dünyanın müxtəlif yerlərində törədilmiş terror hadisələrində, o cümlədən 2001-ci il sentyabrın 11-də Nyu-Yorkdakı “göydələnlər”in və Pentaqonun binasının partladılmasında “Əl-Qaidə”nin adı hallanır. Türk dövlətlərində isə bu rolda erməni etnik qrupunun nümayəndələri oynayır. Əslində, bu yazını yazmaqda məqsədimiz həm də ayıq olmaq üçün xəbərdarlıqdır. Çünki atalarımız yaxşı deyiblər: “Başına gələn başmaqçı olar”. Odur ki, 1 nəfərin ölümü və 3 nəfərin xəsarət almasında erməni etnik qrupunun üç üzvünün adının hallanmasını təsadüfi saymaq sadəlövhlük olmazmı?!