02 dekabr 2020 22:41
871

Qələbəmizi el birliyi ilə qazanan xalqımız əl birliyi ilə quruculuq işlərinə başlayır

«Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü. Azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək» söyləyən Prezident İlham Əliyev bütün vətəndaşları bərpa, abadlıq işlərində də səfərbər olmağa çağırır

 

Döyüş meydanında, siyasi müstəvidə qələbə qazanan Azərbaycan xalqı yurdlarına dönəcəyi günü səbirsizliklə gözləyir. Ölkəmizdə genişmiqyasılı quruculuq, abadlıq, yenilənmə, modernləşmə dövrü başlanır. 30 ilə yaxın işğal altında qalan torpaqlarımıza vurulan yaraları sağaltmaq, cana gətirmək, yeni yaşayış məskənləri salmaq üçün inkişaf, tərəqqi dövrünə qədəm qoymuşuq. Ermənistan üzərində qələbəmizi el birliyi ilə qazanan xalqımız artıq əl birliyi ilə çalışmaq əzmindədir. İllərdən bəri yurd həsrəti ilə çırpınan insanlar ata ocaqlarını abadlaşdırmaq üçün tələsir, 44 gün davam edən müharibədə düşmən üzərində tarixi qələbə qazanan Azərbaycan Ordusunun azad etdiyi torpaqlarımızda qələbəmizin ikinci mərhələsi başlanır. Barbarlıqla məşğul olan ermənilərin özlərindən sonra qoyub getdikləri dağıntıları təmizləmək, şəhərlərə yeni görkəm vermək, infrastrukturu bərpa edib, yeniləşdirmək dövrü başlanır. Xain ermənilərin torpaqlarımızı tərk edərkən basdırdıqları minaların təmizlənməsi, təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində işlər davam etdirilir. Hər zaman Azərbaycanın yanında olan, siyasi, mənəvi, hərbi dəstəyini əsirgəməyən Türkiyə bu sahədə qardaş yardımını əsirgəmir. Türkiyədən gəlmiş ərazilərin minalardan təmizlənməsi işində böyük təcrübəyə malik mütəxəssislərlə birgə çalışan ANAMA-nın əməkdaşları əraziləri minalardan təmizləyirlər.

İşğaldan azad olunan torpaqlarımızda barbar ermənilərin törətdikləri ekoloji terrorların, fauna və floraya vurulan zərərlərin aradan qaldırılacağını, su anbarlarının, yolların inşasına diqqətin artırılacağını qeyd edən dövlət başçımız İlham Əliyev quruculuq işlərinin kompleks, planlı şəkildə aparılacağını qeyd edir. İlk növbədə ermənilər tərəfindən yandırılan evlər, məktəblər, sosial obyektlər, yararsız hala salınan elektrik xətləri bərpa olunacaq.

İşğaldan azad olunan Füzuli və Cəbrayıl rayonlarında olarkən gördüyü mənzərədən dəhşətə gələn, abadlıq və quruculuq işlərinin yoldan başlandığını, «Bu gün artıq biz quruculuq işlərinə başlamışıq. Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq bu yerdən- Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir» sözləri ilə bildirən Prezident İlham Əliyev vurğuladı ki, düşmənin yararsız hala saldığı bütün infrastruktur yenisi ilə əvəz olunacaq. Füzuli-Şuşa avtomobil yolu bütünlükdə Qarabağın dirçəlməsinə xidmət edəcək.

Qeyd edək ki, Qarabağın gələcək inkişafını nəzərə almaqla hazırlanan, əsas hissəsi 4 hərəkət zolağından ibarət olan, sonrakı mərhələdə 6 hərəkət istiqaməti kimi istifadə olunacaq Əhmədbəyli- Füzuli-Şuşa avtomobil yolu ərazini əhatə edən 20-dən artıq yaşayış məntəqəsinin sakinlərinə xidmət göstərəcək. Yol infrastrukturunun çəkilişində Türkiyə ilə birgə başqa xarici ölkələrin də iştirakı göstərir ki, yol tikintisinə görə dünyada qabaqcıl yerləri tutan Azərbaycanda bu sahədə daha uğurlu addımlar atılacaq. Bərdədən Xankəndinə dəmir yolunun çəkilişi ilə bölgədəki logistik, nəqliyyat, enerji təhlükəsizliyi məsələləri həllini tapacaq.

Azərbaycanın yol infrastrukturunun yenilənməsində daha böyük əhəmiyyətə malik məsələ illərdən bəri Ermənistanın blokadada saxladığı Naxçıvan Muxtar Respublikasını Azərbaycanın digər rayonları kimi, Türkiyə ilə birləşdirəcək, yükdaşımaların təhlükəsizliyini təmin edəcək dəhlizin açılmasıdır. Rusiya, Azərbaycan prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları Bəyanata salınan bu maddənin tarixi əhəmiyyətini « Bu 9-cu bənd sırf mənim təkidim nəticəsində Bəyanata salınmışdır, çünki uzun illər müzakirə olunan sülh planında belə açıq-aydın müddəa yox idi. Yəni, nəzərə alınırdı ki, bütün kommunikasiyalar açılacaqdır və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən dəhliz haqqında söz getmirdi. Hesab olunurdu ki, bu ümumi ifadə bunu ehtiva edir» söyləyən Prezident İlham Əliyev siyasi iradəsi, qətiyyəti ilə Azərbaycanın gələcəyə hesablanmış uğuruna imza atıb. Bakı-Tbilisi-Qars dəmir yolundan sonra Türkiyəni, Azərbaycanı, Rusiyanı, İranı və istərsə Ermənistanı birləşdirəcək bu dəhliz əməkdaşlıq platforması olacaq.

Quruculuq işləri çərçivəsində dini, tarixi abidələrin bərpasına göstərilən diqqət ölkəmizin tolerantlıq prinsiplərinə sadiqliyini göstərir.  

Hansı dinə, millətə mənsub olmasından asılı olmayarq bütün məbədlər, tarixi dini abidələr əvvəlki görkəminə qaytarılacaq. Tolerant, multikulturalizm dəyərlərinə hörmətlə yanaşan ölkəmizdə dini konfessiyalar arasında heç bir narahatlığın olmadığını, xalqımızın dini dözümlülüyünü ölkəmizdə səfərdə olan Roma Papası Fransisk, Rusiya Provaslav Kilsəsinin patriarxı Kirill yüksək dəyərləndirmişlər.

Kəndlər, şəhərlər bərpa ediləcək. Yerli və xarici mütəxəssislərin birgə fəaliyyəti ilə relyefə uyğun müəyyənləşdirilən planlaşdırma sayəsində şəhərsalma prosesi sürətləndiriləcək. İlk günlərdən işğal etdikləri ərazilərdə əbədi yaşaya bilməyəcəklərini hiss edən ermənilərin bu dağıntıları törətməkdə niyyətləri azərbaycanlıları doğma yurdlarına dönməkdən çəkindirməkdir. Amma tarixən özlərinəməxsus vətənləri, onlarda yurd sevgisi yaradacaq torpaqları olmadığı üçün ata ocağının istisinin doğmalığının hərarətini bilməyən ermənilər bu sahədə də yanıldılar. «Onlar elə hesab edirdilər ki, bu dağıntılardan sonra Azərbaycan əhalisi heç vaxt bura qayıtmayacaq. O məqsədlə buranı dağıdıblar. Amma biz qayıtmışıq. Bax, durmuşuq burada, öz doğma torpağımızda» sözləri ilə qorxaq, alçaq, mənfur erməni faşizminin mahiyyətini dünyaya çatdıran Prezident İlham Əliyev bildirir ki, düşmən üzərində hərbi qələbəmiz, zəfərimiz təkcə ərazi bütövlüyümüzün bərpası deyil. Bu şərlə xeyir qüvvələrinin mübarizəsidir. Azərbaycan xalqı qurub yaradan, məğlub ermənilər isə dağıdıcılıqla məşğul olan yırtıcılardır. Qısa müddətdə şəhərlər də salınacaq, yollar da çəkiləcək, infrastruktur da yeni görkəmdə insanlara xidmət göstərəcək.

İşğal altında saxladıqları torpaqlardan ildə 90 min ton taxıl əldə edən, üzüm bağlarından yararlanan ermənilər artıq bu imkanlarını da itirdilər. Bundan sonra torpaqlar yerli sakinlərin ərzaq təhlükəsizliyinin təminatına xidmət edəcək. «Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü. Azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək» söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi, hərb meydanında, beynəlxalq müstəvidə öz sözünü əməli, cəsarəti, qələbə əzmi ilə bildirən azərbaycanlılar qürurlu, zəngin tarixə, mənəvi zənginliyə malik aborigen xalq olduqlarını ölkəmizdə aparılan bərpa, yenidənqurma işlərində göstərdikləri fəallıqları ilə bildirəcəklər. O zaman qürurla deyəcəklər ki, gəlin, görün, bura cənnətməkan Azərbaycandır!

 

Xuraman İsmayılqızı, «İki sahil»