02 noyabr 2020 18:48
1140

Qələbəyə doğru birgə addımlamalıyıq

COVID-19-la mübarizə hər zaman “Biz birlikdə güclüyük!” çağırışını gündəmdə saxlayır

COVID-19-la mübarizə tədbirlərinin gücləndirilməsi günümüzün əsas tələbi kimi öz aktuallığını qorumaqdadır. Müqayisəli təhlil aparsaq görərik ki, bu gün bütün dünyada  koronavirusla bağlı həyəcan təbili çalınır. Statistikaya diqqət yetirək. Ümumdünya Səhiyyə Təşkilatının  məlumatına görə, dünya üzrə koronavirusa yoluxanların sayı 46 milyondan artıqdır. İlk üç pilləni yenə də ABŞ, Hindistan və Braziliya paylaşır.  Virusun yayılma coğrafiyasının genişləndirilməsi əksər dünya dövlətlərində karantin rejiminin sərtləşdirilməsi ilə müşayiət olunur. Belə ki, noyabr ayının sonuna qədər sərt məhdudiyyət tədbirləri nəzərdə tutulub.

   Dünyada koronavirus infeksiyasının geniş yayıldığı ilk gündən dövlətimizin başçısı  İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə COVID-19 pandemiyasına yoluxmanın  qarşısının alınması üçün vaxtında həyata keçirilən çevik, təxirəsalınmaz və zəruri qabaqlayıcı tədbirlər birinci mərhələni az itki ilə başa vurması ilə nəticələndi.  Təkmil təcrübənin tətbiqi şəraitində ölkədə xüsusi karantin  tədbirlərinin həyata keçirilməsi beynəlxalq səviyyədə də təqdir edildi. Azərbaycan özünütəcridin COVID-19-la mübarizədə əsas şərtlərdən biri olduğunu təsdiqlədi. Sərt karantin rejiminin əsas çağırışı “Evdə qal, sağlam ol!” oldu. Ehtiyac duyulmadığı təqdirdə evdən çıxmamaq, 65 yaşdan yuxarı vətəndaşların evdən çıxmalarına qoyulan qadağalar, onlara sosial xidmətin göstərilməsi, bütün təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması, distant təhsilin həyata keçirilməsi, 5 nəfərdən çox insanın bir yerə toplaşmasına qoyulan qadağalar və sair məhdudiyyət tədbirləri öz müsbət nəticəsini verdi. Belə ki, virusa yoluxma hallarının yüksək rəqəmlərlə ifadə olunması mümkünsüz idi. Hətta yoluxmanın ikirəqəmli ədədlə ifadə olunduğu da diqqətdən yayınmadı. Bu, Azərbaycan dövlətinin insanların sağlamlığına göstərdiyi diqqətin göstəricisi idi. Ölkə Prezidenti  İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bütün müraciətlərində vətəndaş məsuliyyəti ön planda dayanıb.  Bu gün də müharibə şəraitində yaşamağımıza baxmayaraq, ölkəmizdə epidemioloji vəziyyət diqqətdən kənarda qalmır, mövcud duruma uyğun olaraq addımlar atılır.

    Bu günün statistikası daha çox karantin rejiminin sərtləşdirilməsinə  çağırış edir. Artıq noyabrın 2-dən karantin rejiminin müddəti dekabrın 1-dək uzadıldı. Noyabrın 1-nin məlumatına əsasən, virusa yoluxanların sayı 1175 nəfər, sağalanların  sayı 614 nəfər olub. Bu gün aktiv xəstə sayı 11547 nəfərdir. Ölkəmizdə son sutka ərzində 10632, hazırkı dövrədək isə 1363539 test aparılıb.

    Bu gün  harada yaşamasından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının ürəyi əsgərlərimizlədir.  Azərbaycan Ordusu dövlətimizin qətiyyəti, iradəsi sayəsində hər gün xalqımıza qələbə sevincini yaşadır. Birliyimiz, həmrəyliyimiz uğurlarımızın açarı kimi önə çəkilir. Torpaqlarımızın işğaldan azad olunması istiqamətində atılan davamlı addımlar, əsgərlərimizin zəfər yürüşü hər kəsi qürurlandırır. Amma COVID-19-un da  yoxa cıxmadığını unutmamalı, həmrəyliyimizi və məsuliyyətimizi artırmalıyıq. Hər iki cəbhədə qalib olmaq üçün birliyimizin möhkəmləndirilməsi əsas tələbdir.

Əlbəttə,  tətbiq edilmiş xüsusi karantin rejiminin qaydalarına əməl etmək bizim ən ümdə vəzifələrimizdən biridir. Bir müddət əvvəl müsbət dinamika karantin rejiminin yumşaldılmasını şərtləndirdi. Amma ölkə ictimaiyyətinə bu çağırış  edilmişdir ki, müsbət dinamika arxayınçılıq yaratmamalıdır. Unutmamalıyıq ki, kütləvi toplaşmaq hallarına yol vermək olmaz. Maskadan lazımi, tələb olunan şəkildə istifadə olunmalı, sosial məsafə gözlənilməlidir. İctimai nəqliyyatdan istifadə zamanı bütün tələblərə riayət edilməlidir. Mütəxəssislərin vurğuladıqları kimi, payız-qış mövsümündə laqeyd yanaşma xüsusilə təhlükəli vəziyyətə gətirib çıxara bilər.

Bugünkü statistika deyilənlərin real həyatda öz əksini tapması ilə nəticələndi. Son günlər koronavirusa yoluxmuş insanların sayının iki rəqəmlidən yenidən üç, hətta dörd rəqəmliyə qalxması hər birimizin üzərinə böyük məsuliyyət qoymaqla yanaşı, müsbət dinamikanın yaratdığı arxayınlığın hansı fəsadlara yol açdığını nümayiş etdirir.   Vəzifəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs qanun qarşısında eyni məsuliyyətə malikdir. Cənab İlham Əliyevin daim qeyd etdiyi kmi,  heç bir ayrı-seçkiliyə yol verilməməlidir və verilmir. İctimai vəziyyətinə, ictimai statusuna baxmayaraq qanun qarşısında hamı bərabərdir.

Azərbaycan vətəndaşları bilməlidirlər ki, milli birlik və yüksək məsuliyyət karantin dövrünün əsas tələbidir.  Bir məqamı da yaddan çıxarmaq lazım deyil ki,  koronavirusla bağlı statistikadan, virusun fəsadlarından təşvişə düşmək, özünə qapanmaq lazım   deyil, əksinə, daha mübariz olub, birliyimizlə COVID-19-a “yox” deməliyik! Bunun üçün  vətəndaşlardan  özünütəcrid tədbirlərinə hər zaman riayət etmək tələb  olunur. Məsuliyyəti artırmalı  və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərilməlidir. Qələbəyə doğru birgə addımlamalıyıq.

Virusa yoluxma hallarının artım dinamikasının təhlili bu məqama da aydınlıq gətirir ki, insanlar əsasən iş yerlərində,  ictimai nəqliyyatda, kütləvi yerlərdə virusa yoluxurlar. Bu yoluxmanın “qəhrəmanlarına” çevrilməmək üçün sadə bir qaydaya riayət etmək kifayətdir. Tibbi maskanı həyat tərzimiz kimi qəbul edib  istifadə etməklə həm özümüzü, həm də ətrafımızdakı insanları yoluxmadan xilas edə bilərik. Təəssüfdoğuran hal budur ki, çox zaman tibbi maskalar sadəcə görüntü naminə qolları bəzəyir, ciblərdə aylarla saxlanılıb yalnız taxılmasına israr edilməsini gözləyir. Bu yolu tutan vətəndaşlar unudurlar ki, bu, onların öz sağlamlıqları  üçün gərəkdir. Tələb, israr yalnız öz missiyasını yerinə yetirməyə çalışan şəxslərin  bir saniyəlik qayğısı ola bilər.Bu baxımdan hər birimizin gündəlik istifadə etdiyimiz ictimai nəqliyyata  daxil olarkən maskanın taxılması, yaxud nəzərdə tutulan çərçivədə saxlanılması ilə bağlı edilən  çağırış utancvericidir.  Olmazmı ki, marşrutlara tibbi maska ilə daxil olaq, “hörmətli sərnişin, maskanızı taxın” müraciətini eşitməyək, sosial məsafəni öz istəyimizlə qoruyaq?

Təəccübdoğuran digər amil isə koronavirusla mübarizə tədbirlərinin aylardır davam etməsinə, hətta yoluxmanın artmasına  baxmayaraq, bəzi vətəndaşlar hələ də  koronavirus pandemiyasına şübhə ilə yanaşır, özləri, yaxınları, ətrafları üçün ciddi təhlükə yaratmaqda davam edirlər. Koronavirus infeksiyası var, yoluxma artır, virusun insanların sağlamlığında yaratdığı fəsadlar təəssüflər olsun ki, ölüm hallarının da artmasına gətirib çıxarır.

Bu gün də maarifləndirmə tədbirlərinə böyük ehtiyac var. Bunun üçün mətbuatın üzərinə böyük məsuliyyət düşür. Yazılı mətbuatda virusa yoluxmanın yol açdığı fəsadlarla bağlı materialların, elektron KİV-də COVID-19-la mübarizənin tələblərini özündə əks etdirən  videoçarxların təqdimatına böyük zərurət  var. Hər kəs ailəsinin  daimi üzvlərindən olan televiziya ilə ünsiyyət qurarkən hansı kanala müraciət edir etsin cəbhə bölgəsindəki xoş xəbərlərlə, Azərbaycan Ordusunun rəşadəti ilə  yanaşı, koronavirus infeksiyası ilə mübarizənin gücləndirilməsinə çağırışları da gündəlik eşitməli, COVID-19 tamamilə yox olana qədər bu həyat tərzi, günümüzün yeni reallığı kimi qəbul etməlidir.

Hər kəs bilməlidir ki, virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir. Artıq koronavirusun mövcud olub-olmaması müzakirə mövzusu deyil, çünki ətrafdakılar arasında yoluxma halları kifayət qədərdir. Biz nə qədər karantin qaydalarının pozulmasına qarşı barışmaz olsaq, ətrafımızdakı insanların biganəliyinə qarşı mübarizlik nümayiş etdirsək, ümumbəşəri bəlaya qarşı mübarizədə bir o qədər də tez və yaxşı nəticə əldə etməyə müvəffəq ola bilərik. Hər birimiz ölkəmizin bu günü və gələcəyi, ən əsası Azərbaycan Ordusunun qələbə əzmi,  əvvəlki normal həyatımıza qayıdışımız, davamlı inkişafımızı təmin etmək üçün qoruyucu vasitələrdən istifadə etməyənləri qınamalı, belə halların təhlükəli və yolverilməz olduğunu onlara aşılamalıyıq.

Koronavirus təhlükəsi, eyni zamanda,  göstərdi ki,  bəşəriyyəti təhdid edən bəlalara, təhlükələrə ancaq bir, həmrəyliklə qalib gələ bilərik. Azərbaycan dünyaya bu çağırışı etdi: Qlobal problemə qarşı qlobal birlik gərəkdir. COVID-19-la birgə mübarizədəyik!

Yeganə Əliyeva, “İki sahil”